Dərc edildi: Baxış sayı: 548
AFFA-dan rəsmi xəbərdarlıq
AFFA-nın bayrağı altında keçirilən və təşkil edilən yarışların yayım hüququ AFFA-ya məxsusdur və AFFA-nın nəzarəti ilə həyata keçirilməlidir.
Fanat.Az xəbər verir ki, bu haqda AFFA rəsmi saytı vasitəsilə bəyanat yayıb. Məlumatda bildirilir:
"Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 40.2-ci maddəsinə əsasən, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdur. Tədbirlərin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri, avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu tədbirlərin təşkilatçılarına məxsusdur.
AFFA-nın Nizamnaməsinin 65-ci maddəsinə əsasən, AFFA onun müvafiq səlahiyyəti altında olan bütün oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması üzərində müstəsna hüquqlara malikdir.
Oyunlar zamanı məlumat yayımı AFFA-nın nəzarətindədir və əvvəlcədən AFFA-nın belə yayım barəsində yazılı razılığı olmadan oyunların məlumat yayımı (audio-vizual, səs və digər formalarda), ötürülməsi qanunsuzdur və səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq məsuliyyət tədbirlərinin görülməsinə səbəb olacaq.
Eyni zamanda, oyun keçirilən stadion ərazisində məlumat yayımına səlahiyyəti olmayan şəxslər tərəfindən oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması zamanı bunu edən şəxslərin stadion ərazisindən çıxarılması və onların qanunsuz yayımının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi yerli klubların vəzifəsidir.
Müvafiq hüquqi sənədlər və qanunvericiliyin müddəalarını rəhbər tutaraq bu məsələyə həssas yanaşılması vacibdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət