Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - K hərfi

Atalar sözləri - K hərfi
Sakura

Azərbaycan atalar sözləri - K hərfi

  • Kabab qanlı, igid canlı.
  • Kababı köz öldürər, igidi söz.
  • Kamal ata sözü deyil ki, irs ilə övlada keçə.
  • Kamil adam az danışar.
  • Kamil bağban çəkər bağın səfasın.
  • Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan.
  • Kamil insan kəlamından bəlli olar.
  • Kamil ovçu boşuna güllə atmaz.
  • Kar eşitdiyin, kor tutduğun buraxmaz.
  • Kar eşitməz - yaraşdırar, kor görməz - quraşdırar.
  • Kar iki dəfə gülər.
  • Kar iti qurd aparar.
  • Kar könlündəkini anlar.
  • Kar üçün iki dəfə azan verilməz.
  • Karın başına balta vurdular, dedi: bu nə taqqatuqdu.
  • Kasıb at tapanda ot tapmaz, ot tapanda - at.
  • Kasıb çıxarın bilsə, gündəliyə mahud geyər.
  • Kasıb çıraq yandırar, dövlətlinin pulun sayar.
  • Kasıb geyəndə - hardandı, - deyərlər, varlı geyəndə - mübarək.
  • Kasıb itinin adını Gümüş qoyar.
  • Kasıb oğurluğa çıxdı, Ay da bir yandan çıxdı.
  • Kasıb öləndə molla xəstə olar.
  • Kasıba bazarın tulası da hürər.
  • Kasıbı dəvə üstə böv sancar.
  • Kasıbın bir oğlu oldu, o da boynu əyri.
  • Kasıbın danası dövlətlinin tayasına baxar.
  • Kasıbın əlində qoğal gülməli görünər.
  • Kasıbın günü - itin günü.
  • Kasıbın malı başının altında gərək.
  • Kasıbın oğlu olunca dövlətlinin qulu ol.
  • Kasıbın sacı çörəyi qurtaranda qızar.
  • Kasıbın toyunda gecə qısa olar.
  • Keçəl baxar güzgüyə -adın qoyar özgəyə.
  • Keçəl başa taxta daraq?!
  • Keçəl başından qorxar, kor gözlərindən.
  • Keçəl başını yudunmu? - Yudum da, daradım da.
  • Keçəl dərman bilsə, öz başına sürtər.
  • Keçəl düzünü desə də, başına qapaz dəyər.
  • Keçəl gileyləndi ki, daraq bahalanıb.
  • Keçəl halva yeyər, puluna minnət.
  • Keçəl Həsən, Həsən keçəl, nə fərqi?
  • Keçəl qız bacısının saçı ilə öyünər.
  • Keçəl qız bəzənincə toy əldən getdi.
  • Keçəl qız çeşmənin gözündən su içər.
  • Keçəl qızı, saçlı deyib ağlama.
  • Keçəl qızım saçlı deyib ağlar.
  • Keçəl qızın nəyi var? Dəmirdən bir darağı.
  • Keçəl suya getməz.
  • Keçəl var - zığıdı keçəl, keçəl var - noxudu keçəl.
  • Keçəl yaradı, öz başını daradı.
  • Keçələ baxma, bəxtinə bax.
  • Keçələ kosa qənim olsun.
  • Keçəli gün çıxmamış gör.
  • Keçəli Zülfəli çağırarlar.
  • Keçəlin bəxti yaxşı olar.
  • Keçəlin dırnağı olsa, öz başını qaşıyar.
  • Keçəlin papağı düşənəcəndir.
  • Keçəlin tükdən acığı gələr.
  • Keçənə güzəşt deyərlər.
  • Keçər bu dövran, sənə də qalmaz.
  • Keçmişi oxumaq gələcəyi öyrənmək üçündür.
  • Kələk ilə gələn küləklə gedər.
  • Kəsək atana daş atarlar.
  • Kəsək oturub daş üçün gün ağlayır.
  • Kiçik olmayan yerdə böyük də olmaz.
  • Kiminin əvvəli, kiminin axırı.
  • Kimsə kimsənin nəsibin yeməz.
  • Kiş-kiş ilə donuz darıdan çıxmaz.
  • Kişi kişidən qorxmaz, amma utanar.
  • Kişi öz sözünün ağası olar.
  • Kişi seldir, arvad göl.
  • Kişini tez qocaldar axşamdan yatan arvad.
  • Kişinin hörməti öz əlindədir.
  • Kişinin malı göz qabağında gərək.
  • Kişinin sözü bir olar.
  • Kişinin üzünə baxma, sözünə bax.
  • Kor atı minən şahlıq iddiası elər.
  • Kor atı minib köndələn çapır.
  • Kor atın kor da nalbəndi olar.
  • Kor atlanar öz ölkəsini çapar.
  • Kor da bilir balıq şordu.
  • Kor dəyəniyini bir dəfə itirər.
  • Kor əlifə vav deməyib.
  • Kor gözdən yaş ummazlar.
  • Kor gözə sürmənin nə faydası var?
  • Kor gözün sahibinə nə faydası?!
  • Kor ilə çörək yeyəndə Allahı arada gör.
  • Kor kimdir? - Nabələd.
  • Kor kora kor deməsə bağrı çatlar.
  • Kor kora necə baxar, Allah ikisinə də elə baxar.
  • Kor qız toyda donunu tanıdı.
  • Kor leyləyin yuvasını Allah öz əliylə yapar.
  • Kor nə istər? - İki göz! Biri əyri, biri düz.
  • Kor odu ki, düşdüyü quyuya bir də düşə.
  • Kor ölər, adı qalar badamgöz.
  • Kor tutduğun əldən qoymaz.
  • Kor tutduğundan kəsər.
  • Kor ya burda, ya Bağdadda.
  • Kora gecə də, gündüz də birdir.
  • Kora verirsən - mənə ver, şilə verirsən - mənə ver.
  • Korlar ölkəsində çaşlar padşah olar.
  • Könlü yemiş istəyən dolanar tağ başına.
  • Könül bir şüşədir, sındırmaq olmaz.
  • Könüldən könülə yol var.
  • Könülə güc yoxdur.
  • Könülsüz hürən köpək sürüyə qurd gətirər.
  • Köpək köpəyin dayağıdı.
  • Köpəyin duası yerinə yetsə, göydən gündə sümük yağar.
  • Küçə iti ev qorumaz.
  • Küldən təpə olmaz.
  • Külü ocaqdan götür.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR