Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Uzaqdan görünən dağlar

Araz Yaquboğlu - Uzaqdan görünən dağlar
Sakura

Araz Yaquboğlu - Uzaqdan görünən dağlar

Ölüm köhnə bir şeydir, amma hər insana yeni görünür.
                                      İ.S.Turgenev

Hər hikməti qərinələrə yoldaş olan müdrik babalarımız böyük insanları həmişə dağa bənzədiblər. Dağın əzəmətini simvolik olaraq ölçü vahidinə çevirərək, bir bənzətmə də deyiblər: "Dağlar uzaqdan əzəmətli görünür". Doğurdanmı dağlar uzaqdan əzəmətli görünür? Sözsüz ki, babaların bu aydın, dürüst müşahidə təsəvvürünə "bəli" deməkdən başqa qeyri söz yoxdur. Çünki dağa yaxınlaşdıqca əzəmətini itirimiş kimi möhtəşəmliyi də azalır sanki!.. Bunu hər gün həyatımızın bir parçasına çevrilən böyüklüyünü sadəliyində "gizlədən" görkəmli elm xadimlərinə, şair və yazıçılara, incəsənət xadimlərinə, xalqa arxa-dayaq olan Qorqud misallı el ağsaqqallarına da şamil etmək olar.
Həmişə elimizə, obamıza şərəf və şöhrət gətirən insanların itkisini böyük ağrı ilə qarşılamışıq. Çox keçməyib ki, onların yeri görünüb həmişə. Hikmətli söhbətlərini, əmiranə səslərini eşitmək üçün burnumuzun ucu göynəyib. Sonda amansız əcəlin qərarı ilə barışmaqdan özgə heç bir çarəmiz qalmayıb. Kim gedənləri qaytara bilib axı?! Adı gələndə həmişə ehtiramla xatırlanan, köhnə kişilərin sonuncu varislərindən olan, elimizin, obamızın dəyərli ağsaqqalı, xeyriyyəçisi, şairi, din xadimi Molla Əmirxanı da itirdik. 
Əmirxan Həsən oğlu Məhərrəmov 15 dekabr 1936-cı ildə qartallı qayalara boy verən, əzəmətli dağlarla əhatələnmiş qədim Oğuz yurdu, axarlı-baxarlı Göyçə mahalının saz-söz məbədgahlarından olan şair Məmmədhüseynə, Aşıq Nəcəfə, Həsən Xəyallıya, Qəmgin Fəziyə, Xasay Hacıyevə, Aşıq Hacıya, Alqayıt Xəlilova, Sərraf Şiruyəyə, Aqil İmana ilham verən Daşkənd kəndində tanınmış söz ustadı Həsən Xəyallı ocağında dünyaya gəlmişdi. Molla Əmirxanın sazın, sözün, dini dəyərlərin uca tutulduğu bir ocaqda dünyaya gəlməsi çox erkən onun könül dünyasını işıqlandırmışdır. 
İlkin təhsilini böyük qardaşı Nəbi ilə birlikdə atasından almışdır. Ərəb, fars əlifbasını yazıb-oxumaqla bərabər, həm də şifahi xalq ədəbiyyatını, klassik aşıqların sənət örnəklərini bircə-bircə yaddaşına köçürmüşdür. Böyük bir epoxanın yaradıcısına çevrilən Göyçə ədəbi məktəbinin görkəmli nümayəndələrini və atası Həsən Xəyallının verdiyi dərs balaca Əmirxanın gələcək taleyində dərin izlər buraxmışdır. Şəriət elmlərini dərindən mənimsədikdən sonra islam dinin təbliğatçısı kimi məclislər başına çəkilmiş, elin yas məclislərinin aparıcısına çevrilmişdir.
Molla Əmirxan Göyçədə, Qarabağda yaşadığı müddətdə təkcə dinin təbliğatçısı kimi yox, həm də şair kimi geniş şöhrət qazanmışdır. Molla Əmirxana şairlik böyüdüyü mühitin həyat tərzi ilə bərabər həm də gendən gəlirdi. Birinci növbədə bir söz adamı kimi Molla Əmirxan bütün varlığı ilə folklorumuza bağlı insan idi. Nənəsi (özü ancaq nənəsinə "Qojam" deyərdi) Başxanım Şəfiqızının bayatıları, ağıları Xəstə Qasımın, Tufarqanlı Abbasın, Misgin Abdalın, Aşıq Alının, Ələsgərin, Məmmədhüseynin, Zodlu Abdullanın, Növrəs İmanın, Xəstə Bayraməlinin, Nərimanlı Bəhmanın, Həsən Xəyallının sənət dünyası dilinin əzbərinə çevrilib, ilham quşunu pərvazlandırmışdır. İlk mətbu şeiri 1958-ci ildə "Bolluq uğrunda" rayon qəzetində çap olunsa da,kitab halında çap olunmaq üçün sovet senzurasının dəmir məngənəsindən keçə bilməmişdir.Ancaq şifahi olaraq şeirləri eldən-elə, dildən-dilə gəzərək poeziya sevənlərin rəğbətini qazanmışdır. Hələ ötən əsrin 70-ci illərində dildə əzbər şairlərimiz Alqayıt və Sərraf Şiruyə ilə olan deyişmələri auidi kasetlərdə, aşıqların ifasında oxuna-oxuna şeirsevərlərə mənəvi zövq bəxş etmişdir. Molla Əmirxan müasir Göyçə ədəbi məktəbinin tanınmış nümayəndələri İsmixan, Şiruyə, Alqayıt, Zəki İslam kimi şairlərlə bərabər el ədəbiyyatımızın qüdrətli qələm sahiblərindən sayılır. Buna əyani sübut kimi çoxdan çapa hazırlanan lakin bu günlərdə nəşr olunan "Göyçə dərdi" adlı kitabında gedən şeirlərini misal göstərmək olar. Şeirlərin hər biri, müdrik insan ömrünün zərif şəkildə qələmə alınmış poetik qeydləridir. Hansı misrasını çözələsək oradan telli sazın qüdrəti, Göyçənin mənzərəsi, adət-ənənəsi, başına gətirilən müsibətlər görünəcək.
Molla Əmirxan yuxarıda qeyd etdiyim kimi, şairliyi ilə bərabər həm də bir folklor mənbəyi idi. "Novruz və Qəndab", "Məsim və Diləfruz", "Abbas və Gülgəz" dastanlarının ən geniş versiyasını bilən nadir insanlardan idi. Dəfələrlə görmüşəm ki, məqamı düşən kimi adını çəkdiyim və çəkmədiyim dastanlardan, klassik aşıqlardan sitat gətirib, misallar çəkərdi. 
Zamanın çarxı tərsinə işləyib, dünyanın üzü dönən də, Molla Əmirxanın da taleyinin üzü döndü: Qərbi Azərbaycanda – Göyçədə yaşayan həmvətənliləri kimi o da 52 il qoynunda şad-xürrəm yaşadığı, ağır-ağır ellərini gəzib, yaylaqlarında köhlən minib, at oynatdığı doğma Göyçəsindən ayrıldı. 27 noyabr 1988-ci ildə doğma ocağından köçünü, bərxanasını yükləyib 1953-cü ildə Stalinin məkirli siyasətinin qurbanı olan həmkəndlilərinin yanına – Bərdə rayonunun Yeni Daşkənd kəndinə pənah gətirdi. El-oba onu əziz adamı kimi qarşılayıb, acısını bölüşdü. 5 fevral 1993-cü ildə Ağdərə döyüşlərində rabitəçi kimi xidmət göstərən oğlu Mehdi itkin düşdü. Bütün bu acınacaqlı tale sınaqlarından Molla Əmirxan üzü ağ çıxdı. Nə qədər çətinlik olsa da belə, öz kişi qürurunu sındırıb əyilmədi. Ömrünün ixtiyar çağında da olsa ikinci dəfə Bərdədə yuva qurub, yurd saldı. Göyçədə olduğu kimi burda da süfrəsindən qonaq, təhnəsindən çörək əksilmədi. İmkansızlara, arxasızlara əl tutub, dayaq oldu. Elin yas mərasimlərində təmannasız xidmət göstərib, subartezian quyularının vurulmasının təşəbbüskarı və xeyriyyəçisi oldu.
Molla Əmirxan ilkin tanışlıqdan xoşbəxt insan kimi görünməyinə baxmayaraq, böyük acılar çəkmişdi. Göyçə boyda vətənini, 20 yaşlı oğlunu, qardaşlarını, bacılarını, doğmalarını itirmişdi. Hər dəfə söhbət düşəndə Göyçəli günlərini xatırlayar, dostlarını, doğmalarını ehtiramla yad edərdi. Hərdən qəlbi kövrəlib, könlü coşanda siqaretinə dəm verib dərdlərini aşağıdakı misraları ilə pıçıldayardı.

Ey fələk, insafın hanı?!
Müşgülümün yox gümanı!
Belə getsə Əmirxanı,
Öldürəcək bala dərdi.

Sonra dünyanın vəfasızlığından acı-acı gileylənib xəyallara dala-dala belə deyərdi:
 
Quruyub çağlamır daşqın Əmirxan,
Qalıb gözü yolda çaşqın Əmirxan.
Olmuşam qürbətdə qaçqın Əmirxan,
O vətənli adım-sanım, hardadı?

Molla Əmirxan ümid və arzularla yaşadığı fani dünyadan nurlu bir bahar günündə – 2012-ci il aprelin 18-də haqq dünyasına köç eyləyib, sonuncu dəfə el-obanı, onu sevənləri bir araya gətirərək, yasinini oxuyub, namazını qıldığı ellilərinin, doğmalarının uyuduğu Yeni Daşkənd kəndində torpağa tapşırıldı.
Göz yaşları ilə yazdığım bu yazıya Molla Əmirxanın parlaq ruhuna həsr etdiyim bir şeirlə nöqtə qoyub, yerin cənnətməkan olsun deyirəm.

Söznən bəzədilmiş, imannan dolu,
Qurulu saraydı Molla Əmirxan.
Zərli şəfəqini dan üzü yayan,
Nuruydu, ziyaydı Molla Əmirxan. 

Min kəlam bilirdi, milyon da hikmət,
Vardı xəzinəsi, doluydu sərvət.
Hər dəfə Göyçədən düşəndə söhbət,
Açılmış lalaydı Molla Əmirxan. 

Əkdiyi zəmisi bar gətirib bar,
Nəvə-nəticəsi edəcək nübar.
Qoynu gül qoxulu, köksü laləzar,
Çiçəkli talaydı Molla Əmirxan.

Can dedik ucadan gələn adına,
Neçə köməksizin yetdi dadına.
Vətən torpağının hər övladına,
Ataydı, anaydı Molla Əmirxan.

Hazır bir kitabdı, aç varaq-varaq,
Neçə qərinədən verəcək soraq.
Uzaqdan vüqarlı görünən bir dağ-
Alınmaz qalaydı Molla Əmirxan.

Heç vaxt əyilmədi əyilməz dizi,
Gərək yol eyləyək saldığı izi.
Tanrı dərgahına qaldıran bizi,
Bir ərşi-əlaydı Molla Əmirxan.

El yola salanda yükləyib köçün,
Gördüm məhəbbətin, eyliyin gücün.
Arazam, şeirimi oxumaq üçün,
Kaş indi olaydı Molla Əmirxan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR