Abşeronda taekvondo üzrə açıq rayon birinciliyinə start verilib
Yanvarın 12-də Abşeron Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 30 komandanın tərkibində 600-dən çox idmançı mübarizə aparıb.
Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Açılış mərasimində yarış iştirakçılarına uğurlar arzulayan rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Azərbaycanın idman uğurlarından danışıb.
20 Yanvarın xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını qeyd edən rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim böyük hörmət və ehtiramla yad olunduğunu bildirib.
Tədbir digər çıxışlarla davam etdirilib.
Sonra rayonda idmanın inkişafında fərqlənən şəxslər Azərbaycan Taekvondo Federasiyasının diplomları ilə təltif olunub.
Daha sonra yarışlara start verilib. İki gün davam edəcək açıq rayon birinciliyində qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları, kubok və medallarla təltif ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət