Dərc edildi: Baxış sayı: 564
Aşıq Abdulla - Bəllidir
Sallana-sallana gələn salatın,
Kəklik kimi yerişindən bəllidir,
Yel atdı rübəndin göründü üzü,
Canım alan baxışından bəllidir.
Sinən bənzər Savalanın qarına,
Dəyişməm dünyanın külli varına,
Yumruluqda oxşar Kürdaş narına,
Dik məmələr, duruşundan bəllidir.
Həsrətini çəkir Hələb, Bağdad, Çin,
Camalı bir günəş, özü göyərçin,
Ağ üzündə siyah zülfü çinbəçin,
Tərlan ovun alışından bəllidir.
O görünən zənahdanda nə haldi?
Qaşların qarası canımı aldı,
Öldürsən də qanım sənə halaldı,
Müjganların vuruşundan bəllidir.
Abdullanın ağlın sən aldın əldən,
Siyah tel içinə cumubdu gərdən,
Var ilahım, özün saxla nəzərdən,
Bir ay doğub, doğuşundan bəllidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət