Azərbaycan Cüdo Federasiyası Nazim Hüseynovu təbrik edib
Bu gün Azərbaycan Cüdo Federasiyasında (ACF) olimpiya çempionu, milli komandanın məşqçisi Nazim Hüseynovla görüş olub.
"Report"un məlumatına görə, ACF-in baş katibi Elmar Babanlı təcrübəli mütəxəssisi 50 yaşı tamam olması münasibəti ilə təbrik edib.
Baş katib federasiyanın rəhbərliyi və ölkə cüdo ictimaiyyətinin adından onu təbrik edib, cansağlığı, uzun ömür, Azərbaycan idmanının inkişafında yeni-yeni nailiyyətlər arzulayıb.
Daha sonra ACF-in xüsusi hədiyyəsi yubilyara təqdim edilib. Nazim Hüseynov təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Nazim Hüseynov dünyanın tanınmış cüdoçularından biri olub. O, Barselona Olimpiadasının qalibi olaraq müstəqil Azərbaycanın ilk Olimpiya çempionu kimi tarixə düşüb. Nazim Hüseynov Azərbaycan cüdosunun inkişaf etməsi və dünya miqyasında tanınması istiqamətində mühüm xidmətlər göstərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət