Slimfit
  1. DÜNYA

ABŞ-ın məşhur silahı özünə qarşı “tuşlanır” – TƏHLİL

ABŞ-ın məşhur silahı özünə qarşı “tuşlanır” – TƏHLİL
Sakura

ABŞ-ın məşhur silahı özünə qarşı “tuşlanır” – TƏHLİL

ABŞ pilotsuz aparatlarının zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə Vaşinqton Tehrana qanlı “Yeni il hədiyyəsini” təqdim edib.

İran isə qisas tədbiri olaraq yanvarın 8-də ABŞ-ın İraqda yerləşən iki hərbi bazasında 15 qısa mənzilli “Fateh-313” raketləri adıb. 

ABŞ tərəfi zərbələr nəticəsində ölənlərin olmadığını bəyan edib, lakin ölkə mediasının gündəminə digər məsələ gətirilib. ABŞ mətbuatı “Patriot” hava hücumundan müdafiə sistemlərinin praktiki faydalı iş əmsalı ilə bağlı müzakirələr açıb. 

ABŞ-İran qarşıdurması hava məkanını qoruyan silahların effektivliyini bir daha gündəmə gətirib. 

“Patriot” raketlərinin nəzəriyyədən fərqli olaraq praktikada potensialını ortaya qoya bilmədiyi barədə əvvəllər də yazılıb. 

2018-ci ilin martın 25-də Yəməndə İranın nəzarətində olan husi qruplaşması Ər-Riyada yeddi raket buraxmışdı. Səudiyyə Ərəbistanı həmin raketlərin müvəffəqiyyətlə zərərsizləşdirilməsini desə də, analitik Cefri Luis nüfuzlu “Foreign Policy” nəşrində yazmışdı ki, bəyanat həqiqəti əks etdirmir.

 Analitikin fikrincə, Səudiyyə Ərəbistanının raketləri yaxalamalarına dair heç bir sübut yoxdur. Belə bir məqamda isə sual yaranır – Səudiyyə Ərəbistanında olan raket əleyhinə müdafiə sistemləri hansı vəziyyətdədir?

 Bu sualın yaranması Amerika üçün də xoş deyil. Çünki Səudiyyə Ərəbistanının ABŞ-dan aldığı hava hücumundan müdafiə sistemləri köhnədir və özünü doğrultmadığı haqqında ard-arda fikirlər səsləndirilir. 

Həmin vaxt sosial şəbəkələrdəki videogörüntülər həqiqətən Səudiyyə Ərəbistanının “Patriot”ları işə saldığını göstərirdi. Lakin videolardan o da görünürdü ki, nəticə uğurlu deyil.

 “Foreign Policy” yazmışdı ki, onlardan biri işə salınandan dərhal sonra, digəri isə havada 180 dərəcə dönüş edərək Ər-Riyada tərəf gedib və yerə düşən ərəfədə partlayıb.  

“Məsələ heç də Səudiyyə Ərəbistanının rəsmilərinin dedikləri kimi deyil. Yəni, atılan raketləri zərərsizləşdirmək mümkün olmayıb. Mən hətta əmin deyiləm ki, Səudiyyə Ərəbistanı ötən ilin noyabrında da atılmış raketi ələ keçirməyə çalışıb”-deyə Cefri Luis yazmışdı. 

2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı “Patriot”ların müzakirəyə çıxarılması üçün növbəti “rolunu” oynadı. Belə ki, Səudiyyə Ərəbistanının neft email zavodu qəflətən dron və raket hücumlarına məruz qaldı – özü də “Patriot”un mühafizə sistemi altında ola-ola. 

Zərbə səbəbindən Səudiyyə Ərəbistanında neft istehsalı azalmışdı. ABŞ mediası yazır ki, bu hallar ABŞ-ın raketdən müdafiə sisteminin nüfuzuna ciddi zərbə vurdu. 

Birləşmiş Ştatların hava hücumundan müdafiə qüvvələrinin onurğa sütunu hesab olunan olan “Patriot” 1991-ci ildə Körfəz müharibəsi zamanı məşhurlaşıb. 
Müharibədən sonra ABŞ hərbçiləri düşünürdülər ki, “Patriot” hücum raketlərinin çoxunu tuta bilmək qabiliyyətindədir. 

ABŞ ordusu dünyanın ən nüfuzlu orduları sırasında liderliyini qoruyub saxlayır. “Global Firepower” təşkilatının hesabatlarında ABŞ ilk yerdədir. 

ABŞ ordusunun uzun müddət havada üstünlüyü olub və hücum təşəbbüsləri var. Lakin görünür ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqi tərk etmək niyyəti səbəbindən mövcud vəziyyətdə dəyişikliklər baş verib. 

Çinin “Feniks” nəşri yazıb ki, ABŞ silahlı qüvvələrinin müdafiə kompleksində çatışmazlıqlar, xüsusilə raket və pilotsuz aparatlara qarşı zəifliklər mövcuddur.  
“Patriot”larla bağlı ortaya çıxan mənzərə isə rəsmi Vaşinqton üçün bu “xəmirin hələ çox su aparacağı” qənaətini formalaşdırır. Belə ki, ard-arda “Patriot”un mühafizə zolağının yarılması barədə deyilənlər bu hava hücumundan müdafiə sistemlərinə etimadı sarsıdır. 

Hərbi nəşrlər yazır ki, ona görə də bu gün bir çox ölkənin Rusiyanın “S-400” zenit-raket komplekslərinə üz tutur. 

Artıq Türkiyə və Hindistandan başqa ABŞ qoşunlarının yerləşdiyi İraq da öz təhlükəsizlik səbəbi ilə “S-400” hava hücumundan müdafiə sistemlərini əldə etmək üçün Rusiya ilə danışıqlar aparmaq istəyir. Bəzi mənbələrə görə, artıq ilkin danışıqlar aparılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR