Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Laçın vüqarlı Yasif

Araz Yaquboğlu - Laçın vüqarlı Yasif
Sakura

Araz Yaquboğlu - Laçın vüqarlı Yasif

Doğulduğum kəndin qəbirstanlığında ilk şəhid məzarı 10 il bir sinifdə bərabər oxuduğum Yasifin məzarıdır. Yasiflə mən sinif yoldaşlığından əlavə bir soydan – Rəsullular nəslindənik. O, sinifimizdə oxuyan oğlanların ən hündürü, ən canlısı, ən tez bığ yeri tərləyəni idi. Bəzən məktəbimizə gələn yoxlamalar onun yaşı ilə maraqlanar, elə başa düşərdilər ki, o bizdən bir-neçə yaş böyükdür. Bəli Yasif belə bir laçın oğlan idi. 
Biz 1990-cı ildə orta məktəbi bitirdik. Yasif 18 yaşında, yəni 1991-ci ildə sevdiyi qızla nişanlanmışdı. Zahirən çox xoşbəxt görünürdü. Yaxşı yadımdadır. Mən tələbə idim. Təzəcə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil olmuşdum. Yataqxana məsələsi həll olunmadığından müəyyən müddət Yasifin qardaşı, həmin institutda müəllim işləyən Azər müəllimin evində qalırdım. Həmin ərəfədə Yasif və atası, el-obamızın ağsaqqalı Fəzi Kərimov Bakıya, Azər müəllimgilə gəlmişdilər. Onu da deyim ki, Yasifin idarə etdiyi “Zaporojets” maşını atasına Böyük Vətən Müharibəsi veteranı olduğu üçün verilmişdi. Yasiflə Bakıdakı bir neçə günlük görüşümüz zamanı onun istədiyi qıza necə vurulmağından, onu necə sevdiyindən, necə nişanlanmağından ürək dolusu danışdı. Arzuları saysız-hesabsız idi. El misalında deyildiyi kimi “Sən saydığını say, gör fələk nə sayır”. Heç nişanlanmasından bir il keçməmiş Yasif yenicə yaranmaqda olan Milli Orduya yazıldı. Vətənimizin üzərində dolanan qara buludlar onu da rahat buraxmadı. Təəssüflər olsun ki, Qarabağ münaqişəsi get-gedə gərginləşməkdə idi. Bu gərginlik sonucda respublikamızı Qarabağ müharibəsi kimi bir müharibəyə cəlb etdi. Gənclərimiz hərbi xidmətə başlar-başlamaz bir başa qaynar nöqtələrə göndərildilər. Yasif nişanlı olduğu üçün əsgər yoldaşları onu qanlı döyüşlərə girməyi məsləhət bilmir, hətta qoymurdular. Ancaq Yasif bununla barışmır, özündə rahatlıq tapa bilmir və inadkarlıqla döyüşlərdə iştirak edirdi. 
Qarabağ müharibəsinin ən ağır ili, ən ağır ayı idi. Yasifin son döyüş günü… 22 avqust 1992-ci il... Bərdədə yerləşən 18136-cı hərbi hissənin avtomatçısı olan Yasif Kərimov Ağdərə rayonunun Dranbon kəndi uğurunda gedən döyüşdə qəhrəmancasına həlak oldu. Tanınmış yazıçımız Nahid Hacızadə demişkən “...torpağı Vətənə çevirən, onun adını al qanı ilə günəşli üfüqlərə yazan onun övladlarıdır.” Bəli Yasif də al qanı ilə Vətənin adını torpaq üzərində yazdı. Və beləcə şəhidlik zirvəsinə ucaldı. Hərdən Yasifi xatırlayanda yaddaşımda iz qoyan atası Fəzi kişinin sözləri məni duyğulandırır. Yasifin yas mərasimində bizim də əyləşdiyimiz stolda heç kim qoyulan ehsana əl uzatmırdı. Həyatda buna qədər üç dəfə oğul itgisi görən ağsaqqal Fəzi baba stola yaxınlaşıb dedi: - “Ay balalarım, ay camaat. Yasifin toyu üçün bəslədiyim heyvan onun ehsanına qismət oldu. Bişirilən ehsanı yeməmək günah sayılır, neyləmək olar qismət beləymiş. Hamı bismillah eləsin, çörək kəssin.”
Kənd camaatının təklifi və tələbi ilə Yasif Kərimovun təhsil aldığı Yeni Daşkənd kənd orta məktəbinə onun adı verilmişdir. Məktəbdə “Şəhidlər guşəsi” yaradılmışdır. Hər il şəhid Yasif Kərimovun ad günü məktəbdə geniş şəkildə qeyd edilir. Növbəti dərs ilində məktəbin girişində şəhid Yasif Kərimovun büstünün qoyulması nəzərdə tutulub. Yasif artıq bir evin yox, bir elin övladıdır. Onun xatirəsi onu tanıyanların və kənd əhalisinin qəlbində yaşayır. 
Allah sənin timsalında bütün şəhidlərimizə rəhmət eləsin, Yasif! Sən ölmədin, sən ölümünlə ölməzliyi qazandın. Sənin məzarın səni tanıyanların hamısının ziyarət yeridir. Rahat yat şəhid sinif yoldaşım. Qəbrin nurla dolsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR