Slimfit
  1. MEDİA

Araz Yaquboğlu - Lətif Əsədovun valideynləri ilə görüş-müsahibə

Araz Yaquboğlu - Lətif Əsədovun valideynləri ilə görüş-müsahibə
Sakura

Araz Yaquboğlu - Lətif Əsədovun valideynləri ilə görüş-müsahibə

Lətif Əsədovun xatirəsinə həsr olunmuş kitab yazmaq haqqında fikrə düşəndən sonra bu barədə onun dostlarına, tələbə yoldaşlarına, qohumlarına müraciət etməyə başladım. Lətif müəllimin atası Hacı Frunze və anası Suyatel xala ilə özüm şəxsən görüşməli, müsahibə götürməli, onların fikirlərini qələmə almalıydım. Səmimi deyirəm ki, mən bir neçə dəfə onlara bu barədə müraciət etmək üçün cəhd etdim. Lakin onların qaysaq bağlayan yaralarını bir də qanatmaq mənim üçün çox ağır və çətin idi. Tərəddüdlər içində görüşlərimizin birində Hacıya bu barədə məlumat verdim. O, göz yaşlarını saxlaya bilməyib ağladı. Mən yenə də ona səbr verərək dedim ki, heç olmasa təsəlli yerimiz olacaq, onu daim bizlərin, nəvə-nəticələrinin xatırlamaları üçün bu kitabın nəşri çox vacibdir. Və əlavə etdim ki, axı siz də bilirsiz ki, Lətif müəllim nə qədər kitab sevən, yazı-pozuya qiymət verən bir insan idi. Neçə-neçə şairin, yazıçının, alimin kitablarına xeyriyyəçilik edərək onları çap etdirmişdi. İndi qismətə bax ki, Lətif haqqında xatirələr yazmalı oluruq. 
Nə isə, 2013-cü il fevral ayının 27-si səhər-səhər onların qonağı oldum. Onu da qeyd edim ki, Hacı Frunze Lətif müəllimin uşaqlıq, əsgərlik, tələbəlik şəkillərini bu günə qədər qoruyub saxlayıb. Onları da mənə kitabda çap etmək üçün verdi. Bir məsələni də deyim ki, müsahibədə bir-birimizə müraciətlərdə, söhbətlərimizdə aydınlıq olsun deyə bilməyənlərin nəzərinə çatdırım ki, Hacı Frunze mənim Pürüzə nənəmin yeganə qardaşı Sayadın oğludur. Bacım Rəfiqə isə Hacının gəlinidir, yəni Lətif müəllimin yoldaşıdır. Qabaqcadan söyləyim ki, Hacı Frunze və Suyatel xalayla görüşümdən çox məmnun oldum. Belə ki, onlar atam Yaqub Hacıyevin mənim üçün çox dəyərli olan, arxasında “Yadigar, dayım oğluna, 1960-cı il” sözləri yazılmış bizim özümüzdə belə olmayan şəkli də mənə təqdim etdilər.

– Hacı, görüşümüzün məqsədini artıq bilirsiniz. Lətif müəllim sizin böyük övladınız olduğundan söhbətimizə gəl elə sizin ailə qurmağınızdan başlayaq.
– 1958-ci ildə evlənmişəm. 1960-cı il yanvar ayının 2-də Lətif anadan olub. Lətifdən qabaq 2 uşaq olmuşdu, qalmadı. Sonra Lətif dünyaya gəldi. Bizim uşaqlar çox durmadı. 8-9-nu heç bir yaşları tamam olmamış itirdik. O vaxtı dedilər ki, Aşağı Şorcada bir yaxşı molla var, lap axunddu. Qışıydı, boranda-qarda kolxozun “konka”sıynan səhvən gedib Yuxarı Şorcaya çıxdım. Təzədən geri qayıdıb Aşağı Şorcada həmin Molla Bəşiri tapdım. Gəldim ki, yorğan-döşəkdə yatır. Evdən bir qız uşağı dedi ki, a baba, Daşkənddən bir oğlan gəlib deyir ki, dua yazdıracam. Kişi yatağındaca yastığa dirsəklənib bir az qalxdı. Dedi ki, a bala, kimlərdənsən? Dedim ki, Məhərrəm kişinin qardaşı nəvəsiyəm. Dedi ki, hansı qardaşının nəvəsisən. Dedim ki, böyük qardaşı Əsədin nəvəsiyəm. Dedi ki, bə niyə Əsədi demirsən, Məhərrəmi deyirsən. Əsədi tanımıyanmı var? Məhərrəm yaxşı çörəkli kişidir. Amma Əsəd ondan da yaxşı kişiydi. Dedi ki, hə, de görüm nə işdən ötrü gəlmisən. Söylədim ki, bəs 4-5 uşağım olub tezcə də ölüb, çox qalmırlar. 1 yaşında, 5-6 aylığında, hələ bir yaxşısı da olmuşdu, axşamnan beşiyinə qoyduq səhər tezdən durduq ki, ölüb. Bir iri uşağıydı, nətəri. Pürüzə mamam uşağın bədənini təmiz açmışdı, gələnə-gedənə göstərirdi ki, baxın. Nəsə o da getdi. Molla dedi ki, bir yaxşı dua var, amma mən yaza bilmərəm. Belə yaza bilmərəm ki, gözüm görmür, hərəkətim də yoxdu. Dedim, kitabı ver aparım Molla Həsənə yazdırım. Onlar ikisi də haqq dünyadadı. Dedi ki, Həsənin adını çəkmə, o da yaza bilməyəcək. Eşitmişəm ki, o da xəstədi. Molla Bəşir dedi: “Səni göndərəcəm Kəlbəcərin Başlıbel seyidlərinə. Orda Molla Məhəmməd var, çox adam onu Seyid Məhəmməd çağırır. Həmin duanı o yaza bilər”. 
Nəriman dayıma ismarıç elədim. Qaraçanlıdan gəldi, at da gətirdi. Qaynatam Babış kişi, yoldaşım, bir də Nəriman dayım bərabər atdandılar düz Başlıbel seyidlərinə. Qaraçanlıdan o yana bir yal aşırsan sonra Başlıbeldi. Nəsə gediblər ora. Molla xəbər alıb ki, nə yaxşı gəlibsiniz? Nəriman dayım deyib ki, bəs mamam gəlinidi. Bunun uşağı durmur, ölür. Qurban olum, a Seyid, səni deyib gəliblər gör neyniyirsən. Seyid orda bunlara gülüb, deyib: “A Babış kişi, sən dünya görmüş kişisən, bu Nəriman fikirləşməyib, bə sənə nə olub. Mən həkim ha deyiləm, bu gəlini ata mindirib gətiribsiniz Kəlbəcərə. Mənə gəlinin adı, bir də anasının adı lazımdı”. Hə elə o dua yazıldı, ondan sonra Aftel qaldı, İlqar qaldı, dalınca da Zülfiqar qaldı.

– Hacı səhv etmirəmsə Lətifi Seyid İsmayılın südü ilə ağızlandırmışdılar?
– Yox, a bala, kənddə qonşumuz Seyid İsmayılın döşündən, doğrudan da, süd gəlirdi. Ruqiyə mamam Afteli apardı ki, onun südü ilə ağızdandırsın ki, uşağa bir şey olmasın. Ondan sonra Aftel sağ-salamat qaldı, xəstələnmədi. 

– Deyəsən, bir dəfə deyirdin ki, Lətif doğulanda İrəvanda oxuyurmuşsan?
– Hə, İrəvanda oxuyurdum. Azadıydı, Rəhimiydi cəmi dörd nəfər idik, oxuyurduq. Bir dəfə imtahanı verib gəldim kirayə qaldığımız evə, gördüm ki, İbrahimdi, Məhəmmədəlidi, bizim Əbülfətdi oturublar məni gözləyirlər. Ev sahibi (xazeyka) erməniydi. Qayıdıb zarafatca bunlara dedi ki, bəs Fruz söyləyir ki, mən evlənməmişəm. Ona kimi bunlar cavab verdilər ki, nə danışırsan elə biz muştuluğa gəlmişik, Frunzenin bir oğlu olub. Erməni arvad məni yanınca apardı bazara ki, mən nə alsam pulunu sən verəcəksən. Elə də oldu. Nə aldısa, pulunu verdim, gəldik evə. Erməni arvad yaxşı yeməklər hazırladı, bir stol açdı ki, gəl görəsən. Yaxşıca yeyib-içdik. Hamımız sevindik.

– Suyatel xala, Lətifin adını kim qoymuşdu?
– Lətifin adını Bayraməlinin arvadı İzzə qoyub. Düz qapıya gəlmişdi ki, ay Suyatel uşağın adını Lətif qoy. Biz də qoyduq. 

– Suyatel xala, nənəm Frunze dayını, Lətifi yamanca çox istəyirdi, yadındadımı?
– Ay Araz, qadan alım, Pürüzə mamam bir qardaşım oğlu Frunze deyəndə 100-ü, 1000-i birdən ağzından çıxırdı. Lətifi də yaman istəyirdi, düz deyirsən. Pürüzə mamam çox yanımcılıydı, qohuma, qonşuya yananıydı. Biri xəstə olaydı, eşidəydi, özünü öldürürdü. Biz Göyçədə olan vaxtı Zülfiqar uşağıydı, yıxılmışdı qolu qırılmışdı. Düz bir ay nənən Pürüzə bizdə qaldı, ona qulluq elədi. Zülfiqar da yaman nadinc uşağıydı. Heç dincəlmirdi. 

– Hacı Lətifin orta məktəbdə oxumağından, instituta qəbul olmağından nə danışa bilərsən?
– Lətifin birinci sinif müəllimi Şahbaz müəllim olub. Bizim kənddə səkkizinci sinifə qədər oxuyandan sonra göndərdim Bərdəyə. Orda yaxşı müəllimlər varıydı – Tanrıverdi Hacıyev, Namaz Əliyev, Mehdi Hacıyev. Lətif savadlı uşağıydı Abdullagildə, Yaqubgildə qaldı, iki il yaxşı hazırlaşdı. Amma orta məktəbi Daşkənddə qutardı. Sonra iki dəfə “AMİ”-yə (indiki Azərbaycan Tibb Universitetinə) iş verdik. Hər il erməni “voenkoma” hörmət edirdim, əsgərlikdən saxlatdırırdım. Lətif əla oxuyurdu, qəbulda iki 4, bir 5 alırdı “AMİ”-də “konkurs”a düşürdü. Hörmət edirdim ki, 4-nü 5 elətdirim, amma alınmırdı. Nəsə qisməti gətirmədi. Bir ili də ədəbiyyatdan 4 almışdı “konkurs”a düşmüşdü. Lətif əla oxumuşdu, hazırlaşmışdı. “AMİ”-yə birinci ili yarım balı çatmadı. O vaxtı mənə dedilər ki, baxıcı var ona baxdıraq. Getdim baxıcı arvad soruşdu ki, sənin nəyindi? Dedim ki, nəyim olacaq, oğlumdu. Dedi ki, əsgərliyi oxumağından qabağa düşür. Özü də qəti narahat olma. Oxuyacaq da, alim də olacaq, addı-sannı, hər gözəlliyi olacaq. Allah ondan heç nəyi əsirgəməyəcək, ona hər şeyi verəcək. Amma əsgərliyi qabaqdı. Əsgərlikdən gəldi. Getdik Gəncəyə. Dedim, a Lətif, sənədlərini ver “ASXİ”-yə (Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna). “ASXİ”-nin əvvəlcə hazırlığında oxudu, ordan da instituta girdi. İnstitutu da qırmızı diplomla qutardı. Özü də ki, Lətif rus “sektor”unda oxuyurdu, “kurskom” idi. Təyinatını Ağdama aldı. Xeyli də orda işlədi. Ağdamda Pürüzə mamamın oğlu, sənin atan Yaqubun mühəndisliyi ilə yaxşı, müasir ikimərtəbəli ev tikmişdi. Ağdamı ermənilər işğal eliyəndə Lətifin bütün evi-eşiyi orda qaldı. Gəldi Bakıya, əvvəllər yarmarkada işlədilər, Rəfiqəynən ikisi də çox çətin vaxtlarda alver elədilər, ticarətlə məşğul oldular. Onda hələ bircə Vüqar varıydı. Çox əziyyət çəkdilər, kirayədə qaldılar, ondan sonra Yasamalda ev aldılar. Yavaş-yavaş hər şəraitlərini düzəltdilər, bir ev də aldılar, maşın aldılar, dükan açdılar. Gəlib bu tərəqqiyə çatdılar. 

– Lətif əsgərlikdə deyəsən, Murmanskda olmuşdu, eləmi?
– Hə, düz deyirsən. Özü də Lətif Murmanskidə çox qaldı. Ora da yaman çətin yeriydi. Əsgərlikdə partiyaya namizədliyi verilmişdi. Məktub yazmışdı ki, a qağa 10 dənə araq, konyak, 2 dənə də “kaqor” çaxır al, “posılka” elə, mənə göndər. Dediklərini aldım apardım rayon poçtuna. Götürmədilər ki, ağırdı qəbul edə bilmərik. Getdim rəisin qəbuluna. O da müavinini çağırdı ki, yaz üstünə ki, “bölünməz mal”dı. Hamsı salamatca çatmışdı, biri də qırılmamışdı. O, da salamatca aparıb komandirinə, lazımlı adamlara vermişdi. 
 
– Gəncədə oxumağından nə yadında qalıb?
– Lətifnən Aftel institutu Gəncədə bərabər vaxtda oxuyublar, bir evdə qalıblar. Lətif böyük olsa da, əsgərlikdən sonra oxudu. Ona görə də, bərabər vaxtda oxudular. Hər ay Lətifnən Aftelə 700 rus rubulu pul göndərirdim. Hərdən də Aftel deyirdi, a qağa, Lətif mənə xərcləməyə pulu az verir. Deyirdim heç nə olmaz, onsuz da anan da sənə əlavə pul verir. Onlara, demək olar ki, hər ay qoyun əti, Göyçə gölünün balığı, nəhrə yağı, beçə balı göndərirdim, “xazeyka”larına da ayrıca pay qoyurduq. Lətifnən Afteli bəy balası kimi oxutmuşuq. Qəti korluq çəkməyiblər. Hələ “xazeyka”sı Tutu arvad varıydı. Bir dəfə də yayda uşaqlarnan bərabər Göyçəyə gəlmişdi. Arvada yaxşı hörmət elədik, yemək-içmək məclisi təşkil elədik. Toğlu kəsdim, kabab elədik, cürbəcür yeməklər hazırladıq. İndiki kimi yadımdadı, Tutu arvad dedi ki, a kişi, bu boyda yemək niyə hazırlayırsız xarab olacaq, bu qədər əti kimdi yeyən. Dedim hələ bu nədi ki, hamısı yeyiləcək. Bəlkə yenə də kəsdik. Axşam da qohumlar, doğmalar yığışdı, yaxşı yedik-içdik. Arvad xeyli qaldı, kəndimizi elə tərifləyirdi, nətəri…

– Lətif müəllimin evlənməyi haqqında nə deyə bilərsən?
– Lətifin evlənməyi də belə oldu ki, Aftel dedi ki, a qağa, Lətifə toy elə. 1988-ci il idi. Getdim ki, Basarkeçərdən avtobus tutam. Rəis dedi ki, olmaz, camaatı aparıb qırdırarsan. 1-2 balaca maşın apar gəlinini gətir. Erməni-müsəlman söhbəti get-gedə qızışırdı. Gəldim kənddən Yaqubnan Əsmətelə zəng elədim ki, vəziyyət belədi. Haqq üçün onlar da dedilər ki, necə məsləhətdi elə də gəlin. 4 balaca maşınla getdik. Hacının, Məhəmmədəlinin (ikisi də yadımdan çıxıb) maşınları ilə getdik Bərdədən gəlini apardıq Göyçəyə. Qapıda yaxşı toy elədik. Yemək-içmək, qara zurna, saz aşığı, hamı toyda yaxşı iştirak elədi, toy yaxşı, şurlu oldu. Toyda Zoddu kirvələrimiz yaxşı iştirak elədilər. Məsləhət oldu ki, toyun səhəri axşam da elə Zülfiqara sünnət eyləyək. Elə də elədik Zoddular yaxşı yedilər-içdilər, sünnəti də onda elədik. 

– Hacı, yaxşı yadımdadı, Lətif 1988-ci ildə Ağdamdan getdi Göyçəyə sizin köçü gətirməyə, onda bir hadisə də olmuşdu.
– 1988-ci ilin axırları idi. Camaat çəkilib gedirdi. Xeyli adam getmişdi. Lətif Ağdamdan Kəlbəcərə gedib Nəriman dayımın bir sürücü qohumu ilə kəndə gəlmişdi. Gecə “KamAZ” maşınını bizim qapıda təmir elədilər. Səhərisi gün uşaqlar yığıldı, lazımlı yüngül şeyləri götürdük. Ağır olanları, çox da lazım olmayan şeylər də qaldı. Dedim ki, Zod yoluynan keçərsiniz Kəlbəcərə. Ordan da Bərdəyə gedib Abdullaynan Yaqubun evinə düşərsiniz. 
Onda axşamnan Məhəmmədəli gəldi ki, a Frunze anam da Lətifnən getsin. Onu da aparsınlar. Düzü sevindim fikirləşdim ki, çox şükür Allaha. Elə, Seyid Bayramın böyük qızı Seyid Gülsümün maşında olmağı nəyə desən dəyər, salamatçılıq olar. Maşında sürücü, Seyid Gülsüm, bir də Lətif gedib çıxırlar Ağdərəyə. Ermənilər maşının qabağını kəsirlər. İstəyirlər ki, maşını yandıralar. Ona daş atırlar, daş gəlir Lətif oturan tərəfdəki qapının şüşəsini qırır. Şüşə qırıntıları Lətifin başına dəyir, üzü yaralanır, qanı axır. Lətif deyirdi ki, a qağa, and olsun Allaha bir hündür oğlan gəldi camaatın qabağını kəsdi, onlara ermənicə nəsə başa saldı, bizə də dedi ki, dalımca sürün, saxlamayın. Saxlasanız sizi öldürəcəklər. Allah Seyid Gülsümə rəhmət eləsin. Onun cəddi o vaxt Lətifi bəladan qutardı.
Mən kənddə poçtun müdiri olduğumdan onlarla çıxa bilmədim. Düz dekabrın 6-sına qədər kənddə qaldım. Poçtu təhvil verdim, kassanı haqq-hesab elədim. Arşan adında erməni Daşkənddən məni “Jiquli” maşınıynan düz gətirdi Gədəbəyin mərkəzinə. Orda sağollaşıb ayrıldıq. Gecəni Gədəbəyin mehmanxanasında qaldım, səhəri¬si ordan gəldim Bərdəyə.

– Lətif müəllimin gördüyü işlərdən, keçirdiyi tədbirlərdən də bir az danışaqmı?
– Lətifin yaxşı işləri çox idi. Lap yaxşısı da o idi ki, bayramlarda – Yeni ildə, Novruz bayramında, Orucluqda, Qurbanlıqda qohumların, dostların hamısını yığırdı yaxşı tədbirlər, məclislər keçirirdi. Nəvəsi olanda da yaxşı yeyib-içmək verdi. Bağda – Novxanıda balaca Lətifin iki yaşı tamam olanda da yaxşı bir məclis təşkil elədi. Əvvəlcə içəridə – evin mansardında, sonra da çölə çıxdıq həyətdə yaxşı hava varıydı, dənizin mehi əsirdi. 

– Frunze əmi, bir az da Lətif müəllimin xəstələnməyi haqqında söhbət elə. 
– Lətif dinib otururdu ki, a qağa torpağa bəlkə mən səndən qabaq getdim. Deyirdim, a bala, danışanda elə söz de ki, yaxşı söz olsun, bu nə deməkdi, elə də şeymi olar? Mənim başım çıxmır bu nə deməkdi. Sonradan da xəstələnəndə dedi ki, a qağa, mən ölümümnən razılaşmışam. Heç mənim ağlıma gələrdimi ki, Lətif ölər. Mən də deyirdim bəs böyrəyi ağrıyır, sən demə ağciyərini xərçəng tutubmuş. 
Son vaxtı gəlin dedi ki, Rəfiqə deyir mən Lətifin ata-anasına deyə bilmirəm, Lətifin xəstəliyi ciddidir. Yenə də mənə adi gəlirdi, heç unamırdım. Lətif özünü çox qoruyanıydı, adicə soyuğa dəyəndə müalicə olunurdu.

– Hacı, Pürüzə nənəm həmişə deyərdi ki, Allah heç bir ata-anaya bala dağı göstərməsin. 
– A bala, Allah Pürüzə mamama rəhmət eləsin. Dünya görmüş arvadıydı. Bala ölümü valideyn üçün ən ağır acıdı. Mən bunu bu dərəcədə bilmirdim ki, belə ağır bir iş olar. Nəriman dayımın oğlunu maşın vurdu – 40 gün qaldı, dünyasını dəyişdi. Məhəmmədəlinin cavanca oğlu öldü, Qələmin cavan bir oğlu 30 yaşında öldü. Mən bu işə yüngül baxırdım, amma ağır işiymiş. Övlada “bala” deyirlər həqiqətən də övlad dərd-balaymış. Atanın-ananın balası. Elə bir baladı ki, sağalan iş deyil. Çox ağırdı. Bəzən dözə bilmirəm. Birdən də günah eləyirəm, Allahın işinə qarışmaq olmasın, deyirəm ki, hamı müəyyən yaşa dolanda dünyasını dəyişə, ata-anaya bu günləri qismət eləməyə. Mənim balam da getdi, çox vaxtsız getdi. Sənəm nənəsini uşaq vaxtından çox istəyirdi, getdi onun yanına. Özü də birdəfəlik getdi. Daha Lətif bir də gəlməz.
Yenə şükür ki, oğlu var, qızı var, iki nəvəsi var. Allah Vüqarı salamat eləsin. Allah-taaladan, bu süfrədən istəyirəm ki, balaca Lətifin dilini açsın, Türkiyədən gələndə gedək alnıaçıq oturaq, heç olmasa onda sevinək. Allah onların hər işini müstəcəb eləsin. Onda babası Lətifin də ruhu şad olar. Onu çox istəyirdi. İnan ki, bu iş də ona pis təsir eləmişdi. Bir tərəfi yoxuydu elə bil. Balam ondan ötəri ölürdü, elə öldü də. Onunçün atalar deyibmiş ki, “Övladda nəvə, dövlətdə dəvə”. Nəvələrini iki dəqiqədən bir öpürdü. Balaca adaşını tez-tez qucağına alıb qolundan, əlindən öpürdü. Deyirdim ki, a Lətif, nə olub yanında deyillərmi, tez-tez nəvələrini öpürsən? Deyirdi ki, a qağa, bunlarsız bir dəqiqə belə durammıram. 

– Allah rəhmət eləsin Lətifə, çox uzaqgörən adamıydı. 
– Hər oğulun işi deyil, hər oğulun başı deyil ki, belə işlər qura, belə işlər görə. Kənardan baxana asan gəlir. Hərdən yanında olanda görürdüm ki, nə qədər çətin işləri varıymış. Ürəkli oğuluydu Lətif. Mən 2005-ci il dekabrın 31-də Məkkəyə gedəndə Lətif bir oğul kimi məni yola saldı, cibimə xərclik qoydu, gələndə qarşıladı. O, təkcə mənə yox, hamıya dayaq idi. Qohum, qonşu, yad fərqi yoxdu hamıya yaxşıydı. Heç kim Lətif ola bilməz, o biriydi. Balaxanı məscidini təmir elətdirməyi, qocalar evindəki işləri çox savab işlərdən idi. 150-170 qocaya orda hər cürə yemək-içmək verirdi, musiqiçilər gətirdirdi, onlara konsert verdirirdi. Orda da, axırda yadındadımı, sən də ordaydın, dedi ki, a camaat, bəlkə bir də gələm, ya gəlməyəm. Gəlmədimsə, bilin ki, dünyada yoxam. Bax bu sözlərə nə deyim bilmirəm? Deyim qiymətlidi, nətəri deyim, deyim qiymətsizdi nətəri deyim – yanıram, yanıram, yanıram. Balamın bəxti qara gəldi. 

– Suyatel xala nəsə demək istəyirsənmi? 
– Nə deyim qadan alım. Lətif deyirdi, a mama, ölümümnən razılaşmışam. Mən də deyirdim sözdü deyir, nə biləydim ki, belə olacaq. Lətif həqiqətən bilirmiş ki, başına bu iş gələcək. 

Əzizinəm, ağlıdı,
Qaralıdı, ağlıdı.
İgid bir oğlum ölüb,
Sinəm bala dağlıdı.

Lətif getdi, daha bir də gəlməz. Anası öləydi Lətifin, bu günü görməyəydi. 

– Hacı, ürəyində demədiyin bir sözün qaldımı?
– Nə bilim, a mama nəvəsi. Yadıma düşəni deyirəm. Bir şeir deyəcəm onu da o kitaba yaz.

Ömür dediyin coşqun çay kimi,
Kükrəyir, köpürür, hər zaman gedir.
Ona bel bağlama, o qədər də sən,
Bəzən açılmamış gül - xəzan gedir.

Ayrılıq, ayrılıq... gəzmə əsərsiz,
Deyərlər ki, halın pərişan gedir.
Ağarır dan yeri, ötür qumrular,
Min karvan gəlirsə, min karvan gedir.

Ey könül, fürsəti bada vermə sən,
Gün gedir, ay gedir, il yaman gedir.
Yarat, sən gedəndə ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir.

Hacı Frunze bu şeiri deyəndə göz yaşlarını dəsmalla silə-silə bərkdən ağlayır. Mən də susuram, daha heç nə soruşa bilmirəm…

Söhbətləşdi: Araz YAQUBOĞLU,
Bakı, Köhnə Günəşli,
27 fevral 2013-cü il

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR