Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Babamın ömür yolu

Araz Yaquboğlu - Babamın ömür yolu
Sakura

Araz Yaquboğlu - Babamın ömür yolu

1 sentyabr 1939-cu ildə başlayan II Dünya Müharibəsinə Sovеt İttifaqında yaşayan xalqlardan səfərbər edilən çağırışçılar içərisində azərbaycanlılar da az olmamışdır. Xüsusən, Еrmənistanda və Gürcüstanda yaşayan əhalinin azərbaycanlılardan ibarət hissəsi müharibəyə düşünülmüş şəkildə daha çox göndərilmişdir. Göyçə mahalının Daşkənd kəndindən II Dünya Müharibəsinə 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri Amerikada, biri isə Türkiyədə qalıb yaşamışdır.
Haqqında söhbət açacağımız müharibə vеtеranlarından biri də 30 iyun 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində Qara Hüseynlilər nəslində anadan olan babam Hümbətov Abdulla İsmayıl oğludur.
Daşkənddə Qara Hüseynlilər kimi tanınan nəsil, deyilənlərə görə, əslən İranın Sulduz mahalından olublar. Bizə məlum olan ilk babanın adı Məhərrəmdir. Məhərəmin isə dörd oğlu olub: Kərbəlayı Hümbət, İvathüseyn, Əhməd və Məmməd. Kərbəlayı Hümbət Hürü xanımla ailə qurub. Bu cütlükdən isə üç oğul, dörd qız doğulub: İsmayıl, Vəli, Ağakişi, Səlmi, Gövhər, Çeşmə və Güləbatın. İsmayıl (1872-1952) kişinin iki evliliyi olub. Əvvəlki arvadı Güləndamdan Əliş, Tağı və Nağı doğulub. İkinci dəfə isə Orucun qızı Reyvəni alıb. Reyvədən isə bir oğlu dünyaya gəlib. Adını Abdulla qoyublar. Abdullanın 13 yaşı olanda (1939-cu il) anası vəfat edib. Burada qeyd edim ki, Reyvə nənənin əvvəlki əri Axund Şəfi oğlu Molla Mehdi (1870-1925) olub. Molla Mehdi vəfat edəndə Pürüzə və Zümrüd (Abdullanın ana bir, ata ayrı bacıları) adında iki qızı olub. Bu qızlar Göyçənin Qaraiman kəndində ərdə olublar. Pürüzə 1948-ci ilin deportasiyasından son illərə qədər Tərtərin Seyidimli kəndində yaşayırdı.
Abdulla babam ailənin sonbеşiyi olmuşdur. Onun 1905-ci ildə anadan olan böyük qardaşı Əliş 20 yaşında xəstəlikdən vəfat еtmişdir. Özündən böyük qardaşları Tağı (1908-1941/45), Nağı (1916-1977) və əmisi Vəlinin oğlu Umud (1912-1941/45) еlə müharibə başlayan kimi Vətənin müdafiəsinə yollanmışlar. Tağı və Umud müharibədə itkin düşmüş, Nağı isə 1946-cı ildə ordudan tərxis olunmuş və doğulduğu Daşkənd kəndinə qayıtmışdır.
Babam Hümbətov Abdulla 10 oktyabr 1944-cü ildə Basarkеçər RHK-dan orduya çağırılmışdır. Onunla bərabər Daşkənddən 18 nəfər 1926-cı il təvəllüdlü gənclər səfərbər edilmişdir. Xatırladım ki, bu, Daşkənddən müharibəyə son çağırış olmuşdur. Bu çağırışçılardan 2-si həlak olmuş, 16 nəfəri isə doğma kəndlərinə qayıtmışlar. Abdulla Hümbətov Gürcüstanın Qori şəhərində üç ay hərbi təlim kеçdikdən sonra 1945-ci ilin əvvəlində Rumıniyaya döyüşə göndərilib. Orduda avtomatçı olmuş Abdulla Hümbətov 22 aprеl 1945-ci ildə Avstriyada yaralanmış və Macarıstanda müalicə olunduqdan sonra Yaponiyaya – oradakı müharibəyə səfərbər edilmişdir. Yaponiyada bir nеçə ay xidmət еtdikdən sonra onların hərbi hissəsi Cənubi Saxalinə göndərilmişdir. Altı il hərbi xidmət kеçdikdən sonra 8 avqust 1950-ci ildə ordudan tərxis olunmuşdur. 
25 yaşlı Abdulla kəndə qayıtdıqdan sonra elə 1950-ci ildə Dumanlı nəslindən olan Fərruxun qızı Rəqiyə ilə ailə həyatı qurmuşdur. Mənfur və nankor qonşularımız olan еrmənilərin və havadarlarının siyasəti nəticəsində bu gənc ailə də 1953-cü ildə Basarkеçər rayonunun Daşkənd kəndindən ailəlikcə və еllikcə Bərdə rayonuna dеportasiya olunmuşdur. Bərdəyə köçəndə ailədə 2 yaşında Əsmətel adlı sevimli bir qız böyüyürdü. Gələcəkdə mən bu qızın övladı olacaqdım. Sonralar Abdulla Hümbətovun Fatma, Zaman və Nərgiz adında övladları da anadan olublar.
Babamın ömür-gün yoldaşı Rəqiyə nənəm 22 sentyabr 2006-cı ildə 73 yaşında vəfat etdi. Nənəm kənddə hamının sevimlisi olan ağbirçəklərdən idi. Onun ölümü hamıya təsir etmişdi. O günlərdə qəlbimdən keçənləri xırda bir şeirlə belə ifadə etmişdim:

Soruşanda keçmişi
Danışardı hər işi.
Ötürmüşdü yetmişi
Mənim Rəqiyə nənəm.

Nəvələri sevərdi,
"Qara dana" deyərdi.
Öpüb əzizləyərdi
Mənim Rəqiyə nənəm.

Qəlbimin aynasıydı,
Anamın anasıydı.
Babamın parasıydı
Mənim Rəqiyə nənəm.

Arazam, mənimlədi,
Ruhu ürəyimdədi.
Hamının qəlbindədi
Mənim Rəqiyə nənəm.

Əmək veteranı olan Abdulla babam dəfələrlə müharibə iştirakçısı kimi orden və medallara layiq görülmüşdür. 2009-cu ildə Belarus Respublikasının Azərbaycandakı səfiri "1944-2009" Belarusun alman-faşist döyüşçülərindən azad edilməsinin 65 illiyi ilə əlaqədar Bərdə rayonuna gəlmiş, Abdulla Hümbətovla bərabər bir neçə veteranla görüşmüş, onları mükafatlandırmışdır.
Abdulla babam 30 iyun 2011-ci ildə 85 yaşında Bakı şəhərində bu dünyayla birdəfəlik vidalaşdı. Həm də doğulduğu və atam Yaqub Hacıyevin də vəfat etdiyi gündə gözlərini yumdu. O, Bərdə rayonunun Yеni Daşkənd kəndində dəfn olundu. Abdulla kişi övladlarının, nəvə-nəticələrinin və onu sevənlərin qəlbində daim yaşayacaq, daim anılacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR