Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Hamını yandıran itki

Araz Yaquboğlu - Hamını yandıran itki
Sakura

Araz Yaquboğlu - Hamını yandıran itki

İslam dininin təbliğində, yayılmasında peyğəmbərlərin və imamların keçdiyi mənalı həyat yolu hamımıza yaxşı məlumdur. Bu sırada dini alimlərin, müctəhidlərin, üləmaların və ulu babaları imamlar olan seyidlərin də günümüzə qədər fəaliyyətləri, xalq içində böyük rəğbət qazanmaları danılmaz faktdır. Azərbaycanın hər yerində olduğu kimi, tarixi Azərbaycan torpağı olan Göyçə mahalında da sınanılmış seyidlər və seyid ocaqları çox olmuşdur. Hələ XVI əsrdə Şah İsmayıl Xətai Göyçənin Sarıyaqub kəndində xalq tərəfindən ziyarət olunan Miskin Abdal ocağını ziyarət etməsi də tarixi mənbələrdən bizə məlumdur. XIX-XX əsrlərdə Göyçə mahalında Mir Mahmud ağa, Mir Məcid ağa, Mir Əli ağa, Mir Yaqub ağa, Seyid Nazaralı ağa və adını çəkmədiyimiz neçə-neçə tanınmış seyidlər, onların ziyarətgahları olmuşdur. Belə məşhur ziyarətgahlardan biri də Seyid Bayram ocağı idi.
Seyid Nazaralı oğlu Seyid Süleymanın Sövgülü xanımdan Seyid Hüseyn, Seyid Ağa və Seyid Bayram adlı övladları olub. 1864-cü ildə Seyid Bayram doğulanda anası vəfat edir. Uşağı ağızlandırmaq üçün yanı balalı maral ocağa ziyarətə gəlir. Üç gün sağıb südünü uşağa verirlər. Həm də Seyid Süleyman maralın südündən camaata da paylayır. Deyilənlərə görə maral üç gündən sonra balasını başı ilə itələyir və onu ocaqda qoyub getmək istəyir. Seyid Süleyman maralın üzündən öpərək: "Ay Allahın heyvanı sən balanı ocağa nəzir verirsən, mən də onu sənə qaytarıram" – deyir. Seyid Süleymanın özünün də döşündən süd gəlirmiş. Həmin süddən Seyid Bayrama da verirmiş. Seyid Süleymanın ikinci evliliyindən Seyid Musa, Seyid Miri, Seyid Əhməd, Seyid Sinəxanım və Seyid Zərnigar adlı uşaqları da anadan olublar. 
Seyid Bayramın nişanlı olan ortancıl qardaşı Seyid Ağa 17 yaşında axşam yatıb, səhər qalxmayıb. Seyid Bayram böyük qardaşı Seyid Hüseyn ilə bacanaq olublar. Onların həyat yoldaşları Göyçə mahalının Nərimanlı kəndindən Hacı Alının qızları idi. 1905-ci il qaçqınlığına qədər Seyidlər nəsli mahalın Çaxırlı kəndində yaşayıblar. Göyçəlilər doğma yurdlarına qayıdanda Seyid Bayram görür ki, Çaxırlıda ermənilər məskunlaşıb. Bu zaman Seyid Bayram – "Daha mən bu kənddə erməni ilə qonşu olub, yaşaya bilmərəm" – deyir. Bu söhbəti eşidən Seyid Bayramın Daşkənddən olan dostları Kərbəlayi Rüstəm və Hacı Balı deyir ki, Seyid gəl bizim kənddə yaşa. Beləliklə, Seyid Bayram Daşkənd kəndində məskunlaşır. Seyid Hüseynin oğlu Seyid İsmayıl da Daşkənddə yaşamışdır. O, 1970-ci ildə vəfat edib və 1934-cü ildə vəfat edən əmisi Seyid Bayramın yanında dəfn olunub. Seyid Bayrama "Ağa Seyid" deyə də müraciət edirmişlər. Seyid Bayramla Pəri nənənin ailəsində Seyid Gülsüm (1901), Seyid Yusif (1919), Seyid Maral (1923), Hacı Seyid Səkinə (1926), Seyid Sədət (1929) və Seyid Tamam (1931) adlı el-obamızın, xalqımızın sevimli seyid övladları dünyaya gəliblər. 
Hörmətli oxucuların nəzərinə bəri başdan çatdırım ki, bu yazı 52 yaşında vəfat etmiş rəhmətlik Mirağa Tağıyevin xatirəsinə həsr olunduğundan biz ancaq nəslin ona aid qolundan söhbət açacağıq. Daşkənddə, ümumən Azərbaycanda bu soydan olan seyidlərə çox böyük rəğbət var. Seyidlərin ocağı Göyçə kəndləri ilə yanaşı Azərbaycanın Göyçəyə yaxın əraziləri – Dərələyəz mahalı, Qaraqoyunlu dərəsi, Qazax, Gəncəbasar, Gədəbəy, Kəlbəcər camaatının da ziyarət yeri idi. Hətta bu ocağı tarixi düşmənlərimiz olan ermənilər də ziyarət edir, nəzir-niyaz verir, qurban kəsirdilər. Seyid Bayramın böyük qızı Seyid Gülsüm Mirağanın ata nənəsidir. Seyid Bayramın ikinci övladı – oğlu Seyid Yusif isə onun ana babasıdır. 
Seyid Gülsüm nənə çox nurani bir xanım idi. O, 1993-cü ildə Şamaxıda vəfat etmiş, Dağ Çaylı kəndində bibisi Seyid Sinəxanımın yanında dəfn olunmuşdur. Seyid Gülsüm nənə əslən Qanlı kəndindən olan Tağı oğlu Məhəmmədin həyat yoldaşı idi. Onların Sura, Əli, Məhəmmədəli, İsmayıl və Gülarə adlı üç oğlu, iki qızı dünyaya gəlibdir.
Seyid Yusif Göyçənin Zod kəndindən Allahverdi kişinin qızı Atlas xanımla ailə həyatı qurub. Onların bircə qızı olub – Seyid Qələm. Seyid Yusif dövrünün savadlı, hörmətli adamlarından olmaqla bahəm, yaxşı şeirlər yazırmış (təəssüflər olsun ki, hələlik onun şeirlərindən əldə edə bilməmişik). Böyük Vətən Müharibəsi vaxtı onun mahalda olan hörmətinə və seyidliyinə görə müharibəyə səfərbər etmirmişlər. Lakin kolxoz sədrinə yazdığı tənqidi şeir el-obada dillər əzbəri olandan sonra sədr onu 1942-ci ilin mart ayında müharibəyə göndərtdirmişdir. Süleymanov Seyid Yusif Seyid Bayram oğlunun müharibədən sonuncu üçkünc məktubu indiki Rusiya Federasiyasının Çeçenistan Respublikasından gəlmişdir.
İsmayıl Məhəmməd oğlu Tağıyevlə Seyid Qələm Seyid Yusif qızının evliliyindən dörd oğlan, iki qız dünyaya gəlib. Onlardan iki oğlan – Mirağa və Mirəziz uşaq olarkən vəfat ediblər. Sonrakı doğulan ilk oğlana Mirağanın adı təkrar qoyulmuşdur. Mirağadan sonra Yasəmən, Mirbala və Nazilə adlı övladlar anadan olublar. Mirbalaya doğmaları və onu tanıyanlar Gülağa deyə müraciət edirdilər. 5 iyul 1968-ci ildə doğulan Gülağa orta məktəbi Özbəkistanda, Gəncədə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitununu bitirib. Tərtər rayon Daxili İşlər Şöbəsində baş leytenant rütbəsi ilə "vzvod" komandiri işləyib. Eyni zamanda Azərbaycan Polis Akademiyasında da təhsil alıb. Polis rəisi olub sonra evlənmək arzusunda olan Gülağa 10 yanvar 1999-cu ildə Özbəkistanda vəfat edib və yanvar ayının 13-də Xırdalan qəbirstanlığında əmisi oğlu Əfqanın yanında dəfn olunub. 
1964-cü ildə anadan olan Yasəmən xanım da ali təhsillidir. Daşkənd Dövlət Universitetini bitirib. Hal-hazırda Bakı şəhərindəki 268 saylı orta məktəbdə biologiya müəllimi işləyir. Onun qızı Lalə Azərbaycan Tibb Universitetini bitirib. 
1972-ci il təvəllüdlü Nazilə sonbeşikdir. Gəncə Dövlət Universitetini bitirib. O, da bacısı Yasəmən xanımın işlədiyi orta məktəbdə çalışır. Həyat yoldaşı Rahiblə bərabər qızları Leyla və Gülşəni halal zəhmətləri ilə böyüdürlər.
Yuxarıda sadaladıqlarımızdan da göründüyü kimi bu ailə ziyalı bir ailədir. İndi isə Seyid Bayram ocağının sonuncu seyid xələfinin (bu mənim şəxsi fikirimdir) həyat yoluna nəzər salaq.
Tağıyev Mirağa İsmayıl oğlu 10 may 1961-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Daşkənd kəndində orta məktəbə getmiş, səkkizinci sinfə qədər həmin məktəbdə, 9-10-cu sinifləri isə Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki 9 №-li orta məktəbdə oxumuşdur. Burada orta məktəbi bitirən Mirağa Tağıyev 1978-ci ildə V.İ.Lenin adına Daşkənd Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Oxuduğu müddətdə eyni zamanda Daşkənd şəhərinin Xəmzə rayon Xalq Məhkəməsində işləmişdir. Ali təhsil aldığı müddətdə həmçinin Özbəkistanda "zbor"da olmuş, ona baş leytenant rütbəsi verilmişdir. 1983-cü ildə universiteti bitirərkən Azərbaycana olan yeganə təyinat Mirağaya təqdim olunmuşdur. O, təyinatla 3 il – 1986-cı ilə qədər Daşkəsən rayonunda hüquqşünas işləmişdir. Bundan sonra Mirağa doğma Daşkənd kəndinə qayıtmış və ixtisasına uyğun olaraq Basarkeçər rayon İcraiyyə Komitəsində çalışmışdır. 1988-ci ildə mənfur qonşularımızın qaldırdığı Qarabağ hadisələrinin ilkin nəticəsi olaraq, canından əziz bildiyi Göyçə mahalını ailəsi ilə birlikdə tərk etmişdir. Tərtər şəhərində məskunlaşan Mirağa Tağıyev elə həmin ildən buradakı hərbi zavodda hüquqşünas işləməyə başlamışdır. Təbiət gözəlliklərindən hədsiz zövq alan Mirağa Tərtər şəhərinə Göyçə qədər vurğun idi. Göyçə mahalında Seyid Bayram ocağına olan böyük inam, sayğı Tərtərdə və bütünlüklə Qarabağ camaatı arasında da olduqca böyük nüfuz qazanmışdı. Neçə-neçə insanlar sınanılmış bu ocağı daim ziyarət etmiş, pənah gətirmişlər. Mirağanın üzündə seyidlərə məxsus bir nur var idi. Hətta onu tanımayan adam belə onu ilk dəfə görəndə, onunla həmsöhbət olanda o dəqiqə anlayırdı ki, o seyiddir. Mirağa çox mülayim, mədəni, adət-ənənələrimizə dəyər verən, mənəviyyatca hər tərəfli zəngin bir insan idi. Rəhmətlik Hacı Seyid Səkinə həmişə "Mirağa atam Seyid Bayrama, Gülağa isə qardaşım Seyid Yusifə çox oxşayır" – deyərdi.
Mirağa Tərtərdə bir seyid övladı kimi halal zəhməti ilə ailəsini dolandırmışdır. Gözəl ailə başçısı olan Mirağanın Aynur və Pəri adında iki qızı var. Hər ikisi atalarının seçdiyi hüquqşünas ixtisasına yiyələniblər. Onlar, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitiriblər. Seyid Qələm xala sevimli balası Gülağanın dərdinə, ayrılığına dözə bilmədiyindən Mirağa ailəsi ilə birlikdə 2000-ci ildən Bakıda məskunlaşmışdır. 
Hələ 1992-ci ildə bacısının həyat yoldaşı Fariz müəllimi, 1995-ci ildə 30 yaşlı əmisi oğlu Əfqanı, 1996-cı ildə əmisi Əlini, 1998-ci ildə dostu Əhlimanı, 1999-cu ildə 31 yaşlı qardaşı Gülağanı itirən Mirağanın son iki ildə itkiləri daha çox oldu. Canı dillə qardaş deyə müraciət etdiyi Lətif müəllimi (15.09.2012), əmisi Məhəmmədəlini (02.10.2012), çağıranda "can ana", "haycan ana" dediyi, 3 aprel 2004-cü ildən xəstə yatan anası Seyid Qələmi (15.01.2013), bibisi oğlu Etibarı (14.02.2013) itirən Mirağanın bu itkilərə ürəyi dözmədi. O, səhhətindən heç vaxt şikayət etməsə də, 18 mart 2013-cü ildə haqq dünyasına qovuşdu.
Bacısı Yasəmən xanımın söylədiklərindən: "Anamın yeddisi gününün axşamı Mirağanın ürəyi sıxıldı. Təcili yardım çağırdıq. Həkim yoxladı, ilk tibbi yardımı edəndən sonra məsləhət verdi ki, sabah mütləq ciddi yoxlanılsın. Tezdən Mirağa 5 saylı Kliniki Xəstəxanaya gedib tamam yoxlanıldı. Ürəyində genişlənmə müəyyən olunduğundan həkim bir kurs müalicə yazmışdı. Müalicə ona yaxşı təsir eləmişdi. Xeyli yaxşılaşdı. İkinci kursu da təzəcə götürmüşdü. Dərmanlarını qəbul edirdi. Martın 17-də axşam xeyli söhbət etdik. Heç nəyi yox idi. Saat birə qədər televizora baxdı. Sonra yatağına uzanıb yatdı. Səhər tezdən xoruz banı vaxtı idi. Gördüm Mirağa qalxdı, həyətə çıxdı. Sonra da həyətdən gəldi. Gördü mən də oyağam. Soruşdu ki, niyə yatmırsan. Dedim ki, yatacam. O da keçdi yerində yatdı. Saat yeddi olardı. Elə bil mənə dedilər ki, Mirağaya nəsə olub. Yerimdən qışqırdım ki, Mirağa, ay Mirağa. Gördüm cavab gəlmədi. Vahimələnib, qorxan kimi oldum. Mən Mirağaya tərəf getdim. Qızı da o biri tərəfdən səsimə qalxıb gəldi ki, atama nə olub? Dedim bilmirəm. Çatdım ki, yatdığı kimicə yatır. Amma gördüm ki, dodağı gömgöydü. Əlimlə nəbzinə baxdım, hiss etdim ki, nəbzi vurmur. Təcili yardım çağırdıq. Həkim gəldi dedi ki, heç yarım saat deyil ki, vəfat edib. 
...Ağır tale yazılıbmış, qardaşıma. Nənəm deyərdi ki, "gorda yatan evdə yatmaz". Hayıf oldu bizi qoydu zülümə. Dərdini çəkmək o qədər ağırdı mənə. Dərdini vallah çəkə bilmirik. Heç olmasa qızlarına toy eləsəydi, yaxşı olardı. Arzuları gözündə qaldı".
Seyid Qələm xalanın yasında bacım Rəfiqə xanım və mən Mirağaya başsağlığı verərkən o bizə belə dedi: "Mənə qardaş qismət deyilmiş. Üç qardaşım vəfat edib. Mən Lətifi özümə qardaş bilirdim, o, da rəhmətə getdi. Allah rəhmət eləsin Lətifə. Görürsüz ki, mənə qardaş qismət deyil. Üstəlik, anamı da itirdim". Bəli, əzizimiz Mirağa, heç sənin bacıların Yasəmən, Nazilə, Mahnur və Elmiraya da tanrıdan qardaş qismət deyilmiş. Rahat yat, qardaşım Mirağa. Sənin kimi insanların yeri cənnətdir. Haqq dünya oradır. Bura nahaqq dünyadır. Əmin oğlanlarının canları sağ olsun, sənin bacılarına layiqli qardaş olacaqlarından arxayın ol. Mən də sənin bacılarını özümə bacı bilirəm və inan ki, onları yeganə bacım Rəfiqədən seçmirəm...
...Lətif müəllimlə Mirağanın həmkəndliliyi, qonşuluğu öz yerində, onlar bir-birinə qardaş deyirdilər. Lətif müəllim nəvəsi balaca Lətif doğulanda Mirağaya demişdi ki, sən onun kirvəsisən. Mirağanın bacıları söyləyirlər ki, Lətif müəllimin qırxı çıxmayınca Mirağa heç bir toya getmirdi. Bu iki dostun, qardaşın son talelərində də bir uyğunluq var. Hər ikisi 52 yaşında rəhmətə getdi, bu hamını yandıran itki oldu. Mirağa əziz dostu Lətif müəllimin ayrılığına cəmi 6 ay dözə bildi. İndi onlar yenə də haqq dünyada bir yerdədirlər.
Həyatın qanunu belədir, gələn getməlidir. Allah ulularımıza rəhmət eləsin! Mirağanın rəhmətlik nənəsi deyərmiş ki, "gorda yatan evdə yatmaz". Bəli heyif Lətifə, heyif Mirağaya. Allah hər ikisinin yerini cənnətməkan, ruhlarını şad eləsin. Sonda sözümü Mirağa sevərlərdən biri, gənc şair Qılman İmanın Mirağaya həsr etdiyi "Bu dünyadan" adlı şeiri ilə bitirmək istəyirəm:

Ağa gəlmişdi dünyaya,
Ağa getdi bu dünyadan.
Qara torpağa – bükülüb,
Ağa getdi bu dünyadan.

Dərd önündə dayanıb tək,
"Yaşa" – dedi, susdu ürək!
Uşaq kimi qəlbi kövrək,
Yuxa getdi bu dünyadan.

Bitmədi heç əkdirdiyi,
Qəm eviydi tikdirdiyi,
Gülağanın çəkdirdiyi,
Dağa getdi bu dünyadan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR