Dərc edildi: Baxış sayı: 583
Aşıq Valeh - Var
Feyruz, söylə İstambul paşasına,
Qarabağın çox dəyərli adı var.
Dostlar üçün səfalıdır hər yanı,
Düşmən üçün min tufanı, badı var.
Bir yanı Gəncədir, bir yanı Şirvan,
Bir yanı Arazdır, bir yanı Muğan.
Dağları kəklikdir, düzləri ceyran,
Gözəl ləzzəti var, şəkər dadı var.
Bu torpağa kim əl atsa xar olar,
Geniş dünya gözlərinə dar olar.
Günü qara, işi ahüzar olar,
Bu ellərin köməyi var, dadı var.
Ərdəbilli aşıq Mahmud zay oldu,
Məsum Əfəndinin yaşı çay oldu,
Naxçıvanlı Süleymana tay oldu,
Bu mahalda şairlər övladı var.
Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il qabaq molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət