AQTA bacarmır, DİN-ə tapşırılsın – Ekspert
Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi istifadəyə yararsız və mənşəyi məlum olmayan ətlərin aşkarlanması barədə tez-tez məlumat yayır. Bu cür hallar onu göstərir ki, aidiyyəti qurumlar tərəfindən nəzarət olunmasına baxmayaraq, hələ də insanların istifadəsi üçün yararsız, ölü heyvan ətləri satılır.
Məsələ ilə bağlı Axar.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür ətlər hansısa restoranın və ya kimlərinsə sifarişi ilə istifadəyə verilir.
“Satış üçün mənşəyi məlum olmayan və istifadəyə yararsız ətlərin aşkarlanması barədə xəbərləri biz illərdir eşidirik. AQTA belə ətləri sifariş edənləri tapmalıdır. Yəni tələb olmasa, təklif olmaz. Həmin ətləri kimlərsə, hansısa restoranlar tələb edir. Agentlik əməkdaşları hər dəfə külli miqdarda ət aşkarlasalar da, onların haraya aparılması, kimə satılması barədə geniş araşdırma aparmırlar. Biz istəyirik ki, agentlik bu cür ətləri tələb edən şəxsləri tapsın. Hesab edirəm ki, istifadəyə yararsız və mənşəyi məlum olmayan ətlərin satışa çıxarılmasının qarşısını almaq Daxili İşlər Nazirliyinə tapşırılmalıdır. Çünki bu qurum belə məsələlərin hüquqi nəticəsini əldə edir”.
Birliyin sədri onu da bildirib ki, belə halların qarşısını almaq üçün heyvanların identifikasiyası həyata keçirilməlidir:
“Heyvanlar doğulan kimi onların qulaqlarına birka vurulmalı və onun nə vaxt doğulması, hansı xəstəliklər keçirməsi və digər xüsusi informasiyalar qeyd edilməlidir. İdentifikasiya nəticəsində heyvanın hansı nömrəli olması və nə vaxt kəsilməsi aydın olacaq. Dünən AQTA nümayəndəsindən idenfikasiyaya başlayıb-başlamadıqlarını soruşdum. Bildirdilər ki, hələ ki bu işə başlamayıblar. Düşünürəm ki, problemin köklü həlli üçün identifikasiyaya bir an tez başlamaq lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət