Ağır atletika üzrə Azərbaycan çempionatının qalibləri məlum olub
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan birinciliyinin ikinci günündə yuxarı çəki dərəcəsində mübarizə aparan atletlər qüvvələrini sınayıblar.
AZƏRTAC xəbər verir ki, körpücük üzərinə son olaraq 85, 94 və +105 kiloqram çəki dərəcələrində yarışan atletlər çıxıblar.
Çəkisi 85 kiloqram olan atletlərin mübarizəsində ümumilikdə 250 kiloqram nəticə göstərən Cavid Rəhimli yarışın qızıl mükafatçısı olub. Mamayev Yaşar ikinci (220), Quliyev Əli isə üçüncü yeri tutub.
Babayev Tərmənxan 94 kiloqram çəki dərəcəsində 300 kiloqram nəticə ilə birinci yerə yüksəlib, Şükürlü Əli isə yarışı ikinci pillədə (261) başa vurub.
Çəkisi +105 kiloqram olan atletlərin mübarizəsində isə Qurbanov İsmayıl 287 kiloqram nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Q.İsmayıldan ümumilikdə üç kiloqram az qaldıran Kazimov Rəhman ikinci, Kalayev Asxab isə 257 kiloqram nəticə ilə üçüncü pillədə qərarlaşıblar.
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət