'AVRO-2020': Bakı ən populyar şəhərlər arasında 'Top-5'də
Dünyanın ən böyük otel rezervasiya sistemlərindən "Booking.com" istifadəçilərinin axtarış sorğularına əsasən, "AVRO-2020"nin oyunlarını qəbul edəcək ən populyar şəhərlərin sıralamasını açıqlayıb.
"Report"un məlumatına görə, "Top-5"də qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununu qəbul edəcək Bakı şəhərinin də adı var.
Azərbaycan paytaxtı Sankt-Peterburq, Roma və Kopenhagendən sonra 4-cü sırada qərarlaşıb. "Beşliy"i Dublin şəhəri tamamlayır. Bakı siyahıda Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək London, Amsterdam, Berlin və Bilbao kimi şəhərləri geridə qoyub.
Bundan başqa, "AVRO-2020"nin qrup mərhələsində azarkeşlərin ən çox maraq göstərdiyi oyunların siyahısı da açıqlanıb. İyunun 13-də Bakı Olimpiya Stadionunda oynanılacaq Uels - İsveçrə qarşılaşması reytinqdə 2-ci sıradadır. İlk pillədə isə eyni gündə Kopenhagendə keçiriləcək Danimarka - Finlandiya görüşü yer alıb.
Qeyd edək ki, Uels - İsveçrə oyunundan başqa, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları və 1/4 final mərhələsinin bir qarşılaşması da Azərbaycan paytaxtında təşkil olunacaq.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət