14 Yanvar 1982-ci il – ŞUŞA 36 il öncə...
36 il öncə, 1982-ci ilin yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. Təntənəli açılış mərasimində Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK-nın Siyasi bürosuna üzvlüyə namizəd Heydər Əliyev, Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Heydər Əliyev geniş nitq söyləyib, Vaqif türbəsinin açılışının əhəmiyyətindən danışıb.
Modern.az saytı həmin tarixi günlə bağlı yazını təqdim edir.
Qeyd etmək lazımdır ki, erməni millətçiləri zaman-zaman Dağlıq Qarabağın, eləcə də Şuşanın milli simasını dəyişmək üçün bütün vasitələrə əl atıblar. Bu məsələ ilə bağlı yazıçı Anarın Şuşa ilə bağlı xatirələrində ciddi məqamlara rast gəlinir:
“...Yadımdadır, 1952-ci ildə mən Şuşaya getmişdim. Bizi çox ağrıtdı ki, Şuşanın girəcəyində erməni qızının simvolik heykəli qoyulmuşdu. Şuşanın mərkəzində isə Nelson Stepanyanın heykəli var idi. Şuşada bir dənə də azərbaycanlı heykəli yox idi. Şuşa yavaş-yavaş Azərbaycan simasını itirməkdə idi. Heydər Əliyevin Azərbaycana o vaxt rəhbərlik etdiyi dövrdə Şuşada Üzeyir Hacıbəyovun heykəli qoyuldu, muzeyi açıldı, Natəvanın, Bülbülün heykəlləri qoyuldu, nəhayət, Şuşada Vaqifin böyük məqbərəsi ucaldıldı. Bütün bunlar Şuşanın simasını Azərbaycan şəhəri kimi dəyişdi. Böyük insanlar yetişmiş Şuşada Nəvvabın məzarı bərpa olundu...”.
Heydər Əliyev hələ dövlət təhlükəsizlik orqanlarında xidmət edərkən Dağlıq Qarabağda erməni millətçilərinin murdar əməllərindən xəbərdar olub. O, həmin dövrdə DQMV Partiya Komitəsinin 1-ci katibi Melkumyanın millətçi ermənilərə dəstək olduğunu da bilib.
Nəhayət, 1969-ci ildə Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsinə seçiləndə süni surətdə erməniləşən Dağlıq Qarabağda bütün sahələrdə olduğu kimi ədəbiyyat və mədəniyyət sahəsində də ciddi dəyişikliklərə nail olub.
Heydər Əliyev sonralar Şuşa haqqında xatirələrini söyləyəndə Vaqif türbəsi haqqında da fikirlərini söyləyib:
“...Şuşanın bizim qədim şəhər olduğunu mən həmişə diqqət mərkəzində saxlamış və daim qayğı göstərmişəm. Mən 1967-ci ildə DTK-nın sədri olarkən, ermənilər tərəfindən Ərşad müəllimin yandırılması ilə əlaqədar Şuşaya gələndə ilk dəfə Vaqifin qəbrini ziyarət etdim. Elə o zaman fikirləşdim ki, şairin məzarı özünə qətiyyən yaraşmır. Və respublikanın rəhbəri olarkən orada həmin türbənin tikilməsinə göstəriş verdim...”.
Məqbərinin tikintisi 1977-ci ildə başlanıb, 1982-ci ilin yanvar ayında yekunlaşıb.
Vaqif türbəsi AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əmkdar memar, memarlıq namizədi E.İ.Kanukovun layihəsi əsasında tikilib. Türbə Şuşanın Cənub-Qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılıb.
Yüksək professional səviyyədə tikilmiş Vaqif türbəsi Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirən abidələrdən biri olub.
Erməni silahlı qüvvələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra məqbərəyə ciddi zərər dəyib və o, hal-hazırda dağılmış vəziyyətdədir.
Müəllif: İlham Cəmiloğlu
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət