Dərc edildi: Baxış sayı: 606
Aşıq Valeh - Düşmüşəm
Bilin, dostlar, çarəsizdir dərdlərim,
Qəm içində ahü zara düşmüşəm.
Nə müddətdir pünhanlardı məkanım,
Bahar fəsli çovğun, qara düşmüşəm.
Baxtımın günəşi zülmətdə batıb,
Yer salıb torpağın qoynunda yatıb,
Məni nəzərindən irağa atıb,
Kömək yoxdur, yaman dara düşmüşəm.
Bir şeyda bülbüləm, yerim qəfəsdi,
Qəlbimin həmdəmi dərdli nəfəsdi,
Deməyin ki, bu ahü zar əbəsdi,
Alovlu eşqimlə nara düşmüşəm.
Valeh kimdir, dərd əhlinin loğmanı,
Həsrətimi deyin ona pünhanı,
Söyləyə bu dərdin nədi dərmanı,
Fələk salıb başa qara, düşmüşəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət