2019-cu ildə “Boeing” şirkətinin xalis zərəri 636 milyon dollar təşkil edib
2019-cu ildə Amerikanın “Boeing” şirkətinin xalis zərəri 636 milyon dollar təşkil edib. 2018-ci ildə isə şirkətin gəliri 10,46 milyard dollar olub.
“Report” xəbər verir ki, bunu şirkətin baş direktoru Devid Kelhun ötən ilin hesabatını açıqlayan zaman deyib. Hesabata görə, ötən il şirkətin illik gəliri 76,559 milyard dollar olub ki, bu da 2018-ci illə müqayisədə 24 faiz az deməkdir.
Belə ki, 2018-ci ildə şirkət satışlardan 101,127 milyard dollar gəlir əldə etmişdi.
Bundan başqa şirkətin əməliyyat itkisi keçən il 1,975 milyard dollara çatıb. Lakin, 2018-ci ildə şirkətin gəlirləri xərcləri 11,987 milyard dolları üstələmişdi.
Eyni zamanda, 5.4 mindən çox sərnişin təyyarəsi də daxil olmaqla yerinə yetirilməyən sifarişlərin portfeli 463 milyard dollardır.
Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında “Boeing 737 Max” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, 2019-cu ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olmuşdu.
Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoymuş, bir çox hava şirkətləri də onların istismarını dayandırmışdı. Araşdırmalar zamanı Manevretmə Xarakteristikaları Artırma Sisteminin (MCAS) fəaliyyətində qüsurlar aşkar edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət