Agentlik sədri sexlərdən danışdı: Beş manata nehrə yağı olar?
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, beş manata nehrə yağı olmur:
“Həmin müəssisələrə sahibkarlıq strukturu demək olmaz, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında qalan sakinlər trans yağların qatılıb “nehrə yağı” adı altında satıldığını bilsələr də, bizə və hüquq-mühafizə orqanlarına məlumat vermirlər. Yəni ictimai nəzarət də olmalıdır”.
Q.Təhməzli palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib:
“Məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir”.
Sədr son günlər fəaliyyəti məhdudlaşdırılan sexlər barədə də danışıb. O bildirib ki, həmin sexlərin fotolardan da nə qədər acınacaqlı vəziyyətdə olduğu görünür:
“Bəzi faktlar var ki, onlar cinayət tərkiblidir. Məsələn, toyuğun üzərinə ayaqqabı boyası və digər kimyəvi maddələr sürtüb kənd çolpası adı altında satılması cinayətdir. Bununla hüquq-mühafizə orqanları məşğul olur. Bunlar insan sağlamlığı üçün kifayət qədər zərərlidir.
Ancaq sanitar-gigiyenik və sanitar-texniki pozuntular müşahidə olunan hər hansı istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbsa, onlar standartlar bərpa olunandan sonra bizə müraciət edəcəklər və fəaliyyətləri yenidən bərpa olunacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət