Slimfit
  1. ƏDƏBİYYAT

Araz Yaquboğlu - Aşıq Orucun sazlı-sözlü dünyası

Araz Yaquboğlu - Aşıq Orucun sazlı-sözlü dünyası
Sakura

Araz Yaquboğlu - Aşıq Orucun sazlı-sözlü dünyası

Ustad sənətkarın ömrü onun daşıyıcısı olduğu sənətin ömrü qədər olur. Aşıq sənəti “sələfdən-xələfə, ustaddan-şagirdə keçə-keçə bir zəncirin həlqələri kimi uzaq əyyamların sirrini-sorağını telli sazda əkssədaya çevirən sənət məbədi olmuşdur”.

Bu sahənin inkişafında xidməti olan aşıqlardan Aşıq Vəlinin və xüsusən də onun oğlu Aşıq Orucun adını iftixarla çəkmək olar. Oruc Vəli oğlu Əhmədov 1920-ci il martın 20-də Göyçə mahalının Yarpızlı kəndində dünyaya gəlib. Anasının adı Qəndab olub. Atası Vəli (1854-1929) Əhməd oğlu Göyçə mahalında və Azərbaycanın digər bölgələrində tanınmış aşıq olmuşdur. Ustadı Aşıq Alıdan mükəmməl dərs alan Aşıq Vəli uzun zaman Aşıq Qulu (1860-1935) ilə birgə məclislər yola salmışdır. O, Azərbaycanın əksər bölgə və mahallarında keçirdiyi toylarda oxuduğu mahnılar və söylədiyi dastanlarla el-obanın hörmətini qazanmışdır. Aşıq Vəli böyük maarifpərvər yazıçı, dramaturq Nəcəf bəy Vəzirovla dost olmuş, dəfələrlə Qarabağda, Dilican bölgəsində onun apardığı toy və məclislərdə iştirak etmiş, “Hacı Qənbər” komediyasında Aşıq Vəli obrazını yaratmışdır. Aşıq Vəlinin “səsi o dərəcədə zil və güclü imiş ki, yandırılan otuzluq lampaları, çıraqları belə keçirə bilirmiş”.Atası Vəli vəfat etdikdən sonra Oruc onun sazını susmağa qoymamış, çalıb-oxumağa başlamışdır. O, bir neçə il Aşıq İbrahim Alışan oğlu İsgəndərovun şəyirdi olub və sonra müstəqil olaraq aşıqlığa başlayıb.

Professor Qara Namazov “Aşıqlar” kitabında Aşıq Orucun haqqında yazır: “1939-cu ildən müstəqil aşıqlığa başlayan Oruc Göyçə aşıq məktəbinin çox çətin imtahanlarından keçib. Həm məlahətli səsi, saz tutma məharəti, həm də şair aşıq kimi tanınmışdır”. Qara müəllim kitabda aşığın “Kölgəsiz” rədifli şeirini də nümunə kimi oxuculara təqdim etmişdir.

1945-ci ildə Aşıq Oruc Züleyxa Allahverdi qızı ilə ailə həyatı qurub (Aşıq Orucun 1926-cı ildə anadan olmuş ömür-gün yoldaşı Züleyxa xanım aşığın ölümündən sonra 35 il yaşamış, 9 uşaq - 6 oğul, 3 qız övladını böyüdüb boya-başa çatdırmış, 2011-ci il iyul ayının 9-da dünyasını dəyişmişdir. Allah rəhmət eləsin!), gözəl ailə başçısı, övladlarına sevimli ata olmuşdur. 1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən deportasiya olunanda Gədəbəy rayonunun Zəhmətkənd kəndində məskunlaşmışdır.

Azərbaycanda aşıqlar arasında tezliklə tanınan ustad Aşıq Oruc Əhmədov respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə, festivallarda, əmək bayramlarında aktiv iştirak etmişdir. İsfəndiyar Rüstəmov və Aşıq Oruc haqqında “El sənətkarları” məqaləsində oxuyuruq: “Onları şöhrətləndirən öz üzərlərində işləmələri, aşıqlığın bütün incəliklərinə dərindən yiyələnmələri olmuşdur. İndiyədək rayonumuzda (Gədəbəydə – A.Y.) elə bir yığıncaq, şənlik və konsert olmamışdır ki, İsfəndiyarla Orucun məlahətli səsi orada eşidilməsin”. Məqalədən də göründüyü kimi, Aşıq Oruc dövrünün ən aktiv aşıqlarından olmuşdur. “Aşıq Oruc xidmətlərinə görə respublika II aşıqlar qurultayına (III Aşıqlar qurultayına – A.Y.) nümayəndə seçilmiş, xalq yaradıcılıq evinin fəxri nişanı ilə təltif edilmiş və pul mükafatına layiq görülmüşdür”.

Professor Məhərrəm Qasımlı Aşıq Orucun həyat və fəaliyyəti haqqında “Ədəbiyyat qəzeti”ndəki “Ustad” başlıqlı məqaləsində yazır: “1953-cü ildə Aşıq Oruc Gədəbəydə aşıqlar ansamblı yaradır və iyirmi ilə yaxın ansambla rəhbərlik edir. Onun ansamblında yetişmiş İsfəndiyar Rüstəmov, Sədaqət Rəsulov, Zahid Aslanoğlu, Fəzayıl İsmayılov, Şahsuvar Fərzəliyev, Yusif Quliyev və onlarca başqaları indi el məclislərinin sevimlisidir. El sənətinin inkişafında xidmətlərinə görə Aşıq Oruc Azərbaycan Mədəniyyət Nazirliyinin Fəxri fərmanına və bir neçə dəfə pul mükafatına layiq görülüb”. Qəzetdə həmçinin ustadın “Neyləsin” adlı gəraylısı, “Yar sinə-sinə” adlı təcnisi və “Qıfılbənd” (“Kölgəsiz” – A.Y.) başlıqlı qoşması olmaqla üç şeiri çap olunmuşdur.

Aşıq Oruc ifaçı aşıq olmaqla yanaşı həm də yaradıcı aşıq olub. O, aşıq şeirinin demək olar ki, hər şəklində - gəraylı, qoşma, təcnis, divani, müxəmməs və başqa janrlarda şeirlər yazmışdır. Onun yaradıcılığı haqqında Əli Əliyev “El aşığı” məqaləsində belə qeyd edir: “O, yalnız ustad aşıqların sözlərini oxumaqla kifayətlənmir. Həm də özünün, xalqın xoş güzəranından, vətənin gündən-günə artan qüdrətindən və onun gələcəkdə daha qüdrətli olmasından ilham alaraq yazdığı şeirində deyir:

Qəhrəman yurdudur mənim bu yurdum,
Poladdan möhkəmdir yenilməz ordum.
Aşıq Oruc deyər: hər kimdən sordum,
Dedi: - Bundan gözəl sabahımız var.”

 
Aşıq Orucun sənət şəcərəsi

Sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Göyçə aşıq məktəbi” adlı silsilə məqalələrində Aşıq Oruc Əhmədovun “Neyləsin” gəraylısını, “Yar sinə-sinə” təcnisini və “Qıfılbənd” qoşmasını çap etdirmişdir.

Aşıq Oruc çətin oxunan “Koroğlu”, eləcə də az istifadə olunan “Mixəyi”, “Güllü qafiyə”, “Göyçə gözəlləməsi” (bu havaya “Nəcəfi” də deyirlər), “Mirzəcanı”, “Məmmədhüseyni” havalarını gözəl ifa edərmiş. O, ümumilkdə 70-ə qədər saz havasını çalıb-oxuyur və neçə-neçə dastanları bütünlüklə mükəmməl bilirmiş. Radionun qızıl fondunda onun ifasında 11 mahnı saxlanılır. Qurbani dastanı 1954-cü ildə Aşıq Orucdan yazıya alınmışdır. Professor M.Qasımlı bu dastanın əhəmiyyətini göstərərək yazır: “Bütün başqa variantlara nisbətən daha dolğun və əhatəli bu variantdır”.

Aşıq Oruc Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə məclislər keçirib. Ondan dərs alan aşıqlar çox olsa da, onun əsas şəyirdləri Aşıq Şahsuvar və Aşıq Nurəddin olmuşdur.

Əməkdar mədəniyyət işçisi Aşıq Oruc 1976-cı il iyulun 19-da Gədəbəy rayonunun Zəhmətkənd kəndində vəfat etmiş və həmin kənddə də dəfn olunmuşdur.

Sonda onu da vurğulamaq istərdik ki, AMEA Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli atası Aşıq Orucun və babası Aşıq Vəlinin həyat və fəaliyyətlərinə dair xeyli materiallar toplamışdır. Həmin materiallar kitab şəklində çapa hazılanır. İsmayıl müəllim dilçilik üzrə alim olsa da, onun “Azərbaycan dilinin etnoqrafik leksikası” adlı monoqrafiyası da çap olunmuşdur. O, sazın-sözün vurğunu kimi folklorçuluq ənənələrini davam etdirərək özü də vaxtaşırı Azərbaycanın müxtəlif aşıqları haqqında maraqlı yazılarla mətbuatda çıxışlar edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR