Slimfit
  1. MEDİA

“Anam Azərbaycan dilində danışır”– M.F.Axundzadənin Yaponiyadakı varisi ilə EKSKLÜZİV MÜSAHİBƏ

“Anam Azərbaycan dilində danışır”– M.F.Axundzadənin Yaponiyadakı varisi ilə EKSKLÜZİV MÜSAHİBƏ
Sakura

“Anam Azərbaycan dilində danışır”– M.F.Axundzadənin Yaponiyadakı varisi ilə EKSKLÜZİV MÜSAHİBƏ

“Babam ateist olsa da mən düşünürəm ki, insanlar hər zaman dinə bağlı olurlar”

“Mirzə Fətəli Axundzadə insanları “qutunun kənarında” düşünməyə məcbur edirdi”

“Azərbaycan çox zəngin mədəniyyətə sahibdir”

Mirzə Fətəli Axundzadə – Azərbaycanın böyük mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi. Bütün həyatı boyu doğma vətəninin, xalqının tərəqqisi yolunda yorulmadan çalışıb, yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edib. Zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açıb. 1812-ci ildə Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Mirzə Şəfi Vazeh ilə Gəncədəki görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib. Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası 1859-cu ildə Tiflisdə nəşr edilib. 1842-ci ildə Tubu xanımla evlənib. 13 övladı olub. Amma onlardan yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında dünyalarını dəyişib. M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat edib və Tiflisdə dəfn olunub.

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq böyük mütəfəkkir, görkəmli ictimai xadim, maarifçi Mirzə Fətəli Axundzadənin Amerika, Yaponiyada yaşayan yeganə varislərini tapıb, həmsöhbət olub.Ens.az xəbər verir ki, M.F.Axundzadənin nəticəsi Pəri Pezeşkinin oğlu Parsi Parsinejad eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı bir çox önəmli məqamdan söhbət açıb,  ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini ifadə edib:

 Parsi Parsinejad: “Valideynlərimin tanış olduğu London şəhərində dünyaya gəlmişəm. Kaliforniya Dövlət Universitetinin məzunuyam. Marylanddakı Johns Hopkins Universitetindən MBA dərəcəsi almışam”.

-Necə bir ailədə böyüyübsünüz? Uşaqlıq illərinizi necə xatırlayırsınız? Görkəmli şəxsiyyət M.F. Axundzadənin varisi olduğunuzu ilk dəfə nə vaxt öyrəndiniz?

-Yaponiyanın paytaxtı Tokioda böyüdüm. Çox gözəl bir uşaqlıq illəri keçirdim. ASIJ- beynəlxalq məktəbdə təhsil aldım. Yaponların arasında böyümək fərqliydi. Orda çox az sayda qeyri-yapon milləti yaşayırdı. Amma məktəbdə özümü çox rahat hiss edirdim. Orta məktəbdə oxuyan zaman müəllimlərim ailə köklərimizlə bağlı bir layihə hazırlamaq tapşırığını verdilər.

“Etiraf edim ki, həmin vaxta qədər babamın böyük, məşhur bir şəxsiyyət olması barədə heç nə bilmirdim”.

Təbii ki, belə bir uğurlu işlərə imza atmış, tarixi önəm daşıyan bir filosof, yazar və müasir ədəbi təndiqin banisinin nəslindən olmağımla qürur duyuram.

-Sizin ananız Pəri xanım M.F.Axundzadənin doğma nəticəsidir. Ailənizlə bağlı məlumat verin. Atanız İraj Parsinejad Tokio Universitetində M.F.Axundzadənin yaradıcılığını tədris edir?

-Anam Pəri xanım Mirzə Fətəli Axundzadənin nəticəsidir.  Təsadüfən mənim atamın da universitetdəki elmi işi “Mirzə Fətəli Axundzadə və onun gördüyü işlər” ilə bağlı olmuşdu. Təhsilə dəyər verən bir ailədə böyüdüm. Onlarla birlikdə bir çox ölkəyə səyahət etdiyim üçün çox şanslıydım.

-Mirzə Fətəli Axundzadə kimi görkəmli bir şəxsiyyətin ailə üzvü olmaq necə bir hissdir? Mirzə Fətəli Axundzadənin adı sizin həyatınıza necə təsir edib?

-Bu qədər hörmətli və uğurlu bir ailədən olduğum üçün qürur duyuram.  “Mirzə Fətəli Axundzadə” adı və gördüyü işlər tamamilə həyatımı daha da zənginləşdirir. Ailəmizdə anam tərəfə dayım, xalalarıma çox bağlıyam. Uşaq olarkən azərbaycanlı qohumlarımla tanış olduğum üçün  özümü çox şanslı hesab edirdim.

-Mirzə Fətəli Axundzadə haqqında sizin fikirlərinizi bilmək istərik. Mirzə Fətəli Axundzadə sizin üçün kim olub?

-Mirzə Fətəli Axundzadə sözün əsl  mənasında azad düşüncəli, ziyalı idi. O, bütün cəsarəti ilə status-kvoya  etiraz etdi.

-Valideynləriniz Mirzə Fətəli Axundzadənin həyatı barəsində sizə nələr danışıblar? Mirzə Fətəli Axundzadənin dünyada təbliği ilə bağlı gördüyünüz uğurlu işlər barəsində məlumat verin.

-Bəli, az da olsa xatırlayıram ki, anam və atamı Mirzə Fətəli Axundzadənin xatirəsinə həsr olunmuş tədbirə dəvət etmişdilər.

Atamın  müasir ədəbi tənqidin banisi kimi Mirzə Fətəli Axundzadənin rolunu tez-tez vurğuladığını yaxşı xatırlayıram. Bu həm də atamın universitetdəki elmi işi idi. Atam ingilis və fars dillərində “İranda ədəbi tənqidin tarixi” (1866-1951) və Mirzə Fətəli Axundzadə haqqında bir kitab yazmışdır.

-Siz Mirzə Fətəli Axundzadəni necə təsvir edərsiniz?

-Mirzə Fətəli Axundzadəni insanları “qutunun kənarında” düşünməyə məcbur edən  və ənənəviliyə meydan oxumaq istəyən bir insan kimi təsvir edərdim.

-Mirzə Fətəli Axundzadənin hansı əsərlərini oxuyubsunuz? Onun yaradıcılığı barədə nə düşünürsünüz?

-Bəli, mən Mirzə Fətəli Axundzadənin “Təmsilat (6 pyes , 1 Qısa Hekayəsi)”ni tam oxudum və həmin dövrdə insanların necə düşündükləri barədə çox şey öyrəndim…

-Mirzə Fətəli Axundzadənin ateist olması barədə nə düşünürsünüz? Dinlə bağlı sizin düşüncəniz necədir?

-Bəli, onun ateist olduğunu bilirəm. Mən düşünürəm ki, insanlar hər zaman ən azından bir formada dinə bağlıdırlar.

-Mirzə Fətəli Axundzadənin necə xatırlanmasını istərdiniz?

-Mən Mirzə Fətəli Axundzadəni hər zaman ağıl və rasional  düşüncəni dəstəkləyən bir insan kimi xatırlamaq istəyirəm.

-Sizin işinizlə bağlı bilmək istərdik. Karyeranızda indiyə qədərki  ən böyük uğurunuz nə olub?

-Mən rəqəmsal sağlamlıq/səhiyyə texnologiyası üzrə çalışıram. İnsanların sağlamlıqla bağlı məlumatları əldə etməsi, toplaması və paylaşmağına yardım edən  “Seqster” adlı bir şirkətlə əməkdaşlıq edirəm. (Seek-ster).  Ən böyük nailiyyətim isə Johns Hopkinsdən  məzun olmağımdır. Çünki on il həmin universitetdən uzaq düşdükdən sonra məzun  olmuşam.

-Yeni layihələriniz, hədəfiniz barədə bilmək istərdik. .

-Şirkətdəki bugünkü işim sağlamlıq xidmətini daha da yaxşılaşdırmaqla bağlı texnologiyamızı komersiyalaşdırmaqdır. Mənim həyatdakı əsas hədəfim peşmanlıq duymadan tamamlanacaq bir ömür yaşamaqdır.  Həmçinin mümkün qədər səyahətlər etmək,  müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyirəm.

  -Sizin üçün uğur qazanmağın şərtləri nədir? Gənclərə bununla bağlı hansı məsləhəti verərsiniz?

-Məqsədinizə bağlı, israrcı, empatiya quran, cəsur və güclü olun. Hədəflərinizə çatmaq üçün çox çalışın. Özünüzə inanın və sonda daha yaxşı şeylər olacaq. Həyatda bir çox insan sizi sorğulayacaq, ittiham edəcək. Nə baş verirsə baş versin siz heç vaxt potensialınıza olan inancınızı itirməyin.

-Azərbaycana səfər etmisinizmi? Azərbaycan sizin ailə üçün nə məna ifadə edir?

 -Düşünürəm ki, Azərbaycan çox zəngin mədəniyyətə sahib, gözəl bir ölkədir.  Təəssüf ki, hələ oranı ziyarət etmək kimi bir şansım olmayıb.

Ancaq mən həmişə, hər yerdə mədəniyyət və dilin ailəm üçün nə dərəcədə mühüm olduğunu hiss etmişəm. Mənim anam Azərbaycan dilində danışır.

Hafiz Əhmədov

HafizTimes.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR