Dərc edildi: Baxış sayı: 709
Aşıq Abbas Tufarqanlı - İnciməsin
Qədəm qoyub yar bağına gələndə
Elə gəl, elə get, yol inciməsin.
Şəkər ləblərindən mənə busə ver,
Dodaq tərpənməsin, dil inciməsin.
Bülbül fəğan eylər gül həvəsinnən,
Qoşa nar asılıb yar sinəsindən.
Elə gəl, elə get, bağ bərəsindən,
Bülbüllər hürküşüb, gül inciməsin.
Göylərdə oynayar şəms ilə qəmər,
Sevgi sevgisinin ləbindən əmər.
Belinə qurşanıb minadan kəmər,
Elə qurşagıynan bel inciməsin.
Abbas deyir, ağlıyanlar güləndə,
Nazlı dilbər sorub halım biləndə,
Mərhəmət eyləyib bizə gələndə,
Elə gəl, elə get, yol inciməsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət