Slimfit
  1. AZƏRBAYCAN

Atalar sözləri - D hərfi

Atalar sözləri - D hərfi
Sakura

Azərbaycan atalar sözləri - D hərfi

  • Dabbaq sevdiyi dərini yerdən yerə vurar.
  • Dadanan dayanmaz.
  • Dadanandansan, qudurandan?
  • Dadananla quduranı saxlamaq olmaz.
  • Dadanıbsan dolmaya, o da ola, olmaya.
  • Dadımlıqdır, doyumluq deyil.
  • Dadlı söz - can arzusu, dadsız söz - baş ağrısı.
  • Dadmamısan qaz ətini, nə bilirsən ləzzətini?
  • Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin.
  • Dağ ağrı çəkdi, nə doğdu? - Siçan.
  • Dağ başı duman olar.
  • Dağ başına qış gələr, igid başına iş.
  • Dağ başında xırman qurma, sovurarsan, yel aparar.
  • Dağ başından duman əskik olmaz.
  • Dağ bizim, ceyran bizim, ovçu burda nə axtarır.
  • Dağ da olsan dağa daldalan.
  • Dağ dağa arxadır.
  • Dağ dağa qovuşmaz, insan insana qovuşar.
  • Dağ dediyin ucalıqdır, ucalıq.
  • Dağ iti gəldi, bağ itini qovladı.
  • Dağ quşu dağa yaraşar, bağ quşu - bağa!
  • Dağ nə qədər uca olsa, el üstündən yol salar.
  • Dağ ola, duman ola, qırmızı tuman ola, mən olmayım, sən olasan.
  • Dağ səfasız olmaz, gözəl vəfasız.
  • Dağ yeri - duman yeri.
  • Dağ yeriməsə, abdal yeriyər.
  • Dağ yıxılmasa - dərə dolmaz.
  • Dağa desən oğrudur, başını əyər.
  • Dağarcıq çörəyi ilə dolanan dövlət başına ip salmaz.
  • Dağarcıq cuvaldan böyük oldu?!
  • Dağına baxar qar verər, bağına baxar bar verər.
  • Dağlar qarıynan, torpaq varıynan.
  • Dağlar nə qədər uca olsa, üstündən yollar aşar.
  • Dalaşanda barışmağa üz saxla.
  • Daldan atan topuqdan vurar.
  • Dama-dama göl olar, dada-dada heç.
  • Damar-damar, daşı dələr.
  • Damara baxarlar, qan alarlar.
  • Damazlığını yeyən tamarzı qalar.
  • Damçı inadıyla daş dələr.
  • Dana böyüyər, çulu böyüməz.
  • Dana oynar, mıxını bərkidər.
  • Danışana dil vermir, yeriyənə yol.
  • Danışıqlı söz dağlar aşar.
  • Danışmaq dananı qurda verər.
  • Danışmaq qızıl olsa, danışmamaq gümüşdür.
  • Darayı, səni geyər hər ayı!
  • Darğa əmim, daha nə qəmim!
  • Darıya girən donuz payanı özünə qəbul eylər.
  • Daş atan bəlli, baş tutan bəlli.
  • Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa.
  • Daş daşa söykənər - divar olar.
  • Daş düşdüyü yerdə ağır olar.
  • Daş qayaya rast gəlib.
  • Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər.
  • Daşın böyüyü dostdan (yaxından) gəlir.
  • Daşürəkli düşmənin bağrın yarar yumşaqlıq.
  • Dava dağarcıq üstədər.
  • Dava darlıqdan çıxar.
  • Dava ilə yas qarımaz.
  • Dava üçün bir qazı, isbat üçün on şahid.
  • Davaçı qazı isə, ərizəni allaha yaz.
  • Davaçın xan olsa, allah dadına çatsın.
  • Davada ağac aradakına dəyər.
  • Davada halva paylamazlar.
  • Davalı söz baş yarar, doğru söz baş.
  • Davalı yerdə ot bitməz.
  • Davanı göydə axtarırdı, yerdə əlinə düşüb.
  • Davanı iki dəfə salmaq nahaqdır.
  • Davanı qılınc aralar.
  • Davanı qılınc kəsər, sevdanı - pul.
  • Davasını bilməyənə şahid olma.
  • Dayanan su tez iylənər.
  • Dayçanı bir vurarsan, iki sıçrar.
  • Dedilər: Əzrail uşaq paylayır. Dedi: Özününkü özünün olsun, mənimkinə dəyməsin.
  • Dedilər: Molla, aş aparırlar. Dedi: mənə nə! Dedilər: Sizə aparırlar. Dedi: sənə nə!
  • Dəli dəlidən xoşlanar, molla - ölüdən.
  • Dəli dəlini görəndə çomağın belinə qısar.
  • Dəli dəliyə dedi:bunun cavabını de.Dəli dedi: doğrusu , mən də bilmirəm
  • Dəli dəliyə qoşular, dəyənək göydən yağar.
  • Dəli dostun olunca ağıllı düşmənin olsun.
  • Dəli düşünər: Görəsən, mən insanam?!
  • Dəli dövran sürür, ağıllı vaxt gözlər.
  • Dəli ilə dövlətli - ikisi də bildiyin elər.
  • Dəli qız dayısından yaşınar.
  • Dəlicə qızdan dəlicə gəlin olar.
  • Dəlidən doğru xəbər.
  • Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı!
  • Dəlinin eşşəyi də dəli olar.
  • Dəlinin yadına daş salma.
  • Dəliyə dedilər: - Nə üçün dəli olmusan? Dedi: - Ağıllıların dərdini çəkməkdən!
  • Dəliyə dəli kimi cavab verməzlər.
  • Dəliyə dəyənək verməzlər.
  • Dəliyə gündə bayramdır.
  • Dəliyə iş buyur, o sənə ağıl öyrətsin.
  • Dəliyə qanun yoxdur.
  • Dəliyə yazı yoxdur.
  • Dəliyə yer ver, əlinə bel!
  • Dəliyə yüz öyrət, bildiyin elər.
  • Dəmirsiniz, missiniz, hamınız bir cinssiniz.
  • Dəvə yaxını otlar, uzağı gözlər.
  • Dəliyə yüz öyrət, öz bildiyini eylər.
  • Dəmir döyülə - döyülə polad olur.
  • Dəmir qapının taxta qapıya işi düşər.
  • Dəmir nəmdən, insan qəmdən çürüyər.
  • Dəmir sürtüldükcə parıldar.
  • Dəmiri isti-isti döyərlər.
  • Dəmiri kürədən dəmir çıxardar.
  • Dərd adamı dingildədər.
  • Dərd ağladar, eşq söylədər.
  • Dərd çəkənə görədir.
  • Dərd dərd üstündən gələr.
  • Dəyirmanda dənin yox, guya, dən üyüdürsən
  • Dost başa baxar, düşmən ayağa.
  • Dost daşı bərk ağrıdar.
  • Dost dosta tən gərək-tən olmasa gen gərək.
  • Dost dostu dar gündə sınayar.
  • Dost dostun sağlığını istər.
  • Dost gəlişi bayram olar.
  • Dost ilə ye, iç, alış-veriş etmə.
  • Dost yolunda boran olar, qar olar.
  • Dostsuz insan qanadsız quş kimidir.
  • Dostu çox olanın gücü çox olar.
  • Dostun atdığı daş baş yarmaz.
  • Dostun sirrin dost bilər.
  • Dostunu ağladan özü gülməz.
  • Dostunu mənə göstər, deyim sən kimsən.
  • Doşab almışam, bal çıxıb.
  • Dovşan dağda - suyu oçaqda.
  • Dovşan dağdan küsmüş, dağın xəbəri yox.
  • Dovşan feyz alanda kənd qırağında gəzər.
  • Dovşan kiçik, qulağı böyük.
  • Dovşan nə qədər qaçarsa, o qədər də yatar.
  • Dovşan öz yatağında ovlanar.
  • Dovşana deyir, qaç, tazıya deyir, tut.
  • Dovşanı araba ilə tutur.
  • Dovşanı tutunca tazıya "atam" deyərlər.
  • Dovşanın gümanı ayaqlarına gələr.
  • Dövlətdə - dəvə, övladda - nəvə.
  • Dözən döş yeyər.
  • Dul arvad gecə yarısı peşman olar.
  • Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar.
  • Dul arvadı qız adına almazlar.
  • Dul arvadın boğçası qoltuğunda olar.
  • Dul arvadın divarı alçaq olar.
  • Duz - çörək, düz çörək.
  • Dünən öləni dünən basdırdılar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR