Slimfit
  1. AZƏRBAYCAN

Ata, birdən ermənilərə əsir düşsən, özünü öldür...

Ata, birdən ermənilərə əsir düşsən, özünü öldür...
Sakura

Ata, birdən ermənilərə əsir düşsən, özünü öldür...

(Bu gün polkovnik-leytenant Elşən Qarayevin doğum günüdür)

Cavidan  atası ilə oturub  Mübariz İbrahimov haqqında  verilişə baxırdı. Atasını az-az görürdü. Atası evə gələndə onun üçün bayram idi. Sevirdi atasının hərbi paltarlarını, gah ayaqqabılarını geyir, gah papağını başına qoyurdu. İndi də dünyanın ən isti ocağı bildiyi yer olan sinəsinə sığındığı    atasından soruşdu:

--Ata, heç erməni öldürmüsən?                  

-- Oğul biz düşmənlərimizi yox edirik, yollarını kəsir, planlarını göyə sovururuq.

--Ata, birdən ermənilərə əsir düşsən, özünü öldür...

-- Yox oğul, mən düşmənə əsir düşmərəm, arxayın ol...

Oğlu Cavidanla polkovnik –leytenanr Elşən Qarayevin bu söhbəti 2012-ci ildə olmuşdu...

Buraya qədər isə , Zərdab rayonunda doğulub boya-başa çatmış,   rayonundakı 3 saylı  məktəbi bitirdikdən sonra, 1991-ci ildə  Gürcüstan Ali Artileriya Komandirlər Məktəbinə daxil olub, sonra  təhsilini  Bakı Ali Ümumqoşun Komandirlər məktəbində davam etdirmişdi. 1995-ci ildə Müdafiə Nazirliyi tərəfindən “leytenant” rütbəsi ilə 812 saylı hərbi hissə Mühəndis Texniki İstehkam Bölüyünün teknixi tağım komandiri kimi fəaliyyətə başlamışdı.   O gündən sonra  Vətənin  təhlükəsizliyi,  düşmən  tərəfə zərbələr endirilməsi istiqamətində bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.  Hətta günlərin bir günündə Bakının Dəmiryolu vağzalında 5 saylı  Bakı-Moskva qatarında  gizlədilmiş partlayıcı maddənin tapılmasında özünün istehkamçıları ilə birlikdə nail olmuşdular. Onun komandiri olduğu hərbi hissələrdən də hər zaman xoş sorağı gəlirdi. Çünki  əsgər kimi vətənə xidmət edən oğullarımıza doğma oğlu, qardaşı kimi qayğı göstərib, əsgər kimi sərt münasibət qururdu.

2016-cı ilin aprel ayının 1-nə qədər isə  hərbi hissələrdən birinin komandiri idi.  Öz torpaqlarımızda bizim üçün sərhəd quran ermənilərin yenə də  bizə sarı hücum planının olması haqqında aldıqları kəşfiyyat xəbərindən sonra, Azərbaycan Ordusunun hərbi birləşmələri   ermənilərlə həmsərhəd  zonalara yerləşdirilib hücum əmri gözləyirdilər. Həmin  günləri polkovnik –leytenant  Elşən Qarayev belə xatırlayır:

--Əməliyyatda iştirak etmək üçün tapşırıq alan kimi, öz istehkamçı qrupumun üzvlləri ilə ön xəttə gəldik. Qarşımda qoyulan , hərbi hissəyə verilən tapşırıq  düşmənin əks həmləsində bizim qoşunların sağ və maneəsiz keçməsini təmin etmək idi.  döyüş tapşırığını möhkəmlədilməsi üçün 1 gün qabaq ərazidə komandirlərimiz Mais Bərxudarov və Bəkir Orucov  (hazırda general mayor) birlikdə baxış keçirib, döyüş müşavirəsi apardıq.   Polkovnik (hazırda general-mayor)  Mais Bərxudarovun tapşırığı bu oldu: “Mənə Lələtəpəni verin!”.

Biz gecənin qaranlığında  istehkamçılarla birlikdə  ön xətti təmizləyib keçərək, kəşfiyyatçılarımıza və hərbçilərimizə yol açdıq. Arxadan da  hərbçilərimiz gəlirdilər.  Öz işimizin öhdəsindən layiqincə gəldik.   Səhər saat 04.25-də hamı eyni zamanda səngərə çatmışdı. Biz irəli gedəndə bilmirdik ki, “Dayan!” əmri veriləcək. Elə bilirdik ki , artıq Cəbrayıl və Füzuli bizdə qalacaq. Xankəndinə gedəsiydik. Aprelin 2-si günü artıq  25 il bundan qabaq ermənilərdə olan ərazilərimizdə, onların qazdığı səngərlərdə oturmuşdu hərbçilərimiz. Elə bu vaxt həmin  səngərlərdə bayraq ucalatmaq istədik. Bir dəmir  boru tapıb, bayrağımızı  postda  yüksəyə qaldırdıq.  Özümlə gəzdirdiyim bayrağı çıxarıb verdim. Aprelin 2-si günü artıq  BMP-lər üçün səngər qazmağa başladıq.  Gecədən başlayaraq başımızın üstündən mərmilər yağır, ermənilərin PUA-ları uçur,  top atəşləri dayanmırdı. Gözəl bir bahar günündə cəhənnəm atəşləri var idi. Sözün əsil mənasında göydən od-alov yağırdı.

Xəbər gəldi ki,  mayor Elnur Əliyev,  MAXE Ruhin  Qəhrəmanov və  bir gizirimiz də Lələtəpənin altında atılan mərmilərdən həlak olublar. Gündüz saat  4-5 radələri idi.  Komandirimiz Mais Bərxudarovun qanı çox qara idi. Dedi ki, düşmən atır. Biz də onların nəşlərini çıxarda bilmirik. Gözləyək, görək neynirik? Mən təcili yardım maşını ilə həmin koordinatla uçan güllələrin və mərmilərin altında gedib   məntəqəyə çataraq  şəhidlərimizin nəşini gətirdim.  Əsgərə dedim ki, avtomobili sürəndə cığırdan çıxma. Bir də gördüm ki, mina var , cəld xəbər elədim,  maşını asta sür,  sürücü həyəcandan özünü itirərək, maşını cığırdan çıxaranda, minaya düşdük.  Ermənilərin atdığı mərmilərin altında həyəcansız gəzmək mümkün deyildi.  Allaha min şükür ki, nə şəhidlərin nəşinə , nə də bizə heç nə olmadı. Maşının qabağını mina dağıtdı.  Traktor gətirib maşını  qoşdum traktora, özüm  sürüb təhlükəli zonadan  çıxardım. 

Təbii ki,döyüş itkisiz olmur.  Gecə saat 1 radələri idi. Bir də baxdım ki, komandirimiz polkovnik Mais Bərxudarlı  rabitə vasitəsi ilə kiməsə raport verir ,deyir ki, “... Lələtəpənin qabağında BMP-lərimiz qalıb, bir də bir ayağını itirən hərbçimiz Orxan . Onu oradan çıxarmasam, qan aparacaq, şəhid sayımız arta bilər. Mən artıq şəhid vermək istəmirəm”. Bu xəbərdən sonra  istehkamçılardan kimisə göndərməliydi  əraziyə.  Ermənilərin PUA-ları başımızın üstündən uçur.  Oraya özümdən başqa istehkamçını göndərə bilməzdim. Çünki ərazi  minalarla doludur axı.  Etibar etmədim. Əmr vermək, kimisə ora göndərmək böyük məsuliyyətdir. Getmək var, qayıtmaq olmaya da bilər ...

Gecənin qaranlığında, başımızın üstündən güllə, mərmi yağa –yağa yenə   üz tutdum Lələtəpə tərəfə. Bizim dayandığımız yerdən oraya 1500 metrdən artıq məsafə olardı. Özümlə apardığım istehkamçılar və texnika ilə gəlib tapşırılan əraziyə çatdıq.  Buralarda  basdırılan minaların üstündə yaşıl otlar göyərmişdi artıq. Uzun zaman keçdiyində   mina  torpağın altında 45 sm-dən dərində olarsa, aparatlar götürmür, siqnal ötürmür. İstehkamçı birinci bilməlidir ki, harda mina basdırılıb, onu  hiss eləməlidir ki, qarşısındakı mina düşmənindir, ya ki, öz tərəfi basdıran minadır.   Düşmənin ən uğurlu pusqusu minalanmış yollardır. Düşmən  gözləyir ki, buradan geçəcəyik.

Hərbçimiz yaralanmış əraziyə gəlib çatdıq. Onu götürüb təcili yardım maşınına yerləşdirdik.  Maşını göndərdim geri. Belə şəraitdə gecəgörmə cihazları ilə işləyirik.  Nədirsə atılan mərmilər, güllələr gəlib bizdən yan keçirdi.  Ərazidə yolu tanımayan , tapşırığı yerinə yetirib, burada azıb qalan hərbçilərimiz var idi. Onların səsi gələn tərəfə getdim.  Bu şəxsi heyəti BMP-ləri ilə birlikdə başqa  yola çıxardım ki, düşmən ayıq düşməsin.   Bu ərazini kimsəyə etibar edə bilməzdim. Özüm  arxası yola, üzü tanka dayanaraq dal-dala gedərək, gecəgörmə cihazı ilə  onları minasız  yola çıxarırdım. Tankla aramızda 10-15 metr məsafə var idi.   Bu zaman  ayağımın altında həmin o dediyim  45 sm dərinliyindəki minalardan partladı. Bəzən yaşıl ot, göy çəmən də adamı aldadır.  Minaya düşəndə  birinci özümə verdiyim sual bu oldu: “Bəs mən indi Cavidana nə deyəcəm?!”. Özümü itirmədim. Tankdan  düşüb köməyə gəlmək istədilər. “Dayanın ! “ əmrini verdim.   Öz kəmərimi açıb , ayağıma bağladım.  Ağrını hiss etmirdim. Bir az başımda səs var idi.  İnsanın üzərində məsuliyyət olanda, ağrını, təhlükəni  ötürə bilir.  İstehkamçılardan biri mənimlə idi. Elə ayağım yaralı halda yenə , cığır aça-aça irəli gedirdim.  Yarı yolda  yoldaşlar məni  əlimizdəki avtomatlardan və paltarlardan xərək düzəldib ona qoydular. Yolda geniş kanallar var idi.  Tanka  BMP-yə otura bilməzdim. Çünki , həm allahın qarşısında, həm də komandirimin qarşısında bu boyda şəxsi heyəti aparıb sağ-salamat çıxarmaq kimi bir öhdəçiliyim var idi.  Kanalları keçəndə  döyüş əməliyyatından qayıdan hərbçilər düşüb kanala giridilər, mən də onların çiyinlərindən yaralı ayağımla keçirdim.  Mən komandirliyimi unutsaydım, başım ağrıya qarışsaydı, bir qrup döyüşçünü qurban verməliydim.  Yolda bizi gözləyən  hospitalın  təcili yardım maşınına çatanda,  tibb işçiləri  ağrını və qanı kəsmək üçün iynə vurdular.

 Və yalnız bundan sonra əlində  açılmağa hazır saxladığı silahını yerə qoyur, döyüş polkovniki.  Bu silahla özünü qoruyurdu ki,  birdən işdi-şayətdi, düşmənlə üz-üzə gələrsə,  mübarizə aparsın.

... Polkovnik leytenant Elşən Qarayev deyir ki,  minaya düşəndə insanın  bədəninin bütün üzvləri qəfil partlayışdan qorxub donur. Ona görə də bədən şok keçirir , qan da  öz fəaliyyətini nisbətən dayandırır.  Yalnız bədənin keyi açılandan sonra, qan axmağa başlayır və insan  ağrını hiss edir.

Elşən Qarayevi yaxınlıqdakı səhra hospitalına yerləşdirirlər. Çünki düşmən üçün ən gözəl ov rütbəli hərbçidir.  Özünə gələndən sonra isə həkimə deyir ki, onun ayağını elə kəssin ki,  protez geyəndə əgər-əskiyi olmasın. Sonra da əlini cibinə atıb oradan 192 manat pul çıxarır. Və onu hərbçilərə verib deyir ki, gedin 2 qurbanlıq  alıb  birini Lələtəpədə, birini də özünün komandir olduğu hərbi hissədə kəsin. Polkovnik Elşən Qarayev Lələtəpə alınandan sonra ilk qurban kəsən adam kimi də tarixə düşür.

Çünki Tanrı  ona  bir dəstə hərbçini  ən təhlükəli yerdən xilas etmək kimi bir fürsət vermişdi.  Və bir də ki...    
Bir də ki, özünə gələndən sonra , qolundakı saatını görmür. İstehkamçılardan xahiş edir ki, o saat oğlu Cavidanın əmanətidir, mütləq həmin əraziyə gedib saatı gətirsinlər. 

Döyüş polkovniki Elşən Qarayev aprel döyüşlərindəki xatirələrini danışdıqca sinəsi körüklənir, hərdən əllərini ovuşdurur, hətta kəsilmiş ayağının da üstünə aparır. Hiss edirəm ki, o danışdıqca kəsilmiş ayağının yeri ağrayır, ruhu ağrayır.  Və deyir:

-- Siz bilirsinizmi mənim anam indiyə qədər bilmir ki, mənim ayağımın yarısı yoxdur. Mən bunu ona deyib, dərdini artırmamışam.  Bizim vəzifəmiz bu Vətəni qorumaq  və onun uğrunda ölümə getməkdir. 2001-ci ildə  hərbçilərimiz Daşkəsəndə qar uçqununa düşüb, həlak oldular. O zaman uçqundan onların  meyitlərini çıxaranda, dostlardan kimsə narahat olmuşdu ki, qarın altında qalıb öləsəksən. Həmin  dostuma demişdim ki, mən qarda yox, minada öləcəyəm. Amma sizə deyim ki,  o aprel döyüşlərində uçan güllələrin, partlayan mərmilərin heç biri mənə dəymədi. Tanrı məni oraya bu gün yaşayan  oğullarımızı xilas etmək üçün vasitə kimi göndərmişdi.

--Komanidr,  Lələtəpənin alınmasında iştirak edən qəhrəmanlardan birisiniz. Həmin günlər sevinirdinizmi?

-- Biz nəyə sevinməliydik ki, bizim sevincimiz Şuşadadır, İrəvanı alanda sevinib qürur keçirəcəyik. Sadəcə bu qarşıdurmada qalib gəldiyimiz üçün həmin anlar xoşbəxt idik. Bir anın xoşbəxtliyi. İllərin “Ohanyan xətti”-  deyilən bir sərhəd  zonası yerləşdirmişdi  düşmənlərimiz , biz o xətti keçdik.  Lələtəpə ilə kifayətlənməməliyik.  İrəli getməliydik. Hələ sevinmirik ki, nəyə sevinim?! Xankəndinə çatmamışam, nəyə sevinim?! Şuşa bizi gözləyir... Mais  Bərxudarov kimi generalı olan ordu irəliləməlidir.  Mais həmin döyüşdə əsil qəhrəman idi.  Həm döyüş həm sursat, həm ərzaq, həm şəxsi heyyət, həm tankın üstündə... komanda vermək... Hara dönürdmümsə onu görürdüm.

--Yaranız yenə ağrıyırmı?

--Ağrılı bilirsiniz nədir?   Öz torpağımızda deyirik ki, “Düşmənin arxasına keçib, zərbələr endirdik...”—bundan ağrılı bir söz, bir zərbə yoxdur.  Axı o torpağın arxası da, önü də bizimdir. Biz dünyaya, vətəndaşlarımıza bunu öyrətsək, Vətənin necə dəyərli olduğunu hamı biləcək!

Polkovnik-  leytenant Elşən Qarayevin  oğlu Cavidan  diplomatiya  universitetini deyil, Azərbaycan Neft və Sənaye Universitetini seçdi. Hətta bu təhsil ocağında  Aprel döyüşlərində iştirak edənlərlə görüş keçirəndə, komandir,  oğlunun burada təhsil aldığını  kimsəyə bilirməyib.  Fikirləşib ki, birdən atasına görə, oğluna güzəşt edərlər.  Elə buna görə də , Cavidan həmyaşıdları ilə söhbət edəndə onlara deyir ki:

-- Sizə nə var ki, sizin atanızın oğlu olmaq asandır. Çətin mənim işimdir ki, mən Elşənin oğluyam. Məsuliyyətim böyükdür. Mən hər hərəkətim ilə atamın məsuliyyətini çiyinlərimdə gəzdirirəm.

Aida Eyvazlı

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR