Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Şenlik - Aşıq Şenliyin Güllübulaq səfəri

Aşıq Şenlik - Aşıq Şenliyin Güllübulaq səfəri
Sakura

Aşıq Şenlik - Aşıq Şenliyin Güllübulaq səfəri

Bir gün Ağbabanın Güllübulaq kəndində varlı bəylərdən birinin toyu idi. Toya Aşıq Şenliyi də dəvat etmişdilər. Amma toyu Güllübulaq kəndinin dilli-dilavər cavanı Nəsib aparırdı.
Nəsibin ustadı Göləli İbrahim öləndən sonra onun işləri yarımçıq qalmışdı, odur ki, o hələlik aşıq adına layıq göülməmişdi. Amma bu məclisə Xırtızdan, Sağamoydan, Qarzaxdan, Çıldırdan, Qarsdan və Gümrüdən bəylər, ağalar gəlmişdilər.Belə bir ağır məclisdə Nəsibin saz götürməsi Çaldan gələn Aşıq Mamoşa təsir etmişdi. Odur ki, Aşıq Mamoşu sakitləşdirmək üçün Pirəli adlı birisi Nəsibin haqq aşığı olduğunu söylədi.
Amma Aşıq Şenlik saz əlində məclisdə o başa, bu başa gedib dövran etdiyindən hər ikisi sakitləşdi. Beləcə bir xeylax vaxt keçdi, amma Mamoş Aşıq Şenlik çay içməyə əyləşəndə ona tərəf gəlib dedi:
-Usta Şenlik səndən bir xahişim var, amma gərək yerə salmayasan.
-Buyur, buyur:
-Səninlə gizli işim yoxdu. Bu məclisdə Pirəliynən sözüm oldu, o elə dedi, mən belə.
-Kişi sözünü aşıq de,
-Bilmirəm Nəsibi eşitmisənmi. Deyirlər o haqq aşığıdı. Deyirəm icazə versən Nəsib çıxsın meydana, həmdəki Pirəlinin Malaş adlı atına bir tərif desin.
-Aşıq Şenlik:- Çox yaxşı, Nəsib kimdi burdadırmı, bir qabağa gəlsin.
Nəsib camaatın içərisindən çıxıb qabağa gəldı və ədəb ərkanla Aşıq Şenliyi salamladı.Şenlik onu görəndə qanı qaynadı, amma özünü o yerə qoymadı, işin axırını gözlədi.
-Aşıq Şenlik: Cavan oğlan qorxma, sazını götür gir meydana aşıqlığın isbat olsun.
Nəsib sazı sinəsinə basıb üzünü tutdu Mamoşa, görək burda nə dedi. Biz deyək sizlərin də canı sağ olsun.

Dad eyləyir şir arvadın əlindən,
Baş yarılıb, üz cırılıb, nə deyim.
Əyal olan təpik atır ərinə,
Qədd əyilib, bel qırılıb, nə deyim.
 
Əzəl gündən bu ər olan küt olub,
Arvad zalım, kişi ölü pit olub,
Qocaldıqca arvad dönüb it olub,
Ney kürlənif, kef duruluf, nə deyim.
 
Mən Nəsibəm yalan gəlməz dilimə,
Düz söylərəm lap getsəm də ölümə,
Yazıx kişi dözür dərdə, zülümə,
Yoldan gəlif bərk yoruluf, nə deyim.

Soz tamama yetdi, amma camaatın içərisinə bir gülüşmə düşdü gəl görəsən. Pirəli irəli çıxıb dilləndi: Bir Pirəlinin atı Malaşada tərif de.
Nəsib sazı yenidən sinəsinə basdı, görək burda nə dedi.

Yerişdə eşşəkdi, yoxdu surəti,
İştahası yaman çoxdu Malaşın.
Yazıx sahibini yollarda qoyur,
At kimi hünəri yoxdu Malaşın.
 
Yoxuşda tərpənməz, getməz irəli,
Sel – su görəndə gözü pərəlir,
Arpa verən kimi sanki dirilir,
İnanmakı qarnı toxdu Malaşın.
 
Domuşa-domuşa gəzir dolanır,
Ha yesə-işsə də ürək bulanır,
Nəsif tək Pirəli oda qalanır,
Dedim tərifini, baxdı Malaşın.

Söz tamama yetən kimi Pirəli Nəsibin alnından öpdü.
Aşıq Şenlik Nəsibi daha da yaxından öyrənmək üçün dedi:
-Nəsib, bir özün haqqında da bir şey de, görüm kimsən, nəçisən.
Nəsib sazı birdə sinəsinə basdı, amma Nəsibin çalıb-çağırması Şenliyin xoşuna gəlmişdi. Hə görək Nəsib ustad qarşısında nə dedi.

Ustadım öldü, yenə qaldım ortada,
Yarımçıxdan aşıx olmaz neyləyim,
Şəyirtdiyə kimə gedim bilmirəm,
Hər yetişən sözüm almaz neyləyim.
 
Sinəm dolu, nəbalədəm yollara,
Mən naşıyam dərdə, qeyri-qallara,
Tanrı özü kömək olsun qullara,
Kimsə məni yada salmaz neyləyim.
 
Qəza vurdu yetim qaldım atadan,
Könül evim qurtararmı xatadan.
Xəbərim var Ərginədən, Otadan,
Yazıx Nəsib belə qlmaz, neyləyim.

Söz tamama yetən kimi Şennik üzünü Nəsibə tutub dedi:
-A bala mənim çox xoşuma gəldin........ Gəlsənə bir elə burada yüngülvari deyişək.
-Mən razı.
-Onda qabaxcaq mən başlayıram.
-Buyur,usda
Görək bu məclisdə Aşıx Şenlik nə dedi.

Aldı Aşıx Şenlik:

-Dərdin nədi, oğul, bala,
Eşqin ataşı səndədi.
Aparıflar üzüyünü,
Üzüyün qaşı səndədi.
 
Aldı Nəsib:

Qədərim pis, özüm xəstə,
Təbibim bulunmur mənim.
Yar-yaımçıx qalmışam mən,
Qaydıma qalınmır mənim.
 
Aldı Aşıx Şenlik:

Allahın tutuf bəlası,
Kimin var yerdə qalası,
Bir gözəlin ah- nalası,
Gözünün yaşı səndədi.
 
Aldı Nəsib:

Ürəyim yaralı qalıf,
Allahım verdiyin alıf,
Qonçə gülü əğyar çalıf,
Qisasım alınmır mənim.
 
Aldı Aşıx Şenlik:

Şennih səni çox bəyəndi,
Yerindədi misra-bəndin,
Bir dünya görənsən kəndin,
Sözlərin başı səndədi.
 
Aldı Nəsib:

Ustadım Göləli İbraham,
Fəryadam, naləyəm, aham.
Nəsivəm əlində yaxam,
Düyünüm çalınmır mənim.

Söz tamama yetdi,amma Aşıx Şenlik üzünü Nəsivə tutub dedi:
-Sən əyləş, oğul amma mənim sənə bir iki sözüm var.

Ağbab-Qars və Çıldır aşıq məktəbini banısı Aşıq Şenlik baba görək burada nə dedi.

Dərd eyləmə cavan oğlan,
Ər gələn haqqdan gələr,
Günlər ötər bircə-bircə
Qaradan-ağdan gələr.
Qovun-qarpız bostandadı,
Meyvələr bağdan gələr,
İsti-xəfə aran yerdən,
Sərinlik dağdan gələr.
 
Yetimliyin ayıf deyil,
Qəlbin olsun çox geniş.
Ərin yolu yoxuş olar,
Orda çox olmaz eniş:
Yüz kərə qəmə batarsan,
Şad olarsan bir dönüş,
Sözün safı ən lətifi
Ürəyi sağdan gələr.
 
Quı Şenliyim düz söyləyir,
Həqiqəti düz deyir,
Haqqı sevər, aqilləri
Tərif edər, yüz deyər.
Yaxşı olar axrın sənin,
Tanrı: “bəndəm döz” deyər,
Yol açılar, sədan sənin,
Soldan həm sağdan gələr.

Bəli, söz tamama yetdi. Aşıx Şenlik elə o gündən Nəsivi şəyirtdiyə götürdü. Məclis başa çatandan sonra Aşıx Şenlik Nəsivi götürüb Çıldıra tərəf yola düşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR