Slimfit
  1. SİYASƏT

Azərbaycan BMT və ATƏT-in baş katiblərinə, Minsk qrupunun həmsədrlərinə müraciət edib

Azərbaycan BMT və ATƏT-in baş katiblərinə, Minsk qrupunun həmsədrlərinə müraciət edib
Sakura

Azərbaycan BMT və ATƏT-in baş katiblərinə, Minsk qrupunun həmsədrlərinə müraciət edib

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

"Report" xəbər verir ki, açıqlamada deyilir: 

"Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-quo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsalar belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. Onlar, beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı.

Azərbaycan Hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirərək, bununla bağlı vaxtında qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı. Azərbaycan Xarici İşlər naziri tərəfindən BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktublarda Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə tarixən yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsi ilə nəticələnən Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasətinin bu ölkə rəhbərliyinin son bəyanatlarında açıq şəkildə etiraf edildiyi vurğulandı və hərbi işğalın doğurduğu beynəlxalq hüquqi məsuliyyət məsələlərinə diqqət yönəldilərək, beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməli və həssas danışıqlar prosesində tarazlığın pozulmasına gətirməməli olduğunu bəyan etdi. ABŞ-ın Azərbaycandakı səfiri Ermənistan Baş nazirinin bəyanatına münasibət bildirərək, şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə uzun illərdir ki, aparılan danışıqların mahiyyətini münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri, ilk növbədə isə BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin təmin edilməsi təşkil edir. Bu isə həmsədr ölkələrin bəyanatlarında, o cümlədən 9 mart 2019-cu il tarixli, dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və bu torpaqlardan didərgin salınmış insanların öz evlərinə təhlükəsiz və ləyaqətlə geri dönüşünün təmin edilməsini nəzərdə tutur.

Azərbaycanın ərazilərini hərbi işğal edərək bu ərazilərdəki yerli azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan Ermənistanın, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmə prinsipinin xeyirxah məqsədlərindən öz işğalçı siyasətini gizlətmək üçün sui istifadə etməsi yolverilməzdir. Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin statusu yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın Dağlıq Qarabağdakı doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.

Məlumdur ki, Ermənistan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, eləcə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə yaxından tanışdır. Həmsədrlərin bəyanatlarında qeyd olunduğu kimi münaqişənin sülh yolu ilə həlli BMT Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, sözdə hər zaman səsləndirdikləri münaqişənin sülh yolu ilə həllinə nəinki xidmət etmir, əksinə münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir.

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır. Buna görə də onun ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcəkdir.

Bununla belə, növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidirlər. Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR