Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Eldən gedən oğul

Araz Yaquboğlu - Eldən gedən oğul
Sakura

Araz Yaquboğlu - Eldən gedən oğul

Unutmaz tarixin böyük günləri,
Dünyaya mərd gəlib, mərd gedənləri.
                       Səməd Vurğun
Göyçə mahalının Daşkənd kəndində son dövr – yəni XVIII əsrin sonu XIX əsrin əvvəllərindən bu yana insanların məskunlaşması haqqında apardığımız araşdırmalarımız zamanı müəyyən etmişik ki, nəsil və soyların 80%-dən çoxu əslən Qazax qəzasından olublar. Bu da səbəbsiz olmamışdır. Belə ki, Göyçə mahalının geniş otlaqları mal-heyvan saxlamaq üçün daha əlverişli olmuşdur. Ona görə də demək olar ki, mahalın ərazisi, eləcə də Daşkənd kəndi Qazaxdan olan insanların yaylaq yerləri olubdur. Dediyimiz kimi kənddə son məskunlaşmanın ilk sakini Qazaxın Daş Salahlı kəndində doğulan Hacı Hüseyn olmuşdur. Belə söyləyirlər ki, Hacı Hüseynin mal-qarası çox, Qazaxda da sıxlıq olduğundan o, çobanı ilə bərabər yurd yeri seçmək üçün Göyçəni gəzib dolanırmış. Onlar Daşkənd kəndinə çatanda burada mal-heyvan saxlamaq üçün bir-neçə iri zağaların (qayaaltı mağara) olduğunu görürlər. Evlərin ancaq xarabalıqları qalıbmış. Bu vaxt çoban Hacı Hüseynə deyir ki, burda yanı quzulu bir qoyun da var. Belə qərara gəlirlər ki, bura ruzili, bərəkətli yerdi, burda yaşamaq olar. Hacı Hüseyndən sonra kənddə məskunlaşma çoxalmağa başlayır. 
Bu sətirlərin müəllifinə Hacı Hüseyn nəslindən olan Pürüzə Əsəd qızı və Rəqiyə Fərrux qızı söyləyiblər ki, Hacı Hüseynin Kərbəlayı Bədəl, Məşədi Mirzə, Məşədi Göyçək və Faxrı adında iki oğlu, iki qızı olub. Məşədi Mirzənin Əbdülkərim, Haqverdi, Xudu adında üç oğlu, Kərbəlayı Bədəlin isə iki oğlu varmış – Atakişi və Ocaqverdi.
Bu yazıda biz ancaq nəslin Kərbəlayı Bədəl qolundan söhbət açacağıq. Bu nəsilə bəzən kənddə "Dumanlılar" da deyirmişlər. Lakin bu düzgün deyil. Araşdırmalarımız zamanı müəyyən etdik ki, Duman indiki "Babalar" dediyimiz nəslin ilk məlum olan babasının adıdır. Aydınlıq üçün bildirək ki, o zaman kənddə sudan növbəlilik əsasında istifadə edirmişlər. Kərbəlayı Bədəlin övladları ilə (bu nəslə "Ocaqverdilər" də deyirdilər) Dumanlıların say tərkibini nəzərə alıb növbələrini eyni vaxta salıblar. Camaat arasında daha çox "Dumanlıların növbəsi" ifadəsi işləndiyindən "Ocaqverdilər" nəsli bu nəsillə bir hesab edilmiş və nəticədə belə yanlış adlandırma olmuşdur.
Kərbəlayı Bədəlin böyük oğlu Atakişi Rəsullular nəslindən olan Hacı Kərim və Hacı Balının bacısı Xatunla ailə qurub. Bu evlilikdən Məşədi İsmeyil və Əvzər anadan olublar. Kərbəlayı Bədəlin ikinci oğlu Ocaqverdi Məmmədin qızı Xeyransanı alıb. Onların Əsəd, Məhərrəm, Fərrux və Böyükkişi adında dörd oğlu olubdur. Əsəd Kəlbəcərin Qaraçanlı kəndindən olan Möylənverdinin qızı Pərcahan ilə evlənib. Bu ailənin Ruqiyə, Sayad, Xuraman, Tamam və Pürüzə adında övladları olub. Ocaqverdi oğlu Əsədin qızları Xuraman və Tamam 10-11 yaşlarında çiçək xəstəliyindən vəfat ediblər. Qalan iki qız – Pürüzə 74 yaşında, Ruqiyə isə 100 yaşında Bərdə rayonunun Yеni Daşkənd kəndində vəfat ediblər. Əsədin yeganə oğlu Sayad Bədəlov 1912-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1941-ci ilin noyabr ayında Basarkeçər RHK-dan orduya çağrılmışdır. 1942-ci ilin yanvar ayında Sevestapolda sağ ayağından yaralandıqdan sonra ordudan tərxis olunub kəndə qayıtmış və yenidən Böyük Vətən Müharibəsinə səfərbər olunmuşdur. O, 1942-ci ilin mart ayında müharibədə itkin düşmüşdür. Sayad Bədəlov 1935-ci ildə ailə qurubdur. Anası Pərcahan xanım Kəlbəcərin Qaraçanlı kəndində yaşayan qardaşı Mirzənin qızı Sənəmi oğluna alıbdı. Sayadla Sənəmin ailəsində bircə oğul – Frunze dünyaya gəlib. Hər kəlməsi hikmətli sözlərdən yoğrulan Hacı Frunze 2006-cı ilin yanvar ayında müqəddəs həcc ziyarətində olub. Ulu babası Hacı Hüseyn kimi o da oruc tutub, namaz qılan, dini ayinlərə əməl edən bir el ağsaqqalıdır.
Hacı Frunze 1958-ci ildə "Babalar" nəslindən olan Babışın qızı Suyatel xanımla evlənib. Bu sadə və zəhmətkeş ailədə üç oğul, bir qız dünyaya gəlib – Lətif, Aftel, İlqar və Zülfüqar.
Haqqında daha geniş söhbət açacağımız Hacı Hüseynlilər nəslinin layiqli, dəyərli varisi, hamının ümid yeri olan Əsədov Lətif Hacı Frunzе oğludur. O, 2 yanvar 1960-cı ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində doğulmuşdu. 1977-ci ildə orta məktəbi bitirmiş, 1977-1979-cu illərdə Bərdə rayonundakı Kəndtikinti İdarəsində işləmişdir. 1979-1981-ci illərdə Murmansk şəhərində hərbi хidmət keçən Lətif Əsədovun KP-na namizədliyi verilmişdir. O, 1982-1990-cı illərdə Komunist Partiyasının üzvü olub.
1982-ci ildə S.Ağamalıoğlu adına «Şərəf nişanı» ordеnli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Kənd Təsərrüfatının Mехanikləşdirilməsi" ixtisasına rus dili üzrə qəbul olmuşdur. Oxuduğu müddətdə nümunəvi tələbələrdən olmuş, qrup nümayəndəsi kimi institututda keçirilən tədbirlərdə yaxından iştirak etmişdir. 1987-ci ildə ona mühəndis-mexanik iхtisası və leytenant rütbəsi verilmiş, oxuduğu institutu fərqlənmə diplomu ilə başa vurmuşdur.
1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda aspiranturaya qəbul olmuşdur. Bundan sonra Lətif müəllim bir müddət müхtəlif аli məktəblərin auditoriyalarında və elmi seminarlarda mühazirələr oxumuşdur. O, Azərbaycan Elmi Tədqiqat "Aqromexanika" İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1987-ci ildən təyinatla Ağdam şəhərindəki 50 saylı Texniki Peşə Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan Lətif müəllim Ağdam şəhərində min bir zəhmətlə tikib başa gətirdiyi müasir iki mərtəbəli evində cəmi bir neçə ay yaşaya bildi. 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı o da qaçqınlıq həyatı yaşamalı oldu. Bir müddət Bərdədə yaşadıqdan sonra Bakı şəhərinə köçdü, taleyini birdəfəlik Bakı şəhəri ilə bağladı. Respublikanın ağır günlərində min bir zəhmətlə ailəsini dolandırdı, özünə yenidən ev-eşik qurdu, bütün təminatlarının hamısını ödəyəcək dərəcədə halallıqla özünə güzaran yaratdı.
Lətif Əsədov bundan sonra əlavə qazancını ancaq хеyriyyəçilik işlərinə xərclədi. O, halal qazancını məscidlərin təmirinə maddi köməklikdən tutmuş hər il müqəddəs bayramlarda Bilgəhdəki qocalar evinə, ehtiyacı olan xəstələrin müalicə olunmasına qədər xərclədi. Dəfələrlə şahidi olmuşam ki, Lətif müəllim kimsəsiz gənclər ailə quranda onlara xeyli sayda məişət avadanlıqları hədiyyə edib. Onu yaxından tanıyanlar da təsdiq edərlər ki, Lətif müəllim bütün elmlərdən dolğun məlumata malik, çox dünyagörüşlü, intellektual savada malik dəyərli bir ziyalı idi. O, ölkədə gedən ictimai, siyasi prosesləri izləyər, mətbuatla yaxından əlaqə saxlayardı. Xüsusən, bədii ədəbiyyatın, aşıqların və aşıq yaradıcılığının vurğunu idi. Xeyli sayda şeirləri əzbər bilər, dahi insanların aforizmlərindən danışığında istifadə edərdi. Aşıq yaradıcılığının təbliğində yaxından iştirak edir və bir çox aşıq və el şairlərinin kitablarını çap etdirirdi. Sərraf Şiruyənin «Könlüm Göyçəni istər», «Hər görüş bir хatirədir», «Göyçədən gələn səslər», Alqayıt Хəlilovun «Yaralı qartal», «Sеyid Bayram ocağı», Aşıq Hacı Göyçəlinin «Mənim sazlı, sözlü dünyam», Qılman İmanlının «Hardan düşdün yadıma sən…», Firdovsi Хəlilovun «Bu ayrılıq əbədidir…», Mələk Quliyevanın "Evdarlıq" və bilmədiyimiz neçə-neçə kitabların təmannasız çapı dediklərimizə əyani misaldır. Lətif müəllim "Sağ əl verdiyini sol əl bilməməlidir" deyimini rəhbər tutaraq çox vaxt etdiyi yaxşılıqları, xeyriyyəçilikləri kiminləsə bölüşməz, heç kəsə deməzdi. Bu baxımdan onun xeyriyyəçilik işlərini okeanda üzən nəhəng aysberqə bənzətmək olar. Aysberqin isə yalnız üçdə biri görünür.
Qeyd edim ki, Lətif Əsədov bir müddət Bərdə rayonu Yеni Daşkənd kənd orta məktəbində oxumuşdur. Son illər yeni tikilən kənd məktəbinin istilik sisteminin işləməməsini eşitdikdə o, tərəddüd etmədən 2008-ci il dekabrın 11-də Yasif Kərimov adına Yеni Daşkənd kənd tam orta məktəbində olmuş, öz yardım əlini uzadaraq məktəbin istilik sistеmini əsaslı təmir еtdirmişdir.
Xeyriyyəçilik işlərini yerinə yetirmək üçün gərəkdir ki, böyük ürək sahibi olasan. Çünki bu hər imkanlı şəxsə qismət olmur. Lətif müəllimdə o böyük ürək həqiqətən var idi. Nağıyevlərin, Tağıyevlərin xeyriyyəçilik missiyasını layiqincə davam etdirən Lətif müəllim illər öncə H.Z.Tağıyev mükafatı ilə təltif edilmişdi.
Gözəl ailə başçısı, tanınmış ziyalı, xeyriyyəçi Lətif Əsədov 15 sentyabr 2012-ci ildə doğmaları ilə birdəfəlik vidalaşdı. Amansız xəstəlik 52 yaşında onu bizlərdən ayırdı.
1988-ci ildə Lətif Əsədov atasının bibisi oğlu, bu gün hamının ehtiramla xatırladığı, Bərdədə tanınmış mühəndis Yaqub Hacıyevin qızı Rəfiqə xanım ilə ailə həyatı qurmuşdu. Onların Vüqar adlı bir oğlu və Aytən adlı bir qızları var. Oğlu Vüqar da ailəlidir, Lətif və Aylin adlı iki övladı böyüyür.
Lətif müəllimin sanki son illər ürəyinə dammışdı ki, rəhmətə gedəcək. Nəvəsinə öz adını qoymasından bir az rahatlıq tapsa da, sanki bütün işlərini qısa müddətdə bitirməyə tələsirdi. Keçən ilin elə bu aylarında mənim də iştirak etdiyim Bilgəh qocalar evindəki görüşdə onun çıxışındakı bir ifadə qulaqlarımdan getmir, dönə-dönə xatırlayıram: – "Əziz ata və analarım! Əgər gələn il Qurban bayramında gəlməsəm bilin ki, mən həyatda yoxam". 
Lətif müəllim, Allah sənin adını daşıyan nəvənə torpağın sanı ömür əta etsin. Sən yaxşı ki, adına layiq Vüqar kimi bir oğul böyütdün, tərbiyə etdin. Və mən inanıram ki, Vüqar sənin yolunu layiqincə davam etdirəcək.
Lətif müəllimin sentyabr ayının 22-də keçirilən yas məclisinin 7-si gününün axşamı şeirləri Lətif müəllimin dilinin əzbərinə çevrilən sevimli şairimiz Şiruyə müəllim (Sərraf Şiruyə) mənə zəng edib Lətif müəllimlə bağlı xatirələrini bölüşdü və onun xeyirxahlığından ürək dolusu danışıb, dəyərli ziyalımızın ölməz ruhuna həsr etdiyi şeirini oxudu.

Bir elin, obanın qolunda qüvvət,
Dizində giriydin, ay Lətif müəllim.
Diləklər diləyib səcdə etməyə,
Müqəddəs piriydin, ay Lətif müəllim. 

Zəhmətin eylədi pirhünər səni,
Təsvir edə bilməz bir əsər səni.
Anlaya bilsək də nə qədər səni,
Açılmaz siriydin, ay Lətif müəllim.

Gərək heykəlləşsin səxalı əlin,
Xalq üçün, el üçün hər xoş əməlin.
Dilindən düşməzdi vətənin, elin,
Millətlə biriydin, ay Lətif müəllim.

Bu yazımı elə bu şeirlə də bitirmək istəyirəm. Allah sənə qəni-qəni rəhmət eləsin, Lətif müəllim!
Sənin kimi insanlar ancaq bizlərdən cismən ayrılır. Sən daim doğmalarının, səni sevənlərin, səni tanıyanların xatirələrində, ürəklərində yaşayacaqsan!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR