Slimfit
  1. AZƏRBAYCAN

Ağacoyma sənətinin bənzərsiz ustası

Ağacoyma sənətinin bənzərsiz ustası
Sakura

Ağacoyma sənətinin bənzərsiz ustası

Dekorativ tətbiqi sənətin bir növü olan bədii ağacoyma, yaxud ağacişləmə sənətinin ənənələrini böyük peşəkarlıq və yaradıcı təxəyyülü ilə yaşadan və maraqlı əsərləri ilə zənginləşdirən sənətkarlardan biri də Nizami Abbasovdur.

Ağacoyma sənətinin ən kamil nümunələrini hazırlayan Nizami Abbasovun əsərləri həm kompozisiya, həm də forma və ölçü baxımından müxtəlifdir.

Ağac var ki, “ömrünü başa vurur”, çürüyür, yanır, kül olur, ağac da var sənətkar əlində formadan-formaya düşüb köçür evlərə, muzeylərə… Usta Nizami də qurumuş, ömrünü başa vurmuş ağaclara fərqli bir anlam, fərqli bir məna bəxş edir.

AZƏRTAC-ın müxbiri sənətkarın yaradıcılığı və sənət dünyası ilə daha yaxından tanış olmaq üçün onun evinə baş çəkib.

Müxtəlif ölçülü ağac kötükləri və budaqlar üzərində bir-birindən gözəl və yaraşıqlı sənət nümunələri yaradan usta bütün əl işlərini həyətindəki çox da böyük olmayan emalatxanasında hazırlayır.

Nizami Abbasovla iş prosesində görüşdüyümüz üçün sənətkarı özünün daimi rahatlıq tapdığı sənət mühitindən ayırmadıq.

Sənətkar da böyük həvəslə həm yenicə ilk cizgilərini vurmağa başladığı portret üzərində işinə davam etdi, həm də ağacoyma sənətinin sirlərindən söhbət açıb, suallarımızı cavablandırdı.

Nizami Abbasov bildirdi ki, sənətə ilk dəfə rəssam kimi başlayıb. Lakin, müxtəlif ağac parçaları üzərində gözünə-könlünə xoş gələn hər bir şeyi təsvir etmək bacarığı onun ağacoyma sənətinə marağını daha da artırıb. Sonrakı illərdə Texniki peşə məktəbində və Gəncə pedaqoji məktəbində rəngsaz və rəsmxət üzrə aldığı təhsilin isə onun yaradıcılığına böyük təsiri olub. Elə ona görə də Nizami Abbasov hazırda müxtəlif əsərlərin hazırlanmasında ağacoyma ilə yanaşı bəzən qarışıq texnikanın imkanlarından da istifadə edir.

Sənətkarın yaradıcılığını daha çox Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin portretləri, onların bədii yaradıcılığına həsr olunan kompozisiyalar, eləcə də bir sıra tarixi şəxsiyyətlər, xalq qəhrəmanları və məşhur ictimai-siyasi, dövlət xadimlərinin təsvirləri təşkil edir.

Nizami Abbasovun yaradıcılıq işləri içərisində yarı dini-fəlsəfi, yarı isə mistik mövzularda hazırladığı heykəllər orijinal, maraqlı və təsirlidir. Sənətkarın “nəfs” adlandırdığı bu cür heykəllərdə cürbəcür İblis obrazları təsvir edilib. Əslində həmin İblislər vaxtilə haqq yolundan çıxan, nəfsinə uyan, şeytanlaşmış insanlardır. Qəlbini şeytana məskən, özünü isə ona təslim edən bu cür insanlar tədricən dəyişib İblisə çevrilirlər. Ona görə də yalanı özünə adət etmiş həmin insanların dili ilana çevrilib boyunlarına sarınır və onları məhv edir.

İnsan gözləri Nizami Abbasovun əsərlərində rəmz olaraq işlənir. Sənətkar Qanlı Yanvar və Xocalı faciələrinin dəhşətlərini özündə əks etdirən heykəlləri işləyərkən həmin əsərlər üzərində çoxlu sayda gözlərdən istifadə edib.

Əsərlərinin hazırlanma prosesindən danışan sənətkar deyir ki, ilkin proses hazırlayacağın əsərin mövzusunu tapmaq və kompozisiyasını qurmaqdır. Bunun üçün həmin şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən kitablar mütaliə olunur və əsər üçün bitkin forma axtarılır. Sonra sənətkarın təxəyyülündə canlandırdığı hər bir şey eskiz üzərinə köçürülür.

Nəhayət, eskizdən qabığı soyulmuş kötüklər, yaxud budaqların üzərinə köçürülən təsvirin yonulması ilə işin daha bir məsuliyyətli hissəsinə başlanılır. Beləcə, günlər, aylar ötdükcə kötükdən yonulan hər bir yonqardan sonra əl işi formaya düşür və bitkin sənət əsəri alınır. Sonda isə həmin əsərlər hamarlanır və laklanır. Hər bir işi mükəmməl əsər olan sənətkar deyir ki, kiçik işlərə aylarla, daha böyük işlərə isə 2 il vaxt sərf edib.

Ayrı-ayrı vaxtlarda müxtəlif sərgilərdə iştirak edən Nizami Abbasovun əl işləri iştirakçılar tərəfindən də daim böyük maraqla qarşılanıb. Bəzən avropalı qonaqlar bu işlərə çox yüksək məbləğ təklif etsələr də, sənətkar bütün qəlbini, hiss və duyğularını hopdurduğu bu nümunələri heç vaxt satmaq fikrində olmayıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR