Allergik xəstələrdə COVID-19-a yoluxma zamanı ağırlaşma ola bilərmi? - AÇIQLAMA
Dünya üzrə aparılmış son tədqiqatların nəticələri göstərdi ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr COVID-19-un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş allerqoloqu Lalə Allahverdiyeva məlumat verib.
O bildirib ki, istənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır:
“Əldə olan məlumatlara görə, koronavirus infeksiyası COVID-19 üçün risk qrupunda olan ağır dərəcəli, nəzarət olunmayan bronxial astma istisna olmaqla, digər allergik xəstəliklərin gedişini ağırlaşdırmır. SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər. Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma COVID-19 ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar, bu da xəstəliyi nəzarətə almağa və ağırlaşmalardan qaçmağa imkan verər”.
Həkim bildirib ki, allergiyadan əziyyət çəkən xəstələr koronavirus üçün risk qrupuna aid deyillər:
“Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyildirlər, ona görə ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və COVID-19-un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər.
Virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər. Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində idi, lakin, koronavirus infeksiyasına yoluxdu. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb oldu. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət