Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - İnsan qüsurlarının tənqidi

Atalar sözləri - İnsan qüsurlarının tənqidi
Sakura

Azərbaycan atalar sözləri - İnsan qüsurlarının tənqidi

  • Abırlı abırından çəkinər, abırsız nədən çəkinər.
  • Abırsızdan abrını gözlə.
  • Ağa gətirər navala, xanım tökər çuvala.
  • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
  • Ağzına çullu dovşan sığışmır.
  • Ağıl çox - pul yox, ağıl yox - pul çox.
  • Ağıllı olan bir dəfə aldanar.
  • Ağır otur, batman gəl.
  • Adam var ki, adamların naxşıdır,
Adam var ki, dindirməsən yaxşıdır.
  • Adam olmayan yerdə adamdır.
  • Adamın başına nə bəla gəlsə, dilindən gələr.
  • Adı it dəftərində də yoxdur.
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
  • Aza qane olmayan, çoxa çatmaz.
  • Ay doğar gədiyindən,
Utan bir dediyindən.
  • Ayı qandı, abid qanmadı.
  • Al - ver deyiblər, al vermə deməyiblər.
  • Ala itdən məşhurdur.
  • Aldığını verməz, bildiyini deməz.
  • Alim olmaq asandır, adam olmaq çətin...
  • Artıq tamah baş yarar.
  • Arı yeyib, namusu atıb dalına.
  • Bağa qınından çıxdı, qının bəyənmədi.
  • Bazarın bazar, qadam sənə mərdumazar!
  • Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
  • Başını yarıb, ətəyinə qoz tökür.
  • Başından böyük danışma.
  • Başı daşa dəyməyincə ağlı başına gəlməz.
  • Belə otlayan idin, niyə arıq düşdün?
  • Beşdə alacağın yox, üçdə verəcəyin.
  • Bədəsil əsil olmaz, boyunca qızıl qala.
  • Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.
  • Bildiyini babasına da verməz...
  • Bir ac qudurar, bir yalavac.
  • Bir dadanandan qorx, bir qudurandan.
  • Bir versən bir də istər,
Yatmağa yer də istər.
  • Bir qəpiklik qutab kimi özünü ortaya soxma.
  • Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.
  • Bir ziyandan min böhtan doğar.
  • Bir gözü alça dərir, bir gözü gavalı.
  • Bir napakdan qorun, bir də köpəkdən.
  • Bir tikəni bilməyən, min tikəni də bilməz.
  • Birə bir deyiblər, birə iki deməyiblər.
  • Boşdan bir çıxar, bərkdən iki.
  • Boyaqxana küpünü azdırma.
  • Bu uşaqlıq deyil, şıltaqlıqdır.
  • Buğda göstərir, arpa satır.
  • Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
  • Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
  • Burda mənəm, Bağdadda kor xəlifə.
  • Burnun girməyən yerə başını soxma.
  • Bığdan götürüb, saqqala qoyur.
  • Varlılığa tələsən, yoxsulluğa tez düşər.
  • Vəz oxumaq asan işdir, əməl eləyən gərək.
  • Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.
  • Qazan qarası gedər, üz qarası getməz.
  • Qazancını it yeyər, yaxasını bit.
  • Qaydanı pozan peşman olar.
  • Qayınananın gücü qızına çatar.
  • Qamış ola, gomuş ola, görməmiş ola...
  • Qanmaza qoşulanı qanmaz çağırarlar.
  • Qanı qan ilə yumazlar.
  • Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
  • Qapıdan qovursan, bacadan gəlir.
  • Qanmaza hörmət edərsən, deyər: - Məndən qorxur.
  • Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
  • Kifirə sabun, dəliyə öyüd neyləyər.
  • Qarğa özün quş bilir, xaşıl özünü aş.
  • Qarğanı qırğı bilir.
  • Qarnı tox olan, qayğısız olar.
  • Qarın başa bəladır.
  • Qarın qardaşdan irəlidir.
  • Qarın səndən aşağıdır.
  • Qəlb odur ki, qəlbindəkin deməyə...
  • Qorğaya öyrənən çərəzsiz qalmaz.
  • Qonaq bu il burdadır, gələn il də sərasər.
  • Qonağa get deməzlər, altından palazı çəkərlər.
  • Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
  • Qurddur, qoyun dərisinə girib.
  • Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.
  • Dağarçığını çuval yanına qoyur.
  • Dadanan qudurandan pis olar.
  • Dedi - qodu ev yıxar.
  • Demək olmur gözün üstə qaşın var.
  • Dəymişin qoyub, kalın dərir.
  • Dəli qazandı, ağıllı yedi.
  • Dəli qırmızı sevər, gic - sarı.
  • Dəli dəlini görəndə çomağını yan tutar.
  • Dərə xəlvət, tülkü bəy...
  • Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
  • Dilinin bəlasını çəkir.
  • Dilim səni görüm dilim-dilim olasan.
  • Dili dost, qəlbi qara.
  • Dini yeyib, imanını dalına atıb.
  • Diriyə hay verməz, ölüyə pay.
  • Dolunu yeyib, boşa təpik atır.
  • Duzu yeyib, duzqabını sındırır.
  • Dığ-dığ adamı azara salar.
  • Eyibli öz eybini bilsə, başına kilim örtər.
  • Elə bilir yuxa arasında halva var.
  • Elə yerdə otur, altına su çıxmasın.
  • Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
  • Elə elə ki, nə şiş yansın, nə kəbab.
  • Eşşək palçığa bir dəfə batar.
  • Əvvəl arxı tullan, sonra bərəkallah de.
  • Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.
  • Ədəbi kimdən öyrəndin, ədəbsizsən.
  • Əzizim əziz, tərbiyəsi ondan əziz.
  • Əl qatma harama.
  • Əlindən bir iş gəlməyən on danışar.
  • Əsli, nəcabəti olmayana qamçı neylər?
  • Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.
  • Zər ilə olan, zor ilə olmaz.
  • Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
  • İki canbaz bir ipdə oynamaz.
  • İlqarı olmayanın imanı da olmaz.
  • İnsan zülmə tabedir.
  • İnsan olmayan insan qədrin nə bilər!
  • İsti aşa soyuq su qatma.
  • İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.
  • İçdin üzüm suyunu,
Tökdün üzün suyunu.
  • İşini möhkəm tut, qonşunu oğru tutma.
  • Yanan da mən - yaman da mən.
  • Yiyəsinə baxıb atın nallayırlar.
  • Yemə namərd çörəyini, axırda başına vurar.
  • Yükünü yığdı təpəyə, elə arxa çevirdi.
  • Yıxılanı vurmazlar.
  • Yuxarı evə baxıb, aşağı evi yıxma.
  • Kasıblıq eyib deyil, oğurluq eyibdir.
  • Keçi can hayında, qəssab piy hayında.
  • Kiminin əvvəli, kiminin axırı.
  • Kişi sözü üzə deyər.
  • Kişi tüpürdüyünü yalamaz.
  • Kişini tez qocaldar axşamdan yatan arvad.
  • Kişinin özünə baxma, sözünə bax.
  • Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.
  • Kor kor, gör gör.
  • Kor tutduğun buraxmaz.
  • Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
  • Köhnə kəndə təzə nırx qoyur.
  • Quyu var, suyu yox.
  • Külək kimi hərdən bir tərəfə əsmə.
  • Gah nala döyür, gah mıxa.
  • Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
  • Gedər bağlar qorası, qalar üzlər qarası.
  • Gedər bu dövran sənə də qalmaz.
  • Gəlin bəzənincə toy əldən gedər.
  • Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
  • Gəmidə oturub gəmiçi ilə vuruşur.
  • Goru var ki, kəfəni də ola.
  • Gözlərindən qan damır.
  • Gözünü qırpdın, sənin deyil
  • Gündüz gəzər obanı, gecə sancar dabanı.
  • Günü günə satmazlar.
  • Gününü düyünləyib göy əsgiyə.
  • Nəğdi qoyub, nisyə dalınca düşmə.
  • Nadiri taxtda görüb, Süleymanı qundaqda.
  • Nə qanır, nə qandırır.
  • Niyyətin hara, mənzilin ora.
  • Od düşdüyü yeri yandırar.
  • Od ilə oynamaq olmaz.
  • Od olub aləmi yandırır...
  • Oddan kül törər, küldən nə törər?
  • Oynamaq bilmir, deyir: yerim dardır.
  • Onun üzü - dəvənin dizi.
  • Ortada yeyir, qıraqda gəzir.
  • Ot kökü üstə bitər.
  • Oxun atıb, yayın gizlətmə.
  • Öz ağlını özgəyə vermə.
  • Özgə evində koxalıq eləməzlər.
  • Ölüdən də pay istəyir.
  • Ölünün dalınca danışmazlar.
  • Örtülü bazar, dostluğu pozar.
  • Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
  • Pay verdi, dalınca xəbər göndərdi.
  • Paxıl artmaz.
  • Paxıl olmasan dərdin olmaz.
  • Pişiyi bağlayıb süfrə açır.
  • Pul verməz, can verər.
  • Sayanın quluyam, saymayanın ağası.
  • Saman sənin deyil, samanlıq ki, sənindir.
  • Sən ağa, mən ağa, inəkləri kim sağa.
  • Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
  • Sənə vur dedilər, öldür ki, demədilər.
  • Sənin ipinlə quyuya girmək olmaz.
  • Səhər gedər naxıra, axşam gələr axıra.
  • Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
  • Siçandan törəyən kəsəyən olar.
  • Soğan yeməmisən için niyə göynəyir.
  • Su bir yerdə qalanda iylənər.
  • Tazıya deyir tut, dovşana deyir qaç.
  • Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
  • Tutub ucundan, gedir ucuzluğuna.
  • Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.
  • Uman yerdən küsərlər.
  • Hazırın naziri.
  • Hamam suyu ilə özünə dost tutur.
  • Haram malın bərəkəti olmaz.
  • Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver.
  • Hələ quyruğu qapı arasında qalmayıb.
  • Hər işi tutdun, insafı əldən qoyma.
  • Hər kəs nə eləsə, özünə elər.
  • Hayasızdan hayanı saxla.
  • Çanax öz başında sınar.
  • Çatana çatır, çatmayana bir daş atır.
  • Çörəyini özü öz ayağı ilə tapdaladı.
  • Çörək itirən çörək tapmaz.
  • Canavardan qorxan meşəyə girməz.
  • Canavarın nə qocası, nə cavanı.
  • Cəhənnəmə gedən özünə yoldaş axtarar.
  • Cücəni payızda sayarlar.
  • Şadlığına şitlik eləmə.
  • Şaftalı tabağı kimi ortada durma.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR