Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Əvəzolunmaz pedaqoq, unudulmaz insan

Araz Yaquboğlu - Əvəzolunmaz pedaqoq, unudulmaz insan
Sakura

Araz Yaquboğlu - Əvəzolunmaz pedaqoq, unudulmaz insan

İnsan çox az adamı qəlbinə yaxın hesab edir. Belə insanları itirmək adama çox pis təsir edir. Mənəvi cəhətdən insan sanki zəifləyir, yoxsullaşır. Kəndimizin ağırnəfəsli, ötkəm-sözlü seyidlərindən olan Seyid Yusifin qızı Seyid Qələm xanımın vəfatının qırx mərasimində Mürsəl dayı mənə dedi ki, bu gün İbrahim müəllim də rəhmətə gedib. Bir anlıq keçirdiyim hissləri ifadə edə bimədim, sadəcə "Allah rəhmət eləsin, yaxşı insan idi", – sözlərini deyə bildim. Və o gündən içimdə həqiqi bir narahatlıq duymağa başladım. Bu narahatlığı ancaq onunla bağlı nəsə bir iş görməklə azalda bilərdim. Axı, yazmaqdan başqa əlimdən nə gəlir ki... Beləcə fikrimi qətiləşdirdim. Amma belə fikirdəyəm ki, nəinki mən, hətta heç kim İbrahim müəllimin insanlığını, pedaqoqluğunu, böyüklüyünü, mənəvi zənginliyini olduğu kimi açıb göstərə biməz. Bunlara rəğmən, bacardığımı yazmağa, onu oxuculara tanıtmağa çalışacağam.
İbrahim Albaba oğlu Bayramov 21 avqust 1942-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Doğma kəndində orta məktəbə getmiş, 1961-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ilin noyabrında hərbi xidmətə çağırılmışdır. 1964-cü il dekabr ayının 3-də xidmətini başa vurduqdan sonra doğulduğu kəndin "Qırmızı Rəncbər" kolxozunda əmək fəaliyyətinə başlamışdır. Bir müddət kolxozda işlədikdən sonra ali təhsil almaq məqsədilə Bakı şəhərinə üz tutan İbrahim Bayramov qəbul imtahanında məqbul nəticə göstərməsinə baxmayaraq, müsabiqədən keçə bilməmişdir. 
Sonrakı əmək fəaliyyətini Bakı şəhərində davam etdirən İbrahim Bayramov 1965-ci ilin iyul ayından "Sutikinti" trestinin Çapayev adına Tikinti Quraşdırma İdarəsində dülgər işləməyə başlamışdır. İşləməklə yanaşı kitablardan ayrılmamış, ciddi şəkildə imtahanlara hazırlaşmışdır. 1966-cı ildən Azərbaycan Neftçıxarma Sənayesi Nazirliyinin 26 Bakı Komissarı adına Neft Mədənləri İdarəsində qazmaçı işləmişdir. 1967-ci ildə sənədlərini M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna vermişdir. Bu dəfə taleyi onun üzünə gülmüş, instituta qəbul edilmiş və istehsalatdan ayrılmamaqla ali təhsilini davam etdirmişdir. Zəhmətkeşliyi özünə "ali peşə" hesab edərək heç zaman çətinliklərdən usanmamış, daim çalışmışdır. Daha sonra o, 1969-cu ilin sentyabrından 1971-ci ilin may ayına qədər həmin idarədə sürücü işləmişdir. 
Bu dövrdə İbrahim Bayramov ixtisasına uyğun olaraq müəllim işləmək üçün doğma Göyçə mahalına qayıtmışdır. O, 1971-ci ildə kəndimizin adlı-sanlı kişilərindən olan, el ağsaqqalı Hüseyn Əliyev və Seyid Bayramın qızı Hacı Seyid Səkinənin ailəsində tərbiyə alan, bu gün sözün əsl mənasında ağbirçəklərimizdən sayılan, 28 noyabr 1953-cü il təvəllüdlü Mələksuma xanımla ailə həyatı qurmuşdur. Bu evliliyin özü də İbrahim müəllimin kənddə olan yaxşı nüfuzundan xəbər vermişdir. Onların ailəsində 1 oğul, 5 qız dünyaya gəlmişdir. Övladları da bu ailəyə xas tərbiyələri, mədəniyyətləri ilə kənd camaatının böyük rəğbətini qazanıblar.
İ.Bayramov 1971-ci ilin sentyabrından doğulduğu kəndə qonşu olan Yuxarı Şorca kənd 8 illik məktəbində rus dili və ədəbiyyatı fənnini tədris etməyə başlamışdır. 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmiş, "orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi" ixtisası almışdır. 1973-cü ildən 1988-ci ilin sonuna – məlum hadisələrə qədər Daşkənd kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmişdir. 
1988-ci ildə Göyçə mahalını məcburən tərk edən İbrahim müəllim həmkəndlilərinin hələ 1953-cü ildən məskunlaşdığı Bərdə rayonunun Yeni Daşkənd kəndində ailəsi ilə birlikdə məskunlaşmışdır. Burada da ixtisasına uyğun olaraq müəllim işləməyə başlamışdır. Azərbaycan məktəblərində rus dili və ədəbiyyatı tədrisi ləğv olunanadək öz müəllimlik borcunu ləyaqətlə yerinə yetirmişdir. Əməksevərliyi ilə seçilən bu insan burada da özünə gün-güzəran yaratmış, ev tikmiş, övladlarını yerbəyer etmiş, oğlunu evləndirmiş, qızlarını köçürmüş, hamısını ailə, ev-eşik sahibi etmişdir. Gözəl-göyçək nəvələrin babası olmuşdur.
...2011-ci ildən İbrahim müəllimin sağlamlığında problemlər yaranmağa başladı. Xəstəliyi bir o qədər özünü büruzə verməsə də, oğlu Mehdi onun sağlamlığına diqqətlə yanaşır, müalicəsini mütəmadi nəzarətdə saxlayırdı. Bir müddət müalicə olunan İbrahim müəllimin sağlamlığında irəliləyiş az hiss olunduğundan 2012-ci ilin yayında Mehdi atasını İrana apardı. Müalicələrdən sonra xeyli yaxşılaşsa da, çox heyiflər olsun ki, İbrahim müəllimin səhhəti sonradan pisləşdi və 23 fevral 2013-cü il tarixində bu dünyanı tərk etdi. 
Mart ayının əvvəlləri idi. Tanınmış riyaziyyatçı, gözəl şeirlər müəllifi Maksim müəllimin yenicə çap olunan "Tufandan tez yeli çatar" adlı şeirlər kitabını mətbəədən götürmək üçün görüşdük. Hal-əhvaldan sonra İbrahim müəllim haqqında yazı üzərində işlədiyimi bildirdim. O, çox sevindi, rəhmətlik İbrahim müəllim haqqında maraqlı bir hadisəni və fikirlərini mənimlə bölüşdü. 
Maksim müəllimin söylədiklərindən: "Sonsuz dərəcədə yaxşı bir insan idı. İbrahimdə olan xasiyyət demək olar ki, tək-tək insanlarda olur. Mərd, düzgün, ağıllı, tədbirli, təəssübkeş, yaxşı qonşuluğu olan, kənd camaatı, təmsil etdiyi el haqqında yaxşı bir fikir formalaşdırmağa çalışan adamıydı. Ziyalıydı, sözün əsl mənasında müəllimiydi, əsl və həm də yaxşı pedaqoq idi, yaxşı rəssamıydı. Gözəl əl qabiliyyəti varıydı, peşəkar rəssam kimi karikaturalar çəkirdi. Bir də baxırdın ki, müəllimlər otağında söhbət edə-edə, 5–10 dəqiqənin ərzində yüksək keyfiyyətli karikatura çəkib. Bu müddətdə belə bir əsər yaradılmasına adam inana bilmirdi. 
...1987-ci il idi. O vaxtkı SSRİ Təhsil Nazirliyindən milli məktəblərdə rus dilinin səviyyəsini öyrənmək üçün komissiya bütün ölkə üzrə yoxlamalar aparırdı. Bizə xəbər verilməmişdi. Bir də gördük ki, İrəvandan da 2–3 nəfər nümayəndə daxil olmaqla Moskvadan yoxlama gəlib. Basarkeçər rayonunun Maarif Şöbəsindən Daşkənd orta məktəbini yoxlamağı məsləhət bilmişdilər. Rayondan da metodistlər gəlmişdi. Moskvadan gələn komissiyanın nümayəndəsi qadın idi. Nə isə, dedilər ki, rus dili dərsində oturacağıq. 
O vaxt Qoşunalı müəllim məktəbin direktoru, mən isə dərs hissə müdiri idim. Biz məsləhətləşib qərara gəldik ki, İbrahim müəllimin dərsində otursunlar. İbrahimə dedim ki, sənin dərsində yoxlama olacaq. O isə bir qədər narazılığını bildirdi: "Axı, açıq dərsə mən hazır deyiləm, mən hazırlaşmamışam. Mənə niyə qabaqcadan xəbər verməmisiniz?". Dedim ki, bizim də xəbərimiz olmayıb. Xülasə, biz də komissiya üzvləri ilə bərabər getdik dərsdə oturduq. İbrahim müəllim dərsini hər gün olduğu kimi, adi qaydada keçirdi. Komissiya üzvləri düz dərsin sonuna qədər oturdular. Sonra gəldilər dərsi müzakirə etməyə. Qaydalara uyğun olaraq, əvvəlcə İbrahim müəllim danışdı və dərsi əla keçməsinə baxmayaraq: "Keçdiyim dərsdən o qədər də razı qalmadım, ürəyimcə olmadı. Bir neçə tapşırıq vardı ki, onları şagirdlərə çatdıra bilmədim", – dedi. İbrahim müəllimdən sonra danışmaq üçün rayondan gələn metodist ayağa durdu. Bu zaman Moskvadan gələn qadın ayağa qalxdı və dedi ki, heç kimin danışmağına ehtiyac yoxdur. Öz çıxışında fikrini belə bildirdi: "Bu məktəbin bəxti gətirib ki, onun Bayramov kimi müəllimi var. Mən indiyə qədər bir çox milli məktəblərdə olmuş, tədrisin səviyyəsini yoxlamışam, amma hələ belə dərs görməmişəm. Mən bunu Təhsil Nazirliyində də deyəcəm. Bu metodikanı nümunəvi bir iş olaraq raportumda qeyd edəcəyəm və imkan daxilində yayılmasına nail olacağam". İbrahim qayıtdı ki, axı mənim aksentim var. Buna cavab olaraq qadın bildirdi: "Bayramov sizin o qədər şirin aksentiniz var ki, mən rus ola-ola istəyirəm ki, sizin aksentinizdə danışam". Yoxlamanın nəticəsi o oldu ki, bizim rayon SSRİ Təhsil Nazirliyinin keçici bayrağını aldı. Basarkeçər rayonunun bu bayrağı almasında rayon rəhbərliyi də təsdiq edirdi ki, əsas səbəbkar Daşkənd orta məktəbi və məktəbin müəllimi İbrahim Bayramov olub.
Həqiqətən də İbrahimdə olan metodika heç bir müəllimdə yox idi. Daşkənd məktəbində birinci sinif uşağından tutmuş məktəbin rəhbərliyinə qədər hamı onu çox istəyirdi. Kəndin özündə də ona böyük hörmət vardı". 
Maksim müəllimin söylədiklərinə əlavə olaraq deyim ki, İbrahim müəllimin digər istedadı, yaxşı əl qabiliyyətinin olması da Basarkeçər rayon rəhbərliyinə də yaxşı məlum idi. 1980-ci ildə Göyçə gölünün suyunu artırmaq (!) məqsədi ilə Arpa çayından gölə su axıtmaq üçün çəkilən 48,6 km uzunluğundakı tunelin təntənəli açılışındakı şüarların və afişaların yarısından çoxu İbrahim müəllimin əl işi, zəhməti idi. Onun özü də həmin tədbirin iştirakçısı olmuşdur. Yeri gəlmişkən, 1972-ci ildə keçirilən Aşıq Ələsgərin 150 illik yubileyi ilə bağlı tədbirlər ərəfəsində görkəmli aşığın şəklinin çəkilməsi üçün keçirilən müsabiqə zamanı İbrahim müəllim də öz fitri istedadına güvənərək Dədə Ələsgərin şəklini çəkmişdir. Bu şəkil müsabiqədə ən yaxşı şəkillərdən biri hesab olunmuşdur. Hətta o zaman aşığı sağlığında görən yaşlı insanlara bu şəkli göstərəndə, onlar bu şəkildəkinin Aşıq Ələsgər olduğunu təsdiq etmişlər. Onun əl işləri Daşkənd orta məktəbində olduğu kimi Bərdədəki Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbində də çoxdur.
İbrahim müəllimin ruhuyla söhbət: "Əzizimiz İbrahim müəllim, bizlərdən cismən ayrılsanız da heç zaman qəlbimizdən çıxmayacaqsınız və sizi tanıyanların ürəyində daim yaşayacaqsınız. Allah Sizə rəhmət eləsin, müəllim! Siz son mənzilə yola salınanda təkcə doğmalarınız, qohumlarınız, Sizi tanıyanlar, sözün həqiqi mənasında, böyük hərflərlə SEVƏNLƏR ağlamır, qoca təbiət də ağlayır, göydən yerə göz yaşları çiləyirdi. Mən inanıram ki, həmin gün Sizin qəlbinizdə daim ən yüksəkdə bərqərar olan Göyçə mahalının əsrarəngiz gözəlliklərə malik təbiəti də ağlayırdı.
Siz çox alicənab bir insan idiniz, İbrahim müəllim. Yaxşı xatirimdədir, yeganə oğlunuz Mehdinin çoxsaylı dostlarından biri, qardaşım Eldəniz 3–4 il öncə özünə şəxsi ev tikmək istəyirdi. Ona ev tikmək üçün ayrılmış torpaq sahəsi kəndin ucqar yerində olduğundan Siz Mehdinin kəndin girişində, əlverişli yerdə olan torpaq sahəsini heç bir tərəddüd hissi keçirmədən Eldənizə verdiniz: "Mehdi tək oğuldu, ona ev lazım deyil, mənim evim var bəsimizdi. Mehdinin oğlu da, hələ balacadı". Məncə bunu bəzi hallarda qardaş qardaşa eləmir. Yaşadığımız indiki dövrdə sizin etdiyiniz böyük bir xeyirxahlıq, yaxşılıq təcəssümü idi. Kaş ki, bütün insanlar Sizin qədər böyük qəlb sahibi olaydılar. Dəfələrlə eşitmişəm ki, kimsə düzgün olmayan bir iş görəndə, haram işə əl atanda onlara düzgün yolu göstərib, məsləhət verirmişsiniz". 
İbrahim müəllim rəhmətə gedən gün sosial şəbəkədə bu haqda informasiya yerləşdirmişdim. Mehdinin ağrı-acısına yüzlərlə insan şərik oldu, Allahdan rəhmət dilədi. Həmin rəylərdən cəmi beşinin qısa məzmunu ilə oxucularımızı da tanış etmək istəyirəm:
– gözəl müəllim və vətənpərvər insan idi;
– çox gözəl insan, sadəlik simvolu idi;
– İbrahim müəllim cox hörmətli bir insandı;
– Daşkənd orta məktəbinin müəllimlər kollektivi içərisində İbrahim müəllimin öz yeri vardı;
– əvəzolunmaz pedaqoq idi. Allahdan yeganə oğlu Mehdiyə səbir, dəyanət arzulayırıq.
Bu fikirlərin məcmusu olaraq İbrahim müəllimin vəfat etməsini elimizin, Azərbaycanımızın gözəl bir insanı, əvəzlonumaz pedaqoqu itirməsi kimi qiymətləndirmək olar. Bütün qeyd olunanları nəzərə alaraq İbrahim Bayramov haqqında nə qədər yazsaq, nə qədər söyləsək yenə də azdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR