“5G” şəbəkəsini dəstəkləyən ilk “Samsung” və “LG” smartfonları “MWC 2019” sərgisində nümayiş olunacaq
Cənubi Koreya nəhəngləri “Samsung Electronics” və “LG Electronics” beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonları fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək “Mobile World Congress (MWC) 2019” sərgisində nümayiş etdirmək niyyətindədirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bundan əvvəl verilən məlumata görə, “Samsung” şirkəti “Galaxy S10” qurğusunun “5G” şəbəkəsini dəstəkləyən modifikasiyasını hazırlayır. Smartfonun 6,44 düym diaqonallı ekran, ən yeni “Qualcomm Snapdragon” və ya “Samsung Exynos” prosessoru və 12 giqabayt operativ yaddaşla təchiz ediləcəyi gözlənilir.
“LG” şirkətinə gəldikdə, “G7 ThinQ” smartfon modelinin xüsusi versiyası “5G” şəbəkəsinin dəstəklənməsi ilə təchiz edilə bilər.
Bundan başqa, “Samsung” və “LG” şirkətlərinin ilk “5G” qurğularının növbəti ilin martında satışa çıxarılacağı qeyd olunur. O vaxtadək isə ilk kommersiya beşinci nəsil şəbəkələrinin istifadəyə veriləcəyi gözlənilir.
“Ericsson” şirkətinin proqnozuna görə, 2024-cü ilədək “5G” xidməti istifadəçilərinin sayı 1,5 milyarda çatacaq, şəbəkə isə Yer kürəsi əhalisinin 40 faizini əhatə edəcək.
Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət