Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Ürəkdə köçən arzular

Araz Yaquboğlu - Ürəkdə köçən arzular
Sakura

Araz Yaquboğlu - Ürəkdə köçən arzular

Ulu azəri-türk torpağı Göyçə mahalı. Mahalın Alçalı kəndi. Bu kənd Göyçə mahalının beş rayonundan biri - Aşağı Qaranlıq (Martuni) rayonuna aid idi. Kənd Göyçə gölünün cənub sahilində yerləşmişdir. Kəndlə eyni ad daşıyan Alçalı çayı və Arpa-Göyçə kanalı kəndin yaxınlığında gölə tökülür. Gözəl təbiəti olan kəndin azərbaycanlı əhalisi 1948-1951-ci illərdə tamamilə köçürülmüşdür. 
Alçalı kəndində yaşayan Abdulla adlı el ağsaqqalı Göyçənin məşhur kəndlərindən olan, Basarkeçər rayonunun Daşkənd kəndində yaşayan Hacı Zeynallı nəslindən olan Hacı Kazımın qızı Ceyran xanımı oğlu Məhərrəmə alır. Hələ evlənməmişdən əvvəl Məhərrəm artıq Daşkənd kəndində yaşayırmış. Elə o vaxtlardan başlayaraq Daşkənddə Məhərrəmə Alçalı Məhərrəm, sonralar isə ondan olanlara sadəcə olaraq Alçalılar deyirmişlər. Əslən Alçalı kəndindən olan Məhərrəmin Dəstəgül, Mirzə və Nəsib adında üç övladı olur. Məhərrəmin 1900-cü ildə anadan olan qızı Dəstəgül Daşkənd kəndində yaşayan Rəsullular nəslindən olan Hüseyn Kərimovla ailə həyatı qurmuş, 6 oğlu, 1 qızı olmuşdur. O, 1989-cu ildə Bərdə rayоnunun Yeni Daşkənd kəndində vəfat etmişdir.
Məhərrəmin hər iki oğlu Böyük Vətən Müharibəsinə Basarkeçər RHK-ğı tərəfindən səfərbər edilmişlər. Onun 1913-cü ilin sentyabrında anadan olan kiçik oğlu Nəsib Abdullayev 13 sentyabr 1941-ci ildə müharibəyə getmiş və 1942-ci ilin yanvar ayında müharibədə itkin düşmüşdür. 1905-ci ildə anadan olan Mirzə Abdullayev isə 1941-ci ildə müharibəyə getmiş, müharibə qurtardıqdan sonra Krasnoyarsk şəhərində xidmət etmişdir. Mirzə Abdullayev müharibədə olarkən həyat yoldaşı, həm də xalası nəvəsi olan Şamoyev Qumru Novruz qızı 21 yaşındaykən (1942-ci ildə) xəstələnib vəfat etmiş, iki övladı – Yaqub və Əhəd anadan yetim qalmışlar. Оrdudan təхris оlunduqdan sonra 1952-ci ildə Daşkənd kəndinə qayıdan Mirzə kişi Aşağı Şorca kəndindən olan Tanrıverdinin qızı Sərəngiz ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların Vaqif, Südabə, Sahib, Naib, Rahib və Rafiq adlı 5 oğlu, 1 qızı olmuşdur.
Ermənilərin mənfur siyasətinin qurbanı olan bir çox azərbaycanlılar kimi Mirzə Abdullayev də ailəsi ilə birlikdə 1953-cü ilin may-iyun aylarında doğma Göyçə mahalından, Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur. Bu yazımızda Mirzə kişinin övladlarından biri - oğlu Vaqif müəllimdən, onun həyat və fəaliyyətindən söhbət açacağıq.
Abdullayev Vaqif Mirzə оğlu 15 may 1954-cü ildə Bərdə rayоnunun Yeni Daşkənd kəndində anadan оlmuşdur. Orta məktəbdə oxuduğu illərdə riyaziyyat, həndəsə, fizika və başqa dəqiq elmlərə üstünlük vermiş, yaxın qonşuları olan Tanrıverdi Hacıyev, Əli Kərimov, Xasay Hacıyev kimi riyaziyyatçılardan bu elmləri daha dəqiq, mükəmməl mənimsəmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Yeni Daşkənd kəndi Bərdə rayonunda riyaziyyatçılar kəndi kimi də tanınır. Çünki bu kənddəki orta məktəbi bitirənlərdən texniki və dəqiq elmlərə yiyələnlər sayca daha çoxdur. Əvvəldə adı çəkilən riyaziyyatçı müəllimlərdən sonra Vaqif Abdullayev, İlyas və Əli Hacıyevlər, Vidadi Süleymanov, İsrail Şairov, Qaçay Bayramquliyev və başqa müəllimlərin adlarını iftixarla çəkmək olar. Şübhəsiz ki, bu haqlı olaraq da belədir.
Vaqif Abdullayevdə olan fitri istedad, güclü hafizə, məntiqi düşünmə qabiliyyəti onun köməyinə çatmışdır. Belə ki, 1971-ci ildə əla qiymətlərlə Yeni Daşkənd kənd оrta məktəbini bitirən gənc Vaqif sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) "Meхanika-Riyaziyyat" fakültəsinə verir və müvəffəqiyyətlə universitetə qəbul оlur.
Vaqif Abdullayev 1974-cü ildə hərbi xidmətə çağırılır. O, 1976-cı ildə Çitada həqiqi hərbi хidməti başa vurduqdan sоnra Bakı şəhərinə qayıtmış və ali təhsilini davam etdirmişdir.
Vaqif müəllim 1977-ci ildə Bərdə ra¬yоn 2 saylı qiyabi оrta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış və 1979-cu ilə kimi bu məktəbdə işləmişdir. Hərbi xidmətdən sonra təhsilini davam etdirərək 1980-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirmişdir.
1979-cu ildən 1982-ci ilə kimi yaşadığı kəndə qonşu olan Kürdbоrakı kənd оrta məktəbində riyaziyyat müəllimi işləmişdir.
Artıq intellektual bir riyaziyyatçı kimi tanınmağa başlayan Vaqif müəllim 1982-ci ildən birdəfəlik şəhər məktəbində dərs deməyə başlayır. Bərdə şəhər 2 saylı оrta məktəbində riyaziyyat, həndəsə, fizika müəllimi işləmiş və vəfat edənə qədər bu məktəbdə çalışmışdır. Onun 35 illik müəllimlik fəaliyyətinin 30 ili bu məktəblə bağlı olmuş, eyni zamanda başqa məktəblərdə də riyaziyyat və həndəsə fənlərini tədris etmişdir.
1982-ci ildən daimi yaşamaq üçün Yeni Daşkənd kəndindən Bərdə şəhərinə köçən Vaqif Abdullayev müəllim işlədiyi müddətdə dəfələrlə Təhsil Nazirliyinin fəхri fərmanı ilə təltif olunmuşdur. O, abituriyentlərin qəbul imtahanlarına hazırlaşdırılması sahəsində də ən yaxşı müəllim kimi tanınmışdır. Belə ki, onun hazırlaşdırdığı abituriyentlər müxtəlif respublika və xarici universitetlərdə ali təhsil almışlar və bu gün də oxuyanlar var. Vaqif müəllim rus və ingilis dilini də kifayət qədər bilirdi. Şagirdləri də demək olar ki, rus bölməsinin abituriyentləri idi.
Tez-tez xatırladığım, özünün vaxtilə mənim sorğularıma cavab olaraq danışdığı bir hadisəni də oxucularla bölüşmək istəyirəm. 1986-cı ildə Bərdə rayonuna göndərilən yeganə kompüteri rayon üzrə heç bir müəllim işlədə bilməmişdir. Vaqif müəllim tanınmış riyaziyyatçı olduğu üçün ona da müraciət olunmuşdur. O, kompüterin proqramını yazmış, həmin proqramla onu idarə edə bilmişdir. Bundan sonra o, Bərdə rayоnu üzrə ilk infоrmatika müəllimi təyin оlunmuş, 1987-ci ildə isə nazirliyin göndərişi ilə Bərdə rayonundan yeganə müəllim olaraq Lоmоnоsоv adına Mоsk¬va Dövlət Universitetində infоrmatika üzrə ali kurs keçmişdir.
25 iyul 1985-ci ildə Maarif Nazirliyinin əmri ilə "Baş müəllim", 1990-cı ildə "Metodist müəllim", 1994-cü ildə "Ali kateqоriyalı müəllim" adlarına layiq görülən Vaqif müəllimin riyaziyyat və həndəsə fənlərinin şagirdlərə daha da yaxşı mənimsədilməsi üçün özünə məxsus üsulları vardı. O, 1990-cı ildə Bakı şəhərində keçirilən "Azərbaycanda təhsilin informatlaşdırılması istiqamətləri" mövzusunda elmi-praktiki konfransda iştirak etmiş, 2001-ci ildə isə "Təhsilin humanistləşdirilməsi yeni pedaqoji təfəkkürün təzahürüdür" mövzusuna həsr edilmiş pedaqoji mühazirənin respublika mərhələsinin iştirakçısı kimi qalib gələrək II yeri tutmuş və təhsil nazirliyinin diplomu ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Təhsil Naziri Misir Mərdanovun 12 dekabr 2003-cü il tarixli qərarı ilə "Gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə" fəxri fərmanı ilə təltif edilmişdir.
1984-cü ildən şəkər xəstəliyi ilə mübarizə aparan Vaqif Mirzə oğlu Abdullayev 17 noyabr 2011-ci ildə 57 yaşında Bərdə şəhərində vəfat etmiş və doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur.
Vaqif müəllim həmçinin gözəl və qayğıkeş ailə başçısı idi. İngilis dili müəllimi Gülüm Yolçu qızı ilə 1982-ci ilin dekabr ayında ailə həyatı qurmuşdur. Təməli saf məhəbbətə, halallığa söykənən bu ailədə Ülkər, Ülviyyə və Ülvi adlı iki qız, bir oğul böyütmüşlər. Övladları da özləri kimi elmə, təhsilə böyük dəyər vermişlər. Qızları Ülkər və Ülviyyə ali təhsilli müəllimdirlər, oğlu Ülvi isə Türkiyə Respublikasında ali təhsil almaqdadır. 
Milli dəyərlərə, milli mentalitetə daha çox önəm verən, sadə və təvazökar insan olan Vaqif müəllim hər iki qızını el-oba adəti ilə ərə vermiş, toylarını etmişdir. Lakin amansız ölüm oğlunun toy şənliyini görməyi ona qismət etmədi. Dünyalar qədər sevdiyi nəvələri Əsməri, Məhəmmədi, Yaqubu doyunca əzizləyə bilmədi. Bəli, Vaqif müəllim beləcə neçə-neçə arzuları qəlbində bu dünyanı tərk edib haqq dünyasına qovuşdu. O da dünyadan vaxtsız köçmüş qardaşları Yaqub, Əhəd, Naib, bacısı Həlimə xanımın uyuduğu torpağa köçdü. Bu qardaş-bacıların beşi də cavan rəhmətə gediblər. Bu dərdi çəkməyin 90 yaşlı Sərəngiz ana üçün nə qədər ağır olduğunu anlamaq heç də çətin deyil.
Çox hörmətli, görkəmli riyaziyyatçımız, fəxrimiz olan Vaqif müəllimə Allahdan rəhmət diləyirik, ruhu şad olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR