AMEA-da göbələk mənşəli bioloji aktiv maddələrdən bəhs edən elmi məruzə dinlənilib
Dekabrın 14-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Göbələk mənşəli bioloji aktiv maddələr: əsas produsentləri, sintezi, tətbiq sahələri və perspektivlər” adlı elmi məruzə ilə çıxış edib.
Təbii bioloji ehtiyatlardan istifadənin böyük potensialının olduğunu bildirən alim qeyd edib ki, bu istiqamətdə inkişaf üçün onların qorunması, bərpası və qiymətləndirilməsinin daha səmərəli yollarının axtarılması zəruridir. Əlavə edib ki, bu baxımdan canlılardan alınan və onlarda müxtəlif fizioloji proseslərə mühüm təsir göstərən, əsasən də üzvi mənşəli maddələr kimi xarakterizə olunan bioloji aktiv maddələrin (BAM) produsentlərinin istifadəsi mühüm əhəmiyyət daşıyır.
AMEA-nın müxbir üzvü hazırda göbələklərdən sənaye miqyasında funksional aktivliyə malik polisaxaridlər, iri və kiçik molekullu üzvi turşular, fermentlər, antibiotiklər, mikotoksinlər və s. kimi BAM-lar alındığını, getdikcə onların assortimenti və tətbiq sahəsinin də genişləndiyini bildirib.
Zəngin və rəngarəng təbiətə malik olan Azərbaycan Respublikasının ərazisində göbələklərin geniş yayıldığını söyləyən natiq vurğulayıb ki, onların arasında bu gün dünyada BAM produsenti kimi sənaye miqyasında istifadə edilən göbələklərin əksəriyyətinə rast gəlmək mümkündür. P.Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun Bioloji aktiv maddələr və Mikrobioloji biotexnologiya laboratoriyalarında istər məlum, istərsə də Azərbaycanda yayılması yeni müəyyən edilən göbələklərin BAM produsenti kimi tədqiqi nəticəsində onların istifadəsi və tətbiqi üçün zəruri olan nəzəri və praktiki bazanın hazırlandığını diqqətə çatdırıb.
Alim qeyd edib ki, aparılan tədqiqatlar göbələklərdə BAM-ın sintezinin baş verməsinin mühitin ekoloji amillərindən də asılı olduğunu göstərir ki, bu da konkret ərazidə daha qiymətli prodsentlərin tapılmasına imkan verir. Bu səbəbdən də BAM-ın sintezi və istehsalı istiqamətində tədqiqatların Azərbaycan Respublikasının ərazisində aparılması məqsədəmüvafiq və zəruridir.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında suallar cavablandırılıb.
İclasda Rəyasət Heyətinin qərarına əsasən məruzədə qeyd edilən prioritet istiqamətlər və müxtəlif təyinatlı bioloji aktiv maddələrin sintezi və istehsalı üzrə tədqiqatların davam etdirilməsi və daha da intensivləşdirilməsi üçün iki ay müddətində məqsədli elmi-tədqiqat proqramı hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi məqsədəuyğun hesab olunub. Bundan başqa, AMEA-nın Mikrobiologiya İnstitutunda aparılan tədqiqatların genişləndirilməsi və əldə edilmiş nəticələr əsasında müxtəlif təyinatlı BAM istehsalının təşkili məqsədilə AMEA-nın Yüksək Texnologiyalar Parkında müvafiq şəraitin yaradılması ilə bağlı tapşırıq verilib. Həmçinin göbələk mənşəli yeni bioloji aktiv maddələrin sintezi və tətbiq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq profilli institutları ilə müştərək elmi və praktiki tədqiqatların aparılması tövsiyə olunub.
AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət