Slimfit
  1. CƏMİYYƏT

Ağdamda Nəsimi yadigarı ola biləcək sufi qəbri var

Ağdamda Nəsimi yadigarı ola biləcək sufi qəbri var
Sakura

Dədə Qorqud dastanında adı çəkilən yerlərin çoxuna burada rast gəlmək olar

Ağdamın Zəngişalı kəndinin sakini Xəqani Quliyev olduqca maraqlı adamdır. 53 yaşı olsa da, bir çox gəncin bacara bilmədiyinin öhdəsindən gələ bilir. Məsələn, turnikdə qeyri-adi hərəkətlər edir, şüşələri doğrayıb üzərində ağır çəkili daşlar qaldırır, cılız canı ilə eyni zamanda iki maşına güc gəlib, saxlaya bilir.

Bütün bunlarla yanaşı Xəqani Quliyev həm də intellektual şəxsdir. Yurdun tarixini həvəslə danışır. İstinad etdiyi əsas mənbə də “Dədə Qorqud” dastanıdır. Dastanın boylarındakı qəhrəmanların at minib yola çıxdığı yolların marşrutunu zamanla hesablayıb, salur Qazanın Dərbəndə 7 günə, Tiflisə yenə 7 günə, Trabzona 5 günə çatdığını deyirı, dastanın boylarının ilə bu yerlər, kəndlərlə bağlı olduğunu bildirir.


Sakini olduğu kəndin etimologiyası haqqında məlumat verən Xəqani Quliyev Zəngişalı kəndinin Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu qeyd edir: “Kənd Bayat, Üç oğlan ( qədimi adı Üç ox olub), Xındırıstan (əsl adı Xızırıstan olub, Xızır peyğəmbərin adı ilə bağlıdır.), Quzanlı (Dədə Qorqud dastanındakı Qazan xanın adı ilə bağlıdır – Quzanlı deyilən bu yerin adı qədim dövrdə Qazanlı olub.) kəndlərinin əhatəsindədir”.

Kəndin adının etimologiyasını da belə izah edir: “Burada Zəngi tayfaları yaşayıb. İpək yoluna yaxın olmaq, gəlib-gedən tacirlərlə ticarət etmək üçün zəngişalılılar Bayat qalasından iki kilometr yuxarı köç eləyiblər. Öz toxuduqlarını satmaq üçün “Zəngi şalı, Zəngi şalı” deyib haray salırmışlar. Şəki ipəyi, Şəki halvası deyilən kimi, Zəngi şalı adla deyilirmiş”.

Zəngişalı adının tarixindən danışan həmsöhbətimiz bizi kəndin ərazisindəki tənha məzarla tanış edir. İndiyə qədər də yerli sakinlər tərəfindən müqəddəs bilinən, ziyarət olunan bu qəbirin Sufi dərvişlərindən birinə məxsus olduğu ehtimal edilir.

“Burada yaşayan insanlar qədim Sufi ocağına həmişə ehtiramla yanaşıblar. Bura gələrək nəzir qoyublar, diləklərinin çin olmasına görə dualar ediblər. Qəbir bu gün şəxsi mülkiyyət hesab olunan torpaq sahəsinin ərazisinə düşsə də, bu müqəddəs ocağa toxunulmur, qorunub saxlanılır”- deyə Xəqani Quliyev bildiri.

Ölkə başçısının bu ili Nəsimi ili elan etməsini yüksək qiymətləndirən kənd sakini arzu edir ki, sufi cərəyanının ən böyük şəxslərindən biri sayılan Nəsiminin adına uyğun olaraq görüləcək işlərdən biri də Zəngişalıda olan sufi qəbrinin araşdırılmasına qərar verilsin. Həmsöhbətimizin fikrincə, bu qəbirin Nəsimi hansısa məşhur ardıcıllarından birinə məxsus olduğunu istisna etmək olmaz.

Qeyd etdiyimiz kimi, Sufi ocağına çevrilən bu yer kənd sakinlərindən birinə məxsus pay torpağına daxildir. İri gövdəli Dağdağan ağaclarının əhatəsində yerləşir. Qəbirin başdaşı hündür olsa da, hazırda yuxarı hissəsinin az bir qismi görünür. Belə ki, zaman ötdükcə torpaq qatı qalınlaşıb və məzar demək olar ki, görünməz olub. Məhz bu da qəbirin yaşının çox qədim olduğunu göstərir.

“Zəngilər Avşarlar kimi çox böyük tayfadır. Zəngəzur, Zəngilan, Zəngivar, Zəngənə, Zəngişalı zəngi tayfalarına məxsus yerlər olub. Zəngi tayfalarına məxsus tarixi şəxsiyyətlərdən biri də Səlahəddin Əyyubidir” – deyə Xəqani Quliyev iddia edir.

Xəqani Quliyev keçmişimizə diqqət göstərilməsini vacib sayır: “Bizim əcdadlarımız bu torpaqlarda min, on min illər yaşayıb. Bəşəriyyət yaranandan biz bu torpaqlardayıq. Ərazidə ərəb qrafikası ilə 15-16-cı əsrlərə aid möhür tapılmışdı. Üstündə “Muxtariyyətə camaati Zəngişalı” yazılmışdı. Ortasında da ay ulduz var idi. Amma həmin möhür ortalıqda itdi. Tarixə belə laqeyd yanaşmaq olmaz. Gec də olsa tariximizə sahib çıxmağı bacarmalıyıq”.

Həmsöhbətimiz bu qəbrin tarixinin araşdırılmasını da məhz keçmişimizə işıq tutmaq, öyrənmək baxımından vacib olduğunu bildirir.

Xəqani Quliyev ümid edir ki, tarixin itib-batmaqda olan abidəsinin araşdırılmasına tarixçilərimizdən də səs verən olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR