Slimfit
  1. MEDİA

Adamyeyənlər arasında olmuş azərbaycanlı: Düyü alıb, bizi yemədilər

Adamyeyənlər arasında olmuş azərbaycanlı: Düyü alıb, bizi yemədilər
Sakura

Adamyeyənlər arasında olmuş azərbaycanlı: Düyü alıb, bizi yemədilər

Azərbaycanlı həvəskar alpinist Vadim Vokryaçko planetin ən yüksək nöqtəsini – Everest zirvəsini fəth etməyə hazırlaşır.

Alpinist özü bu barədə Oxu.Az-a müsahibə verib.

Doqquz il əvvəl IT şirkətin rəhbəri ilk dəfə Tibetin sirli və mistik dağlarında olub. Aldığı təəssürat o qədər yüksək olub ki, o vaxtdan bəri günlərinin çoxu elə dağlarda keçir.

Vokryaçkonun da daxil olduğu “Yeddi Zirvə” klubunun Everest (Himalay dağ silsiləsinə aid olan Comolunqma dağı - Çinlə Nepal sərhədində yerləşir) ekspedisiyası aprelin 15-də Tibetin paytaxtı Lhas şəhərindən başlayıb.

Onun təxminən ay yarım davam edəcəyi gözlənilir. Bu vaxt ərzində ekspedisiya iştirakçıları çoxmərtəbəli akklimitizasiyadan keçməli, dağdakı aralıq düşərgələrə qalxıb-enməli olacaq. Onlar alpinizm ləvazimatlarının saz vəziyyətdə olmasını təmin etməli, sağlamlıq və fiziki hazırlığın, o cümlədən, komandada iş bacarığının lazımi səviyyədə olduğuna əmin olmalıdırlar.

- Bu çətin yüksəlişə fiziki və mənəvi baxımdan hazırsınız?

- Qasırğalı günlərdə əlverişli havanın və əlverişli dağ şəraitinin olacağına ümid edirik. Komandamızın tərkibi beynəlmilləldir. Ekspedisiyaya “Yeddi Zirvə” klubunun prezidenti, canlı əfsanə - Aleksandr Abramov başçılıq edir. Uzunmüddətli hazırlıq olmadan belə yüksəlişi həyata keçirmək mümkün deyil. Bildiyim qədərilə, Everest heç bir alpinistin ilk fəth etdiyi zirvə olmayıb. Onlar buna qədər dağadırmanma üzrə uzun illər təcrübə toplayıblar.

Mən buna qədər Elbrus (5642 m), Vinson Massiv (4897m, Antarktidanın ən yüksək dağı), “Karstenst ehramı” (4884 m, Okeaniyanın ən yüksək zirvəsi), Kösüşko zirvəsi (2228 m, Avstraliyanın ən yüksək zirvəsi), Monblan zirvəsi (4810, Alp dağlarının qərbi), Kilimancaro (5895, Tanzaniya) və Akonkaqua (6962 m, Alp dağlarının qərbi) zirvələrini fəth etmişəm.

- Azərbaycanda az adam əyləncə növü kimi alpinizmlə məşğul olur. Bəs siz nə vaxtdan dağlara bağlandınız?

- 2011-ci ildən dağlarla maraqlanmağa başladım. Hadisələrin gözlənilməz, ancaq uğurlu şəkildə inkişafı nəticəsində Tibetə düşmüşdüm. Mənim üçün tamamilə yeni, heç bir müqayisəsi olmayan təcrübə idi. Aldığım təəssürat özündə çətin çadır məişətinin yeniliyini, Nepal və Tibetin ekzotikasını, Kaylas dağının mistikasını, Himalay dağlarının tükürpədici əzəmətini birləşdirir.

Ona qədər məzuniyyəti, sadəcə, dəniz sahilində istirahət və ya müxtəlif gəzməli-görməli yerlərə səyahət kimi təsəvvür edirdim. Beləcə, ilk dəfə Tibet dağlarına ayaq basdım, bütün qrup çadırlarda gecələyirdi. Yüksəlişdən söhbət belə getmirdi.

Qayıdanda özümə qəti şəkildə söz verdim ki, daha dağda istirahət filan olmayacaq, ancaq çimərlik, dəniz və rahat hotellər. Ancaq üzərindən bir neçə həftə keçməmiş elə bir duyğu yarandı ki, həmin vaxt mənə dözülməz görünən şərait və sınaq, dağların məndə qoyduğu böyük təəssüratın yalnız kiçik bir bədəli idi. Dağlar məni yenidən düşünməyə, kiçik problemləri kənara atıb, özümü nəhəng dünyanın bir zərrəsi hiss etməyə vadar etdir.

“Yeddi Zirvə” layihəsi çərçivəsində dırmandığım ilk dağ Elbrus oldu. Elə Aleksandr Abramovla orada tanış oldum, dağ və səyahətlərlə maraqlanan bir çox insanlarla tanış oldum. Bu ünsiyyətdən və yüksəlişdən özüm üçün bir çox pozitiv və əhəmiyyətli nəticələr çıxardım. Ancaq yenə də dırmandıqdan sonra özümə söz verdim ki, daha dağlara yaxın durmayacam. Bir neçə dəfə çox təhlükəli vəziyyətə düşmüşdüm ki, bu da təcrübəsizliyimdən və ehtiyatsızlığımdan irəli gəlirdi.

 Amma yenə də qəlbim dözmədi. Sonradan öyrəndim ki, sən demə, “bir daha dağlara yaxın durmayacam” vədini əksər alpinistlər özünə bildirir, ona görə ki, dağa dırmanma çox ağır və bəzən təhlükəlidir

- Dağa yüksəldikdən sonra hansı hissləri keçirirsiniz?

- Məncə, dağa dırmanmaya bir adrenalin mənbəyi kimi baxanlar yanılırlar. Mən belə deyirəm, dağa dırmanmaq üçün heç vaxt bir səbəb və ya motiv olmur. Dağlara bağlı olan insanlar “əlüstü” bir səbəb göstərəcək, sonra düşünüb-danışıb, fərqli bir səbəb bildirəcək. Zaman keçəcək, başqa səbəblər və motivlər də üzə çıxacaq.

Şəxsən mənə görə, dağlar öz hədlərimi axtarmağın, füsunkar gözəllikləri olan ətraf aləmi öyrənməyin yoludur. Bu uğurlu enişdən sonrakı eyforiyadır, unikal və maraqlı insanlarla üniyyətdir, xarakter məktəbidir, dərindən nəfəs alıb, bütün lazımsız şeyləri tənəffüs yolu ilə xaric etməyin yoludur.

Bundan başqa, dostlarla süfrə arxasında söhbət zamanı öz nailiyyətlərinlə öyünmək üçün əla imkandır. Sadaladıqlarım hələ ağlıma gələnlərdir...

Və budur artıq qarşımda 8848 metrlik Everest var. Bəzi məlumatlara görə, əslində, 8850 metrdir. Bu il Nepal tərəfdən ora xüsusi eskpedisiya gedir, onlar Everest dağının hündürlüyünü bir daha ölüb dəqiqləşdirəcək. Çünki belə bir güman var ki, üç il əvvəl baş vermiş zəlzələdən sonra dağın yüksəkliyi azalıb. Bununla belə, heç şübhəsiz, Everest hələ də Yer üzünü ən yüksək dağıdır. Everest elə dağdır ki, ora getmək üçün bir səbəb belə kifayət edər.

İndiki yüksəliş üçün hazırlıq mərhələlərinə gəlincə, bir faktı təbəssümlə xatırlayıram. Monblanın zirvəsinə yüksəlməyim başlıca olraq “Yeddi Zirvə” proqramında birmənalı cavab olmayan “hansı dağı Avropanın ən yüksək dağı hesab edirsiniz” sualının olması oldu. Avropa və Asiya arasındakı sərhəd, məktəb illərindən də bilirik ki, geniş əhatəlidir. Ona görə də “Avropanın ən yüksək zirvəsində olmusunuzmu?” sualına cavabı, həm Elbrus həm də Monblan zirvəsini fəth etmişəm.

- Bəs sizcə, hansı yüksəliş ən maraqlısı olub?

- Mən bütün yüksəlişlərim haqqında uzun danışa bilərəm, ancaq ən yeni xatirələr Papua-Yeni Qvineya ilə əlaqədardır. Karstenz ehramı Avstraliya və Okeaniyanın ən yüksək zirvəsi hesab olunur. Bu dağsevərlər üçün texniki baxımdan çətin olan dağ əlverişsiz mövqedə yerləşir, ətrafında yaşayan əhali vəhşi döyüşkən tayfalardan ibarətdir, onlar üçün hannibalizm qədim ənənənin bir hissəsidir.

Dağdan endikdən sonra komandanın bir qədər boş vaxtı qaldı və biz  orada yaşayan tayfalardan birinə baş çəkdik. Papua-Yeni Qvineya adasında 2-3 minə yaxın tayfa var, onların hər birində 6-dan 20-ə qədər insan yaşayır, məişətləri isə daş dövründən bəri dəyişməyib.

Yalnız şəhərlər və yollar yaxınlığında məskunlaşmış tayfaların müasir dünyada baş verənlərdən az-çox təsəvürü var. Ox və kaman, nizə və xəncər onların yeganə silahıdır. Onların valyutası isə donuz və düyüdür.

Bizim bəxtimiz gətirdi, biz mehriban tayfaya düşdük, müdrik tayfa başçısı Papa Yalli bizi yeməkdənsə yeməməyin daha xeyirli olduğunu qət etmişdi. Çünki bizim təhlükəsizliyimizin əvəzində donuz və düyü şəklində ödəniş qəbul etmişdi. O, artıq bir neçə ildir ki, turist qəbul edir, hətta ingilis dilində də bir neçə söz deməyi öyrənib. Tayfa artıq heyvan sümüklərindən ibarət ənənəvi bəzək əşyalarını bizim pul adlandırdığımız kağız parçası ilə mübadilə etməyi də öyrənib.

Əminəm ki, həmin əskinasları sonradan ərzaqla mübadilə edirlər. Ancaq tayfaların çoxu müasir dünyadan təcrid vəziyyətindədir, sivilizasiya barədə anlayışları yoxdur. Onları heç kim yoxlamır, onların pasportu yoxdur. Yerli hökumət və tayfalar arasında şifahi razılaşma var: “Bizim sizinlə işimiz yoxdur, sizin də bizimlə işiniz olmasın”. Onlar daima təbiətlə qarşılıqlı əlaqədədirlər və azla kifayətlənirlər.

- Oradakı qadınları oyuncaqlar və ya xırda əşyalar maraqlandırmır?

- Ordakı qadınların üzərində olan bütün bəzək əşyaları heyvan sümükləri və bitki liflərindən hazırlanıb. Gələndə özümüzlə konfet gətirmişdik, uşaqlara payladıq, sevinclərinin həddi-hüdudu yox idi. Qadınlar isə məndən incidilər. Çünki onlara siqaretə “qonaq etmədim”. Müntəzəm şəkildə turistləri qəbul etməklə, onlar gəlirlərini artırmaqla yanaşı, müasir insanların pis vərdişlərini də “içəri alıblar”.

- Onlar tez-tez insan əti yeyirlər?   

- Tayfa ev heyvanlarından toyuq və donuz saxlayır, adam ətini isə süfrəyə xüsusi mərasimlərdə gətirirlər (gülümsəyir). Adamyeyənliklə bağlı yerli bələdçiyə çox suallar vermişəm. Onun sözlərinə görə, adamyeyənlər qida zəncirindən nadir hallarda insanı çıxarır. Onlar belə düşünürlər ki, heyvanı yemək olarsa, niyə də insan əti yeyilməsin?! Deyək ki, kimsə ağacdan yıxılıb öldü. Əti niyə heyif olsun?! Ona görə onu yeyirlər. Biz özümüzü heyvanlar aləmindən ayrı tuturuq, onlar isə yox. Onlar yalnız tayfa başçılarını yemirlər.

Bu tayfaların qədim ənənələrindən biri də - ehtiramlı tayfa başçılarının mumifikasiyasıdır. Onlar öləni bir il ərzində hisə verirlər. Onlar bizə tayfa başçısının 200 yaşlı mumiyasını göstərdilər. Ağsaqalların vacib hadisələrlə bağlı toplantılarında onu da gətirib yaxınlıqda oturdurlar; öz avtoriteti ilə onların qərarlarına qüvvət verməsini və onları xətadan uzaq etməsini təmənni edirlər.

Bir müddət bu insanların inancları ilə maraqlandım. Məlum oldu ki, Papua-Yeni Qvineya tayfalarında şamanlıqdan əsər əlamət yoxdur. Onlar başqa regionların ibtidai tayfaları kimi bütlərə siyatiş etmirlər. Soruşdum “Bəs nəyə inanırsınız?”. Məlum oldu ki, əlcçatmaz başı qarlı dağlara sitayiş edirlər. Onlar heç vaxt ayaqlarının altında qar görməyiblər, onlar üçün bu, müqəddəs və ağılasığmaz bir şeydir.

Onu da deyim ki, son iki il ərzində Papua-Yeni Qvineyada tayfalar arası müharibələr şiddətlənib. Ona görə də toqquşmaların bizə toxunmaması üçün bizi əsas düşərgəyə helikopterlə çatdırdılar. Maraqlıdır ki, burada hər bir tayfanın öz dili var və yaxınlıqdakı tayfalar bir-birini çətinliklə anlayırlar.

- Bəs onlarda hansı qadın gözəl sayılır?

- Hər şey çox bəsitdir. Böyük döşləri olan qadın – onlar üçün gözəllik idealı sayılır. Böyük döşlər bərəktlilik simvoludur. Tayfa başçısından icazə alıb, yerli kişilərin gözəlliyinə biganə qalmadığı qadını çəkdim. Onun dörd barmağı yox idi. Öyrənə bildim ki, qadın əri öləndə onun barmağını kəsirlər. Bu qadın dörd dəfə ərdə olub və hamısını dəfn edib. Burada paltar geyinmirlər.

Yeni Qvineyada kişilər yalnız kateku və ya xolim geyinirlər – bu kililərin cinsi orqanlarının keçirildiyi futlyardır. Onu zədələnmədən qoruyur. Qadınlar isə kol-kosdan hazırlanmış ətək geyinirlər. Tayfanın qaldığı kənddə kişilərin yeri ayrıdır, qadınların ayrı. Kişi həyat yoldaşının yanına gəlmək istəyəndə başqalarından üzr istəyir və onları narahat etməməyə çalışır.

Papuaslar gündə bir dəfə yemək yeyirlər. Ümumi süfrə açılır. Bütün kənd dərə qazır, içinə köz tökürlər və üzərinə yarpaqlar, yarpaqların üzərinə isə ət düzürlər. Sonra isə onu yuxarıdan da yarpaq və közlə əhatə edib, yeməyin hazır olmasını gözləyirlər. Papuaslar son dərəcə təmkinlidirlər. Onlarda yaş və ya təqvim anlayışı yoxdur. Onlar çox xoşbəxtdirlər.

- Bu maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm və uğurlar arzulayıram. Everest zirvəsini fəth etməyinizi səbirsizliklə gözləyəcəyik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR