Slimfit
  1. AZƏRBAYCANLI

25 yaşında Gürcüstanda direktor təyin olunan azərbaycanlı

25 yaşında Gürcüstanda direktor təyin olunan azərbaycanlı
Sakura

25 yaşında Gürcüstanda direktor təyin olunan azərbaycanlı

Müəllim olmaq arzusunda olmayıb, hətta qəbul imtahanında özünün seçdiyi ixtisaslar başqa istiqamətdə olub. Ancaq müəllimlərinin məsləhəti ilə ingilis dilini də seçimlər sırasına yazıb. Tale elə gətirib ki, elə müəllimliyə qəbul olub. Qısa müddət müəllim kimi çalışandan sonra isə 25 yaşında direktor təyin edilib. Müsahibimiz Gürcüstanın Qardabani rayonu, Qaracalar kənd orta məktəbinin 27 yaşlı direktoru Məhəmməd Xəlilovdur.
 
- İlk olaraq müəllimliyi özünüz üçün bir sahə kimi seçməyinizlə bağlı danışaq. Müəllim olmaq arzunuz var idi?
- Uşaq vaxtı gələcəkdə müəllim olmaq düşüncəsində olmasam da, daim öyrəndiyim şeyləri ətrafımdakılara, yaxınlarımda da çatdırmaq istəyirdim. Üzərimdə ərki olan çox sevdiyim iki müəllimim var idi, orta məktəbi bitirib universitetə qəbul üçün imtahan verəndə, qeydiyyat zamanı tövsiyə etdilər ki, ingilis dili müəllimliyi fakültəsini də yazım. Beləliklə, digər fakültələr arasına ingilis dili müəllimliyini də yazdıq. İmtahanların nəticəsi açıqlananda, elə o fakültəni qazanmışdım. 
 
- Başqa fakültələr dediniz. Onlar hansılar idi?
- Beynəlxalq münasibətlər, iqtisadiyyat və s. Ancaq tale elə gətirdi ki, müəllimliyə qəbul oldum.
 
 
- Nə qədər müddət müəllim kimi çalışdınız?
- 2015-ci il sentyabrın 15-də ilk dəfə Qardabani rayonunun 3 sayılı məktəbində 1-ci siniflərə ingilis dili keçməyə başladım. Onlara ingilis dilinin əlifbasını öyrədirdim. Həmin il eyni zamanda başqa siniflərdə də tədris apardım. Təxminən iki il yarım müəllim kimi çalışdıqdan sonra, 2017-ci ilin dekabr ayında direktor təyin edildim.
 
- 25 yaşınızda direktor təyin edilibsiniz. Gürcüstanda direktor olmaq üçün hansı prosesdən keçdiniz?
- Mən müəllimlik vəzifəmi 3 saylı məktəbdə yerinə yetirdiyim müddətdə, doğulub, böyüdüyüm Qardabani rayonu Qaracalar kənd məktəbinin direktor vəzifəsində heç kim yox idi. Mənə təklif gəldi, bildirdilər ki, bu məktəbdə bizə gələcək nəsillərin inkişafına, təhsil almasına dayaq olacaq gənc direktor axtarırıq. Məsuliyyətin böyüklüyünə baxmayaraq, boyun qaçırmadım, bu balaca cüssəmlə yükün altına girdim, Təhsil Nazirliyinin keçirdiyi müsahibə əsasında direktor təyin edildim. Bu gün əlimdən gəldiyi qədər məktəbin inkişafı üç çalışıram.
 
- Əvvəllər direktor olmaq arzunuz, istəyiniz var idi?
- Müəllimliyə gəlmək kimi uzunmüddətli bir arzum, istəyim olmadığı kimi, direktorluqla bağlı da xüsusi iddiam yox idi. Sadəcə tale elə gətirdi ki, müəllim oldum, sonra da direktor.
 
- Sizcə, direktor olmaq istəyən müəllimdə hansı xüsusiyyətlər olmalıdır?
- Direktor olmaq istəyən müəllim vəzifəpərəst olmamalıdır. Bu, mənə, görə ilk şərtdir. Bu, həmin şəxslərin ən güclü tərəfləri olacaq, vəzifəyə maddi tərəfdən baxmayacaqlar. Şagirdlərin inkişafı və gələcəkləri üçün əlindən gələni edə biləcək liderlik xüsusiyyətlərinə sahib olmalıdırlar. Çünki idarəetmədə bu, önəmli paya malikdir.
 
- 2 ildir direktorsunuz. Bu müddətdə məktəbdə idarəetmə ilə bağlı nələri təkmilləşdiribsiniz?
- Məktəbin idarəetməsi ilə bağlı məktəb-şagird-valideyn üçlüyünün birliyi mənim üçün əsas məqamdır. Günümüzdə şagirdlərə yönəlik tələbatlar fərqlidir. Sovet dövründəki kimi uşağı vurmaq və s. kimi metodlar bu gün tətbiq olunmur. O yanaşmanı doğru da hesab etmirəm. Döyməklə problem həll olunmur. Lakin şagirdi, onun psixologiyasını ələ almaq, onları düzgün yönləndirmədə üçlüyün əlaqəsini daha çox inkişaf etdirməyə çalışıram. Məktəb-şagird-valideyn əməkdaşlığı şagirdin inkişafına daha çox təsir edir.
 
 
- Müəllimlik daha çox zövqlüdür, yoxsa direktorluq?
- Mən ilk olaraq hər sahənin özünə görə məsuliyyəti məsələsini vurğulayardım. Lakin məsələ zövqə gələndə, hansı sahə olursa-olsun, çəkdiyin əməyin bəhrəsini görməkdən böyük zövq yoxdur. Gördüyüm iş insanlığa töhfə verirsə, onun mənəvi zövqü mənim üçün daha çox olur.
 
- Bəzən gənc yaşlarında birinə bu cür məsuliyyətli vəzifə tapşırılanda, bacarmayacağını, təcrübəsiz olduğunu deyənlərə də rast gəlinir. Sizinlə bağlı belə fikirlər səsləndirənlər oldumu?
- Xeyr, şəxs olaraq heç kim mənə bacara bilməyəcəyim barədə bir fikir səsləndirməyib. Ancaq mən özüm məsuliyyətin ağırlığını görürdüm və onu üzərimdə hiss edirdim.
 
- Şəhər deyil, kənd məktəbində direktor olmaq, məncə, bir az fərqlidir. O mənada ki, kənd əhli, valideynlərlə çox yaxın ünsiyyətdə olursan. Sizdə vəziyyət bu cürdür?
- Bəli, qeyd etdiyiniz kimi, kənd şəhərə nisbətən balacadır və hər kəs bir-birini tanıyır, istər-istəməz, ünsiyyət daha asan olur. Bu mənada şəhər məktəblərinə nisbətən, kənddə valideynlərlə daha asan əlaqə saxlaya bilirik. Ünsiyyətin bu forması şagirdin güclü və zəif tərəfləri ilə bağlı valideynləri daim məlumatlandırmağımız üçün çox yaxşı təsir edir. Bu da ümumi işin keyfiyyətinə təsir göstərmiş olur.
 
- Hər müəllimin özünəməxsus bir öyrətmə üsulu ola bilir. Bəs direktorlarla bağlı bunu deyə bilirikmi?
- Bəli, müəllimin özünəməxsus öyrətmə üsulu olduğu kimi, hər direktorun da özünəməxsus bir idarəetmə tərzi, üsulu var. Yəni ümumi qanunlar altında hər məktəbin tərtib etdiyi öz daxili qanun və idarəetməsi olur. Bunu formalaşdırmaq da direktordan asılıdır.
 
- Rektorla ünsiyyət əlçatan olanda, bu, universitet tələbələrinə daha xoş gəlir. Məktəbdə necədir, şagirdlərlə direktor olaraq münasibəti necə qurursunuz?
- Qeyd etdiyiniz kimi, tələbənin rektorla ünsiyyətində, bu, onlara daha xoş gəlir. Həmin mövzu məktəbdə də elədir. Lakin burda yaş amili də nəzərə alınmalıdır. Məktəb şagirdləri, universitet tələbələrinə nisbətən azyaşlı olduqlarına görə, onlara ölçülü yanaşmaq, bəlli çərçivə daxilində ünsiyyətdə olmaqda fayda var. Eyni zamanda mən daim şagirdlərin fikirlərini dinləyir, aldığımız qərarlara onların düşüncələrini daxil etməyə çalışıram. Şagirdlər istədikləri zaman öz sinif rəhbərlərinin məlumatı əsasında mənimlə görüşüb fikirlərini, istəklərini bildirirlər. Bu, həm də onlara fikirlərinin, atdıqları addımların bizim nəzərimizdə böyük olduğunu göstərir və stimul verir.
 
 
- Özünüzdən yaşca böyük müəllimlərlə işləməklə bağlı hər hansı bir problemlə üzləşibsiniz?
- Düşünürəm ki, ünsiyyət qurmaq məsələsi yaşa, vəzifəyə deyil, şəxsiyyətə, onun xarakterinə bağlı olan mövzudur. Bununla bağlı kollektivimizə dərin təşəkkürümü bildirirəm. Mənim yaşımdan çox təcrübəsi olan müəllimlər, yaş fərqinə baxmayaraq, daim mənə dəstək olmağa çalışırlar, məktəbdə inkişaf olması üçün əllərindən gələni edirlər. Ümumiyyətlə, bizim məktəbdə yaşlı müəllimlərlə gənc kadrların həmrəyliyi var. Yaşlı müəllimlərimiz öz təcrübələrini gənclərlə paylaşırlar, gənc müəllimlərimiz də müasir elmi texnologiyalardan istifadədə qarşı tərəfə əllərindən gələn köməkliyi göstərirlər, bir-birlərinə dəstək olurlar.
 
- Məktəbdə ümumi nəticə haqqında da məlumat verərdiniz. Məktəbi bitirənlərin neçə faizi bu il universitetə qəbul oldu?
- 2018-2019-cu tədris ilində məktəbimizdə 17 şagird məzun oldu. Onlardan biri xaricdə təhsil haqqı qazandı. Digər 16 nəfərdən 15-i paytaxt Tbilisi şəhərindəki ali məktəblərə qəbul oldu. Həmin şagirdlərdən biri qız, digəri oğlan olmaqla, ikisi məktəbi qızıl medalla bitirdi. 4 nəfər isə ödənişsiz təhsil haqqı qazandılar.
 
 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR