Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Valeh - Aşıq Valehin Kərbəla səfəri

Aşıq Valeh - Aşıq Valehin Kərbəla səfəri
Sakura

Aşıq Valeh - Aşıq Valehin Kərbəla səfəri

Aşıq Valehin yaradıcılığı Qarabağ xanı İbrahimxəlil xanın dövründə olub. Bəzi mənbələrdən məlum olur ki, Molla Pənah Vaqif ilə şəxsi dostluğu olub. O vaxt Abdal –Gülablının tabeliyi Heydər bəy öləndən sonra oğlu İsgəndər bəydə olub. Həmin vaxt Gülablının din xadimləri Molla Kərim və Molla Nuru adamları İsgəndər bəyin itaətinə çağırardılar. 
Bir gün töycü (vergi) üstündə İsgəndər bəy kənd adamlarına divan tutur. Evlərini qarət eyləyir. Bu vaxt kənd adamları aşıq Valehdən kömək istəyirlər. Aşıq Valeh aşağıdakı şeir – məktubu yazır və xalası oğlu Qənbərdən Molla Pənaha göndərir. 

Molla Pənah, ərzim sənə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil. 
Şadlıq sorağında biçarə xalqım,
Həmdəm olub, yeni ahu-zara, bil.

Həyat bizi nəzərindən atıbdır, 
Talehimiz bilməm harda yatıbdır,
Dərmansız dərdimiz yüzə çatıbdır, 
Olmuşuq biz bir taleyi qara, bil. 

Bahar –yazlı boran illər bizdədir, 
Viran yurdlar, kor mənzillər bizdədir, 
Tərəqqisiz tənəzüllər bizdədir, 
Çatılırıq gündə sönməz nara, bil. 

Qəm satıram nəfə ziyanım qalıb,
Din pozulub, nə də imanım qalıb, 
Nə ümidim, nə də gümanım qalıb, 
Sızıldayır sinəmdə yüz yara, bil. 

Valehəm, bu dərdə varmıdır, çara?
İsgəndər bəy salıb bizi azara! 
Var - dövləti çəkdi, tökdü bazara,
Biz rəyətik belə sitəmkara, bil! 

Valehin məktubunu Molla Pənaha çatdırırlar. Molla Pənah vəziyyəti İbrahim xana çatdırır. İbrahim xan Abdal-Gülablı kəndini İsgəndər bəyin tabeliyindən alır, qardaşı Mehralı bəyin itaətinə verir. Mehralı bəy də bu kəndləri oğlu Məhəmməd Cavanşirə bağışlayır. Məhəmməd Cavanşir hər iki kəndin adamları ilə görüş keçirir və hər iki kəndin adamlarını yeddi il bütün töycüdən azad edir. Bu, camaat üçün bayram olur. Məşədi Mahmudun damında şənlik keçirirlər. Gülablıda Bikar adlı bir nəfər aşıq Valehin söhbətinin azarkeşi olur. Həmişə məclisdə oturarmış, söhbətin şirin yerində bir nəfər xəbər alır ki, aşıq Valeh danışdığın bu sözlər düzdürmü?
O vaxt Valeh sağ əli ilə Bikarın başına vurub, deyərmiş, – bu Bikarın ölmüşünə düz deyirəm. Papaq Bikarın xirtdəyinə yenərmiş. Həmin günü Bikar günüz ikən papağın tüklərinin arasını sarı tikan ilə doldurub, yenə də qabaxda oturmuşumuş. Söhbətin şirin yerində bir nəfər yenə deyir. Aşıq Valeh dediyin sözlər doğrudurmu? Valeh yenə əlini Bikarın başına vurur, tikanlar Valehin əlinə dolur, papaq Valehin əlində qalır. Bikar bayıra çıxır. Valeh əlini ona sarı uzadıb deyir: 

Alı dərəsində Bekar olmasın, 
Tez dağıdın o zalımın yolpasın. 
İndi bilin bu necə insan imiş,
Surəti insan, özü şeytan imiş. 
Desən əgər heyvana oxşar Bekar,
Barxana altında heyvan olar xar. 

Deyər nə zülmdür bizə eylədin,
Oxşarımız bekar deyə söylədin. 
Bir belə də barxana vur dalıma,
Tək məni oxşatma elə zalıma. 
Bir qalacan da sur, o yana apar,
Tək demə ki, heyvana oxşar Bekar. 

Getsən idin burdan Məlikvanın yanına,
Barxananı düşürtdüm eyvanına,
Ordada bir dürənk kəlbi var idi. 
Ağzı yekə, qolları həmsar idi. 
Söyləmiş olsam Bekar oxşar sənə,
Yalını qızardıb soxular mənə. 

Deyər gözüm onun gözündən gözəl,
Deyər özüm onun özündən gözəl. 
Bu şəbehi üstümüzdən atginan,
Yenə onu donquza oxşatginan. 
Donuz deyər: əslinda filzadayıq,
Nuh-Nəbidən bəri bu dünyadayıq. 

Yenə ləvənd oğlu ayı hallıdır,
Ozü ağır, ayağı samballıdır. 
Ayı bilsə gələr donquz yanına. 
Cəmdəyin boyayar qızıl qanına,
Deyər ölərəm mən, ayı olmaram. 

Avara Bikarın tayı olmaram.
İstəyir o bizim adı batıra,
Bədhuyları oxşadarlar qatıra. 
Valeh həcv dedi Bekar adına,
Söz deyənin rəhmət ustadına. 

Aşıq Valeh həcvi qurtarıb söhbətinə davam etmək istəsə də, növbədən kənar minacat səsi eşidilir. Adamlar minacat səsi eşidən kimi məscid başına gedirlər. Valehin söhbəti yarımçıq qalır. Valeh əli sazlı məscid başına sarı getdi.Yolda Qəmbər ilə qabaqlaşır, minacatin nəyə görə verilməsini soruşur. Qənbər deyir: –Molla Kərim ilə Molla Nuru adamları, böyük günah etmsiniz deyə, cəzalandırıblar. Bəhanə edirlər ki, bu gün aşıq söhbətinə qulaq asan adamlar gərək yetmiş rükət namazı qılalar ki, günahları bağışlana. 
İş belə olanda aşıq Valeh əli sazlı məscid başına gedir, namaz pozulur. Molla Kərim Valehi günahı bağışlanılmaz günahkar elan edir və aşıq Valehi dinsiz adlandırır. Mollanın bu qərarını eşidən Valeh məscid başında üzünü cəmaətə tutub, bu sözləri deyir.
                              Mən
Nəzərdən salmayın cəmaət məni,
Həqiqət mülkündə bir baharam mən. 
Nə alim dostuyam, nə də zəmanə,
Mərhəmət soltanlı bir diyaram, mən. 

Bilmək istəsəniz işin düzünü,
Məndə taparsınız haqqın sözünü. 
Lənət yuyar pis mollanın izini,
Xilqət hesabında bir caharam mən. 

Hansı hökm gəlib-insan ağlasın,
Bahar fəsli başa qara bağlasın. 
Fəryad etsin, sinəsini dağlasın,
Hər yuxu mənasın düz yozanam, mən. 

Aşıq Valeh sənətinin bazıdı,
Həqiqət mülkünün bahar, yazıdı,
Bilikdə molladı, həm də qazıdı,
Anlayış süfrəli bir naharam, mən. 

Söz tamama yetir, adamlar Valehə yaxınlaşırlar. Molla sınıqa düşür. Aşıq Valeh bu səfər üzünü Molla Kərimə çevirir və deyir:
Hardadır
Molla Kərim indi səndən soruşum,
Söylə, sənin din-imanın hardadır?
Cəhənnəm əhlisən, yoxsa ki, cənnət?
Bilirsənmi, öz məqamın hardadır?

Kədərgin hansıdı, kinin hansıdır?
Məzhəbin hansıdır, dinin hansıdır?
Ahılsan, cahılsan-sinin hansıdır?
Mətləbin hardadır, kamın hardadır?

Etiqadın İsayadır, Musaya?
Meylin məscidədir, yoxsa kilsaya?
Qiblən müqərrərdir hansı binaya?
Vadiyi-Bərutda damın hardadır?

Aşıq Valeh sənətindən, dönərmi?
Yel əsməklə yanan günəş, sönərmi?
Pəhləvan döyüşdən qaçıb, sinərmi?
Meylin badə çəkir, camın, hardadır?

Söz tamama yetir, molla Kərim deyir: –Aşıq Valeh bu boyda zərafət olmaz ki, sən edirsən. 
Aşıq Valeh deyir: – Molla Kərim, sən məndən İsgəndər bəyin qisasın almaq üçün məni hər yerdə kafər kimi qələmə verməyə çalışırsan, ancaq bu mümkün deyil, yaxşı olar ki, elə bir yer ola orada müsəlman ilə kafər tanına! 
Molla deyir: – Aşıq Valeh çavuş xəbər eləyib ki, Kərbala ziyarətinə zəvvar aparacaq, hazırlaş get ziyarətə. Əgər, ziyarətin qəbul olsa sən düzgün müsəlmansan.
Valeh razılaşır, hazırlaşır ziyarətə getməyə. Səhəri gün zəvvar Abdal – Gülablı kəndinə gəlir. Molla Kərim çavuşu evinə qonaq aparır və ona deyir, mən aşıq Valehi yola gətirmişəm, o da sizinlə ziyarətə gedəcək. Özü də sazın da aparacaq. Ona mane olma. Qoy aparsın, ancaq mənzillərin birində elə etməlisən ki, yatanda Valehin sazı qırılsın. Səhər sazın qırıldığını eşidəndə, sən bütün zəvvarları inandırarsan ki, bu yol saz götürməz, ona görə də saz özü qırılıb. Sonra ziyarətdən qayıdıb gələndə, xəbərini bizim kəndə gətirəndə deməlisən ki, bəs Aşıq Valeh, ağanın hüzurunda diz çökdü, sənətə tövbə etdi. Sən bu dediklərimi edə bilsən böyük səvab etmiş olarsan. 
Beləliklə, Aşıq Valeh ziyarətə gedir. Salam təpəsində mənzil edirlər. Gecə Valehin sazını kimsə qırır. Səhər sazını sınmış görən Valeh bu sözləri deyir:
 
Olsun
Telli sazım, səni məndən eyləyən,
Ömür boyu bu aləmdə xar olsun! 
Gəlməsin baharı, açmasın gülü,
Fəryad etsin, qəlbi ahuzar olsun! 

Kimsəsi olmasın qəlbin dindirə,
Yeddi yerdən başı keçsin kəndirə,
İstəkli balası düşsün təndirə. 
Könül mülkü boran olsun, qar olsun!

Yüz il xəstə yatsın, cismi ölməsin,
Ürəyi şad olub, üzü gülməsin. 
Həkimlər, loğmanlar dərdin bilməsin,
Gözləri kor, qulaqları kar olsun! 

Aşıq Valeh nə bəlaya tuş oldu,
Bahar fəsli çovğun-boran, qış oldu. 
Sərsəm etdi səri, çaşqın huş oldu,
Namərdin nifrəti eldə car olsun! 

Söz tamama yetir, gedirlər ziyarətə. Vaxt olur ki, zəvvar ziyarətdən qayıdır. Abdal-Gülablıya bir mənzil qalmış zəvvarlar dincəlir. Çavuş zəvvarların səlamət gəlməsi xəbərini kəndə çatdırır, xələt yığır və məscid başında elan edir ki, bəs Aşıq Valeh ağanın hüzurunda ömürlük sənətə tövbə etdi. 
İndi xəbəri eşidən Valehin xalası oğlu Qənbərdən aşıq Valehi susdurmaq üçün xeyli söz hazırlayıb, zəvvarın qabağına gedir ki, qəflətən söz atəşinə tuta. Həmin dincəlmək mənzilində Aşıq Valehi qarşılayır və deyir: 

Qənbər
Tapdınmı səadət Valehi devramn?
Gözəl yeri, xoş məqamı gördünmü?
Ziyarət etdini, Nəcəf-Əşrəfi?
Kərbəlayı müəllanı gördünmü?

Valeh deyir: - Qənbər cavabını verəcəm, yenə sözün qurtaracaq, susacaqsan, Alır Valeh, görək nə deyir: 

Valeh
Ey Qənbər qulamı, şahı vilayət. 
Təvavi şiri yəzdana yetişdim. 
Cayihəmə yaranu əzizəm xali. 
Könlümdəki arzumana yetişdim. 

Qənbər
Museyi Kazımi, Məhəmməd Taqi
Həsən Ələsgəri Əliyyən Naqi. 
Sahibbəzzamandır əsrin rövnaqı. 
Ol zinəti, asumanı gördünmü?

Valeh
Ol günkü yetişdik telli salamə. 
Xoş zövq ilə oxundu ziyarətnamə
Tamam zəvvar yetdi mətləbi kamə. 
Xüsusən ki mən divana yetişdim. 
 
Qənbər
Yenə varmı onda xeyməvu xərgah. 
Teşnə ləb əhlibeyt bi Pənah. 
Qan ağlayıb axıdırmı zülcənah. 
Dolanırmı o, meydanı gördünmü?

Valeh
İbtidanı varit olduq Bağdadə. 
Tamam əhli zinub oldu azadə. 
Museyi Kazıma qıldıq iradə. 
Dərgahda lütv ehsana yetişdik. 

Qənbər
Təşnə cigər, hal pərişan, dil kabab. 
Zeynəb həm Səkinə çağırırmı ab?
Edən toy xınasın qan ilə xizab. 
Yadigarı Mücdəbanı gördünmü?

Valeh
Üç gün məsgənimiz oldu Kazımeyn
Sürtdük xaki payə ziyalandı eyn. 
Vacib oldu tövfi Həzrəti Hüseyn. 
Arzu əlindən cana yetişdim. 

Qənbər
Varmı əhlibeytə yavəri Qəmxar. 
Yoxsa o çöllərdə su deyib ağlar. 
Yetimlər pənahı abidi bimar. 
Ol xəsteyi nətavanı gördünmü?

Valeh
Yetişdik Hüseynin dərgahına. 
Səhrayı Kərbala Patcahına. 
Həzrəti Rəsulun busəgahına. 
Xəncər vurulan məkana yetişdik. 

Qənbər
Gördünmü Hüseynin məzlum əstərin?
Abbas Ələmdarın cavan əkbərin?
Həm göyün sütunu, yerin ləngərin?
Ol zivəri Rizvanı gördünmü?
 
Valeh
Gördük bir yanında əsgəri nalan. 
Qızıl qan içində həlqində peykan. 
Əkbəri şahzadə doğranıb şan-şan. 
Zülm olunan o meydana yetişdim. 

Qənbər
Alıbdır əlimdən gərdişi dövran,
Yaş yerinə gözlərimdən axır qan,
Şühəda səfində xakilə yeksan,
O, İbrahimXəlil xanı gördünmü. 

Valeh
Ondan sonra getdik ƏliAbbasa, 
Tamam səhni rövza batıbdır yasa,
Yenə şivən düşdü zükür ünasa,
Yenə şama mən Pərvanə yetişdim. 

Qənbər
Bağlandınmı ali Əliyə ixlas. 
Olan günahını etdin iltimas. 
Tarixi vəfada Birun Əl Qiyas
Bu Qənbəri binəvanı gördünmü?

Qənbərin sözü qurtarır. Valeh sözünü davam edir. 

Valeh
Ol səfi Kərbala yetdi payanə. 
Ondan üz çevirdik Şahimərdanə. 
İlişdik səhrayi Ərəbistanə. 
Təvafi ol İmranə yetişdik. 

Günbədi təladan açıldı bir nur. 
Şöləsi aləmə olundu məşhur
Manəndə əhqəri mühəqqəri şur, 
Dərgahı Süleymana yetişdim. 

Haqqdan ziyarətim olundu sübut,
Düşdüm xaki payə eylədim sicud, 
Günahım əfv etdi qadiri məbud,
Sanasan ədlidən cana yetişdim. 

Onda Kəlbi Əli qoydum namumu,
Şərbəti eşqidən içdim camımı,
Nəcəf əşrəfdən aldım kamımı, 
Həzrəti sahibzəmana yetişdim. 

Onda nəqil eylədi bizə bir mürüd,
Dini mehdixana kəsmə sən ümid,
Yetmiş üçdür tarixində şəhid, 
Belə əsrari pünhana yetişdim. 

Məhəmməd taqidir dilim əzbəri. 
Əliyyən naqidir Həsən Əskəri. 
Kərbəlayi Valeh oldun Heydəri. 
Qətrə idim bir ümmana yetişdim. 

Qənbər yenə istəyinə nail ola bilmədi. Gəldi kəndə, eşitdi ki, Aşıq Valeh sənəti tövbə edib. Qənbər təzədən qeyzə gəldi, üz qoydu Valehin evinə. Bu tərəfdən Molla Kərim xeyli adam ilə üz qoydu Valehgilə sarı. İndi bunlar gəlməkdə olsunlar, Qənbər özünü yetirdi Valehə:

Qənbər
Deyirlər sənəti tövbə etmisən,
Barı ziyarətin qəbul oldumu?
Deyirdin ölüncə eşqim azalmaz,
Ömrünün gülşəni qəfil soldumu?

Valeh
İnsan da şadlığı tövbə edərmi?
Sazsız ziyarət də qəbul olarmı?
Can nə qədər sağdır eşq içindədir!
Baharın qoynunda gül də solarmı?

Qənbər
Söz yaraşmaz bundan belə adına,
Çatan olmaz harayına, dadına, 
Etdiyin tövbəni gətir yadına,
Qaynadı, peymanı axır doldumu?

Valeh
Saz adımla tarixinən qalacaq! 
Əhvalımı ellər xəbər alacaq! 
Yalançıya tövbə qənim olacaq! 
Çaylar tökülməklə ümman olarmı?

Qənbər
Qənbər deyər, duman çıxır sərimdən,
Dəyirman tək oynamışam yerimdən. 
Bu sözü eşitdim molla Kərimdən,
Belə böhtan mollalarda boldumu?

Valeh
Eşq əhliyəm, hər əməli salehəm,
Küskün kəsalətli, oyaq taleyəm. 
İsmim Səfi, özüm Aşıq Valehəm,
Tövbə edən telli sazı çalarmı?

Molla Kərim başının dəstəsiynən gəldi ki, Aşıq Valeh ilə Aşıq Qənbər sinələrində saz qabaq-qabağa durub, deyişirlər. Molla fürsəti fota verməyib, öz dəstəsinin şahidliyi ilə Aşıq Valehdən Şuşa qazısına şikayət yazdı ki, bəs Aşıq Valeh Kərbəla ziyarətində ağanın dərgahında diz çöküb, sənəti ömürlük tövbə edib. İndi də tövbəsini pozub, yenə də aşıqlıq edir. Bəs, qazı ağa, Aşıq Valehi cəzalandırmaq sizin ixtyarınızdadır. 
Bir neçə gündən sonra Şuşa qalasının din xadimi qazı Aşıq Valehi, Molla Kərimi, Molla Nurunu, Molla Səttarı, Kərbəlayı Qurbanı və başqa şahidləri Şuşa qalasına dəvət edir. Aşıq Valeh gecə ikən Qənbəri də götürür Şuşaya gedir. Bəli, bütün lazımı adamları görür (o vaxt Vaqif ilə İbrahimxəlil xan sağ olur), dəvət olunmuş adamlar baş məscidə toplanırlar, ən axırda Aşıq Valeh ilə Aşıq Qənbər gəlir. Qazılar deyir: – Aşıq Valeh, bəlkə sənə söz verməyək. 
Valeh deyir: – Qazı, hansı günahlarıma görə? Qazı deyir, ömrün boyu etdiyin bütün günahlarına görə. 
Valeh deyir: – Qazı, mən doğulandan bəri tutulmuş işləri və indən belə qiyamətə qədər gedəcəyim yolları bir -bir deyəcəm, günah - savabın sən təyin edərsən. 

Valeh
Əsli binadan vəsfimi söyləyim:
Ata bətnindən gəlmişam anaya. 
Ananın bətnində qan olmuş durdum,
Sanasan ki, Qavvas düşdü dəryaya. 

Qırxda iki mələk çəkdi cəfamı,
Biri bürc açdı yazdı səfamı. 
Pərdiyə çəkdilər mənzil binamı,
Sahib oldum o düşdüyüm binaya. 

Əvvəl başlanğıcda bünyad oldu dil,
İki gözlər oldu ona müqabil. 
İki damaq, cigər, bir ürək hasil,
Doqquz gündə tamamlandım əzaya. 

Yerim xilqət oldu, döndüm zindana
Əl-ayaq tərpətdim o yan, bu yana. 
Doqquz ay, doqquz gün oldum nişana,
Allahınan gəldim bu gen dünyaya. 

Yığılıb gəldilər neçə mamalar,
Əynimə verdilər zəri zibalar. 
Yedirtdilər tamı şirin mayalar,
Basıb qucağa, tutdular laylaya. 

O zamn ki, ömür çatdı bir yaşa,
Fərq olmadı tənə ayağa, başa. 
Baxmadım ağaca, kəltənə, daşa-
Səyridim odlara, axmağa çaya. 

İki yaşda oldum yəni qızılgül,
Vüsalım şirindir, küftarım bülbül. 
Hər gedib gələnlə oldub dilbədil,
Onda xoş gəldim mən ata -anaya. 

Üç yaşında oldum vüsalı göyçək,
Dedilər qoysa gər qızılca, çiçək
Nəzir, qurban oldu hasili gerçək-
Ayaq tutdum çıxdım qapı-bacaya. 

Altıda-yeddidə diş təzələdim,
İdrakım var idi hüşkar söylədim. 
Özümdən böyüyə salam eylədim,
Götürüb qoydular məktəbxanaya. 

Səkkizdə-doqquzda qaranı seçdim,
On yaşımda yaxşı-yamanı seçdim. 
On birində quran, kitabı keçdim,
On beşimdə sərim doldu sevdaya. 

On altıda könül istər bir dilbənd,
Cismi şəhdi ola, ləhcəsi bir qənd. 
Özü şux, sözü şux oldu dərdi bənd,
Bənzəyə Yusifə, Ya Züleyxaya. 

İyirmi yaşımda oldum bir oğlan,
Oturub durmağın tamam oldu qan. 
Gəzişim, savaşım misli-pəhləvan,
Bac adım, bac vermədim kimsəyə. 

Elə ki yaşı iyirmibeşə yetirdim,
Mətləb alıb, muradımı bitirdim. 
Cavanlıqdan bir nişanə itirdim,
Axtardım, tapmadım çıxdım əsmaya. 

Otuz yaşda başda sevda qarışdı. 
Biri küsdü, canda cigər alışdı,
Ahıl şüuru cavanlıqla barışdı,
Meyil təzələndi seyrü səfaya. 

Otuz beşdə oğul-uşaq bitirdim,
Qırx yaşımda bir mənzilə yetirdim. 
Qırx beşimdə cavanlığı itirdim,
Gördüm ki, etibar yoxdu fənaya. 

Əllidə eylədim ömrümü yarı,
Ömür bağçasının saraldı barı. 
Səslədim möhnəti, oyatdım zarı,
Şənliyi adladım, keçdim cəfaya. 

Altmışımda Sanbur gədikdən aşdım,
Yetmişimdə Əhli-əyaldan qaçdım. 
Səksənimdə səbrü-taqətdən düşdüm,
Qədd əyildi, pənah gətdim2 əsaya. 

Doxsanımda oldum susuz asiya,
Gözlərimin suyu döndü lasiya. 
Yeməyi qoyuldu fincan, kasıya,
Dedilər bax, o dəngəsar qocaya. 

Yüz yaşımda oldum piri natəvan,
Gələnlə gedənlə, qonşuyla yaman. 
Könlümdə ahüzar, çeşmində düman,
İstədim fənadan köçəm uqbay. 

Üç günə, beş günə ağrıdı başım,
Toplandı yanıma qohum-qardaşım. 
Kəsildi taqətim, dağıldı huşum,
Getdim yol ilə axirət dünyaya. 

Soldan gəldi hazır oldu bir cəllad,
Dedim sən allah əl saxla bir saat. 
Çaldı cəngəlini, oldum bitaqət,
Çaxnaşıd bədənim, düşdü lərzaya. 

Çaldı cəngəlini, saldı əzaya,
Aman vermədi vəsiyyət tövbəya. 
Aldı ruhumi çəkdi səmaya,
Cəfa çəkdim, ömür verdim fənaya. 

El yığıldı ağladılar bir zaman,
Mürdəşirlər gəlib vermədi aman. 
Kəsildi köməyim, qalmadı güman,
Götürdülər cəsədimi havaya. 

Qüslümü verdilər, pak oldu bədən,
Təni-üryanıma tutdular kəfən. 
Qaralar altında görünmədi tən,
Qədəm qoydular mənzili-məvaya. 1

Molla, üləmalar namaza durdu,
Səflər çərgələnib nizami qurdu. 
Beş təkbir tam oldu, kütahı vurdu,
Qoydulapr cismimi mənzili-uqbaya. 

Məni qəbir içinə qoydular əffak,
Qohumdan-evladdan qalmadı soraq. 
Qapandı gözlərim, tutuldu qulaq,
Saldılar cismimi yeni cəzaya. 

Hər kəs öz məqamını eylədi yad,
Dünya cifəsindən yanımda bir dad. 
Əməlimdən qeyri qalmadı heç zad,
Qaldı bir nicat əməli şəfaya. 

İnkir-minkir gəldi əlində təbər,
Rəbbibi kist deyə aldılar xəbər. 
Nitqim batdı, dilim tutmadı əzbər,
Şəfa üçün üz çevurdim mövlaya. 

Çağırdım: Ya həqq halali-müşgül,
Ürək qüvvə tapdı, güçad oldu dil. 
Cavabım suala oldu müqabil,
Səs gəldi: dəyməyin həqqi-bəndaya. 

Neçə min il qəbirdə tutduq qərar,
Qurtardı kanında canlı hər nə var
Qiyamət olmağa çəkdik intizar,
Uzaq, yaxın bəlli olmadı kimsaya. 

Bir gün əmr oldu, İsrəfil çaldı sur1!
Xəbərdar eylədi: ey əhlü qubur2,
Matəm bəazi Allah vərd əd mənsur-
Titrədi əzalar, baxcaq bu haya. 

Məqribdən məşqirə toplandı bamə3
Düzəldi çərgəıər, yollandı şamə. 
Hər kəsin əməli əlində namə,
Ta fərq olmadı soltanla gədaya. 

Şuri-şuru ilə təbil vuruldu,
Həqq buyurdu, axır mizan quruldu. 
Suallar verildi, cavab soruldu:
Bəndəlik kim edib böyük xudaya. 

Gün təpədən yağdı, yer döndü oda,
Nə qohum, nə qoonşu düşmədi yada. 
Oğul atadan, qız anadan düşdü cida. 
Şuri-şurur səsi çıxdı əsmaya. 

Üləmalar oldu böyük günahkar,
Mərhəmət söylədi Cəlili Cabbar,
Rəhmini kəsmədi qadiri-Qəffar,
Şəfa qaldı o vahidi xudaya. 

Haqdı əməlimiz, deyildi saleh,
Düzlük marağına işlədi taleh. 
Bir neçə həmdəmlə şikəstə Valeh,
Məskən saldı o cənnəti məvaya. 

Söz tamama yetdi, bütün eşidənlər heyrətdə qaldılar. 
Qazı dedi: – Molla Kərim bu kəlamları dərk edən şəxs ən müqəddəs mömündür. Görünür sən şəriəti düz anlaya bilmirsən. Bu gündən mollalığını qadağan edirəm. Aşıq Valeh, sənə səadət arzulayıram. 
İşi belə görən Aşıq Valeh dedi: – Qazı ağa, icazə ver bu mollalara bir neçə söz deyim, qazı icazə verdi. Aldı Valeh bu sözləri dedi:

Mollalar
Sizi, sahib kim edibdir,
Söylən cahana mollalar?
Özünüzdən şübhələnib,
Düşmən gümana mollalar. 

Xeyir işi şərə çəkib,
Yozman ziyana mollalar.
Cəhənnəm ki, haram deyil,
Eşqə uyana molalar?

Günah, savab nə olduğun,
Artıq biz də anlayırıq. 
Nə bircə qəlbə dəyib,
Nə kimsəni danlayırıq. 
Nə beçə tək qaqqıldarıq,
Nə xoruz tək banlayarıq. 
Nə varlıya baş əyərik,
Nə kimsəni yanlayırıq. 
İnsaf edin, əl atmayın
Dinə, Qurana, Mollalar!

Kərbəlayı olmaq üçün, 
Necə düşman çıxım, saza?!
Sevdalı şeyda bülbüləm,
Könül müştaq olub yaza. 
Ehtiyacım yoxdur mənim
Nə oruca, nə namaza,
İki mələk müqərrərdi,
Hər əməli görə, yaza,
Kənd içində sərsəm edib
Olman divana, mollalar! 

Necə hacı, Kərbəlayı
Saqqalına həna qoyur;
Girvənkədə bir çətvəri
Oğurlayır, yana qoyur. 
Bir yetimdən mal alanda 
İnək adın dana qoyur;
Yalan satır müştəriyə,
 Kürək adın şana qoyur. 
Qəpik üçün and içirlər,
Ayə, Qurana mollalar!

Aşıq Valeh bu sənətlə
Məşhur oub, ucalıbdır. 
Hər ümmana qəvvas olub, 
Təbiətdən tac alıbdır. 
Neçə deyiş meydanında 
Ustadlardan bac alıbdır. 
Könül eşqə gəl -gəl deyir,
Deməyin ki, qocalıbdır. 
Bir də mənə kafər demən,
Gəlin imana, mollalar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR