Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Göyçə aşıq məktəbinin gələcək davamçısı

Araz Yaquboğlu - Göyçə aşıq məktəbinin gələcək davamçısı
Sakura

Araz Yaquboğlu - Göyçə aşıq məktəbinin gələcək davamçısı

İmanov Gəncəli Kamandar oğlu 17 oktyabr 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhər N.Nərimanov rayonundakı Natiq Tağıyev adına 212 saylı orta məktəbdə təhsil almağa başlamışdır. Hal-hazırda VIII sinifdə oxuyan Gəncəli doğma ana dili ilə bərabər rus, ingilis və türk dillərində danışmağı da bacarır. O bütün fənləri sevir və əla qiymətlərlə oxuyur. Hətta riyaziyyatdan olimpiada iştirakçısı da olub. Hələ məktəbə gedənə qədər beş yaşlı balaca Gəncəli iti zehni, zirəkliyi, çalışqanlığı sayəsində oxuyub-yazmağı öyrənmişdi.
O, Göyçə mahalının Daşkənd kəndində anadan olan ata babasının adını daşıyır. Soyuna, kökünə bağlı mədəni bir oğlandır. Böyüklərin əhatəsində olmağı, özünü böyüklərə sevdirməyi bacarır. 2009-cu ildə oxuduğu orta məktəbin ictimai işlərində fəal iştirakına görə fəxri fərmanla, dərs əlaçısı olduğuna görə isə məktəb tərəfindən tərifnamə ilə təltif olunub.
Göyçədə anadan olmasa da, göyçəlilərə məxsus keyfiyyətlər onda cəmlənmişdir. Gözünü açandan sazın-sözün vurğunu olan atası Kamandardan eşitdikləri damla-damla onun qəlbinə dolmuş, sazın vurğununa çevrilmişdir. Bundan sonra balaca Gəncəlinin atası Kamandar İmanov onu dövrümüzün kamil saz müəllimlərindən olan Nemət Qasımlının məktəbinə qoyur. Beləliklə, 4 aprel 2009-cu ildən saz çalmağa başlayan Gəncəli ustadı Nemət Qasımlının məktəbində dərs alır və onun ən istedadlı şagirdlərindən birinə çevirilir. O cəmi iki ildə 30-a qədər havanı mükəmməl öyrənir. Festivallarda iştirak etməyə başlayan balaca aşıq adlı-sanlı səhnələrdə – Beynəlxalq Musiqi Mərkəzində, H.Əliyev adına sarayda çıxışlar etməyə başlayır. Onun çaldığı "Ovşarı", "Dilqəmi", "Kərəmi", "Baş sarıtel", "Orta sarıtel" və başqa saz havalarını dinləməkdən doymaq olmur.
Qeyd etmək lazımdır ki, indiyə qədər Gəncəli İmanov haqqında mətbuat səhifələrində və kitablarda məqalələr də yazılmışdır.
Ülviyyə Hacılının "Davamçılar" (IV cild, Bakı, "İndigo", 2010) adlı iri həcmli uşaq ensiklopediyasının 275-ci səhifəsində oxuyuruq: – "Gəncəli dərslərindən əlavə olaraq musiqi ilə də məşğul olur. Onu isə musiqiyə həvəsləndirən atası olub. Belə ki, 24-25 avqust 2009-cu il tarixdə YUNESKO-nun çəkdiyi "Azərbaycan Respublikasında uşaqların aşıq sənəti" ilə bağlı bədii filmə çəkilib. 19 noyabr 2009-cu il tarixdə H.Əliyev adına sarayda Nemət Qasımlının rəhbərliyi altında keçirilən konsertdə iştirak edib." Teyyub Heydərlinin "İllər... Arzular" (Bakı, "Avropa", 2009) kitabının 51-52-ci səhifələrində də Gəncəli İmanovun təlim-tərbiyəsi, təhsili barəsində xoş sözlər yazılmışdır. 
Aşıq Ələsgərin 190 illiyi ilə əlaqədar "Dərnəgül" əyləncə mərkəzində 28 may 2011-ci ildə keçirilən gecədə tədbirin aparıcısı Eldar İsmayılın təqdimatı ilə səhnəyə çıxan Gəncəlinin ifasını dinləyən tamaşaçılar onu çox böyük alqışlarla yola saldılar. İfadan sonra professor Qara Namazovun, Aşıq Ələsgərin nəvəsi, filologiya elmləri namizədi İslam Ələsgərin Gəncəli İmanov haqqında söylədikləri fikirlər onun böyük gələcəyindən xəbər verir. Həmin tədbirdəki çıxış İctimai Televiziyanın "Ozan" verilişində də yayımlanmışdır. Gəncəlinin həmin tədbirdəki çıxış-ifasına Qədir Aslanın "Respublika" qəzetinin 20 iyul 2011-ci il tarixli sayında çap edilən "Aşıq sənətinin pərəstişkarı" başlıqlı məqaləsində də geniş yer ayrılmışdır.
Göyçə aşıq məktəbinin Daşkənd kəndindən olan yetirmələri Aşıq Nəcəf, Aşıq Səfiyar, Aşıq Əli Şairov, Aşıq Abbasəli, Aşıq Ziyad, Aşıq Novruz, Aşıq Hacı Göyçəli, Aşıq Nuriddin və neçə-neçə bu kimi ustad aşıqların beşiyi olan Daşkənd kəndinin aşıq mühitini qoruyacaq aşıqlarımız yetişməkdədir. Gəncəlinin də Göyçə aşıq məktəbinin gələcəkdə daha da püxtələşərək ən istedadlı davamçılarından olacağına inanırıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR