Dərc edildi: Baxış sayı: 545
Aşıq Abdulla - Gül, cahan
Səhər-səhər qəfil çıxdın qarşıma,
Sandım sənsən bağçalarda gül, Cahan,
Kəklik kimi sən qəhqəhə çalanda,
Xoşa gəlir o səndəki dil, Cahan.
Fatmanın gözləri, Zöhrənin qaşı,
Vurubdur sinəmə yanar atəşi,
Leylinin vədəsi, çeşmənin başı,
Məcnun tək gözlərəm mən də il, Cahan.
Canım qoydum yar yolunda sadağa,
Bal bulaşıb dilə, dişə, dodağa,
Gəl köçək, gəl köçək sərin yaylağa,
Sənə qurban olsun bizim el, Cahan.
Bahar olcaq enək gedək bağlara,
Sağ gəzəni sağ yetirər çağlara,
Mən çoxdan heyranam sən tək ağlara,
Ağ qabağda əsər sonra tel, Cahan.
Abdullayam, eşg oduna qalannam,
Malım tökər, dost yolunda talannam,
İzin versən mən kölgəndə dolannam,
İl uzunu ollam sənə qul, Cahan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət