Azərbaycan çaparı Moskvada atçılığın konkur növü üzrə birinci yer tutub
Moskvada keçirilən 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının seçmə mərhələsinin açılış turnirində idmançımız Seyid Musayev 140 santimetr hündürlükdə maneələri dəf edərək birinci yeri tutub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, güclü yağışlarla əlaqədar Polşa milli yığmasının yarışlara qatılmaması ilə əlaqədar digər beş ölkənin təmsilçiləri müxtəlif kateqoriyalarda güclərini sınayıblar.
İyirmi doqquz idmançının iştirak etdiyi yarışlarda ölkəmizi təmsil edən Seyid Musayev “Concorde” ləqəbli at ilə 69,21 saniyə ərzində 11 maneə aşaraq sürət parkurunun ən yaxşısı olub. İkinci yerdə Özbəkistan təmsilçisi Okil Sobirconov, üçüncü yerdə isə Rusiya təmsilçiləri Anna Qromzino və Yekaterina Petroçenkova olub.
Turnirin ən vacib komanda yarışı iyunun 30-da Azərbaycan, Rusiya, Özbəkistan, Polşa, Qırğızıstan və İsrail milli komandalarının iştirakı ilə keçiriləcək. Ölkəmizi bu yarışda Seyid Musayev, Rəşad Səmədov, Kənan Novruzov təmsil edəcəklər. Yüz altmış santimetr hündürlüyə malik maneələrin dəf edilməsi uğrunda yarışlarda qalib gələcək idmançılardan ibarət komandalar Tokio Olimpiya Oyunlarına birbaşa vəsiqə əldə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət