Aviasiya ilə bağlı yeni - Qaydalar
“Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” təsdiq edilib.
“Ens.Az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, müfəttiş heyətinin hazırlığı ilə bağlı təlim proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiq ediləcək. Təlim proqramı hazırlanarkən müfəttişlərin yoxlama həyata keçirəcəkləri sahələrin personalına münasibətdə kvalifikasiyasının yuxarı və ya ən azı eyni həddə saxlanılması ilə bağlı tələblər nəzərə alınmalıdır.
Bundan başqa, hər bir şəxs aviasiya təhlükəsizliyi üzrə müfəttiş kimi səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl “Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”la müəyyən edilmiş ilkin hazırlıq təlimi keçməlidir. İlkin hazırlıq təlimi Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki Aviasiya Konfransı (ECAC), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) və Agentlik tərəfindən tanınmış aviasiya təhlükəsizliyi üzrə digər beynəlxalq və yerli tədris mərkəzləri tərəfindən keçirilir və təlimin yekununda sertifikat təqdim ediləcək.
Həmçinin, aviasiya təhlükəsizliyi üzrə müfəttiş sertifikatı əldə etmiş işçilər müstəqil şəkildə yoxlamalar aparmaq üçün sayı 5-dən az olmayan yoxlamada iştirak etməklə təcrübə keçir. Müfəttişin yoxlamalar zamanı fəaliyyəti yoxlama rəhbəri kimi təyin edilmiş qrup rəhbərinin rəyinə əsasən təcrübənin qiymətləndirilməsini və müfəttişin müstəqil şəkildə vəzifə öhdəliklərinin icrasına icazə verilməsini müəyyən edir.
Təcrübə müsbət qiymətləndirilməzsə, bu Qaydaların 4.3-cü bəndindəki prosedur yenidən həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət