Ağdamlı fermer pambıq sahələrində hər hektardan orta hesabla 40 sentner məhsul götürür
Ağdam rayonunun Xındırıstan kəndində fermer Ramil Babayevə məxsus pambıq sahəsi bölgədə ən nümunəvi tarlalardandır. Belə ki, 70 hektar sahədə bol məhsul yetişdirən fermer indiyədək hər hektardan orta hesabla 40 sentner məhsul götürüb.
Fermer Ramil Babayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "Dövlət tərəfindən pambıqçılığa göstərilən qayğıdan ruhlanaraq keçən il 60 hektarda pambıq becərdim. Hər hektardan 32 sentner olmaqla, 192 ton məhsul götürdüm. Bu il isə pambıq əkinlərini bir qədər də artırmışam. Əkin sahələrində aqrotexniki tədbirlərin ardıcıl və düzgün həyata keçirilməsi nəticəsində keçən ildəkindən də çox məhsul yetişib. Tarlalardan mövsümün sonunadək orta hesabla hər hektardan 45 sentnerdən yuxarı məhsul götürəcəyimə əminəm".
Ağdamlı fermer pambıqçılıqla yanaşı, baramaçılıqla da məşğul olur. Ötən il 3 qutu ipəkqurdu bəsləyərək, 252 kiloqram barama istehsal edən fermer Prezident İlham Əliyevin Sərəncamına əsasən kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. "Bu mükafatı zəhmətimə verilən ən yüksək qiymət kimi dəyərləndirirəm. Əldə etdiyimiz nəticə və dövlətimiz tərəfindən göstərilən qayğıdan ruhlanaraq, baramaçılıqda olduğu kimi, pambıqçılıq sahəsində də yüksək göstəricilər əldə etməyə çalışıram", - deyə R.Babayev bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət