Astaralı idmançılar açıq respublika kuboku yarışında 20 medal qazanıblar
Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin, Azərbaycan Pankration, Qreppinq və MMA Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən qarışıq döyüş növləri üzrə klublararası açıq respublika kuboku yarışı başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizin səkkiz şəhər və rayonunu təmsil edən 13 komanda qələbə uğrunda mübarizə aparıb.
Açıq respublika kuboku yarışında Astara (4 komanda), Lənkəran (2 komanda), Bakı (2 komanda), Masallı, Biləsuvar, Abşeron, Sumqayıt və Gəncə şəhər və rayonlarını təmsil edən 130 idmançı iştirak edib.
Komandalar beş yaş kateqoriyası (2009-2011, 2006-2008, 2003-2005, 1978-2000-ci il təvəllüdlər) MMA, taktik və şut-fayt versiyaları üzrə 22 çəki dərəcələrində yarışıblar.
Yarışda astaralı idmançılar yüksək nailiyyətlər əldə edərək ümumilikdə 20 fəxri yerə sahib olublar. Onlardan 8-i birinci, 7-si ikinci, 5-i isə üçüncü yerləri tutublar.
Peşəkar idmançılar arasında astaralı atlet Ülvi Qəmbərov (90 kiloqram) birinci yerə sahib olub.
Yarışın yekun nəticələrinə əsasən “Astara” komandası birinci, “Lənkəran” komandası ikinci və “Masallı” komandası üçüncü yerlərə layiq görülüblər.
Qaliblər Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin diplom və kuboku ilə mükafatlandırılıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət