Slimfit
  1. MEDİA

101 yaşlı cərrah: Şam işığında əməliyyat etmişəm

101 yaşlı cərrah: Şam işığında əməliyyat etmişəm
Sakura

101 yaşlı cərrah: Şam işığında əməliyyat etmişəm

Xalqımız tarixən həkimlik sənətinə hörmət bəsləyib, həkimləri isə müqəddəs bir şəxs kimi tanıyıb. Hətta bəzi bölgələrdə həkimləri “el atası” da adlandırıblar. Təbii ki, söhbət sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərdən gedir.

Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları var. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir.

İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda, onun həyata keçirdiyi bütün müalicə tədbirləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitə hesab olunur.

Bütün bu sadalanan müsbət keyfiyyətlər bugünkü müsahibim, respublikanın ikinci dərəcəli peşəkar cərrahı, travmatoloq, “Əməkdar həkim” fəxri adına layiq görülən Həsənağa Əliyevdə öz əksini tapır.

Oxu.Az Azərbaycanın 101 yaşlı ən qocaman həkim-cərrahı, travmatoloq Həsənağa Əliyevlə müsahibəni təqdim edir:

- Yaxşı olar ki, söhbətə elə tanışlıqdan başlayaq. Həsənağa müəllim bir az sizi tanıyaq.

- 1918-ci il may ayının 5-də Neftçala rayonunda ziyalı ailəsində anadan olmuşam. 1936-cı ildə orta məktəbi rayonumuzda bitirib, 1939-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşam.

1947-ci ildə universiteti bitirdikdən sonra Neftçala xəstəxanasında həkim kimi fəaliyyət göstərmişəm. Daha sonra Salyanda, eləcə də, Bakıda bir çox xəstəxanalarda həkim-cərrah kimi işləmişəm.101 yaşım var, ömrümü insanların sağlamlığına həsr etmişəm.

- Niyə həkim olmağı seçdiniz?

- İnsanlara yardım etməyi sevirdim. Bir insana ən yaxşı yardım etməyin yolu isə onun sağlamlığının keşiyində dayanmaqdır.

- Müəllimləriniz kim olub?

- Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindən olan ilk azərbaycanlı alim-cərrah Mirəsədulla Mirqasımov, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri Mustafa Topçubaşov kimi insanlar mənim müəllimlərim olub. M.Topçubaşovun oğlu mənim qrup yoldaşım idi. Çoxunun adını unutmuşam, yaddaşım çox zəifləyib.

- Bildiyimiz qədərilə, Səhiyyə Nazirliyində şöbə müdiri kimi çalışmısınız.

- Bəli, çalışmışam. Respublikanın ikinci dərəcəli Əməkdar cərrahıyam. Yaşımdan çox cərrahi əməliyyatlar keçirmişəm. Fəaliyyətim illərində xəstələrə maksimum dərəcədə xidmət göstərməyə çalışmışam. Yeddi dəfə Moskvada ali dərəcəli həkimlərlə təlimlərdə olmuşam. Həm travmatoloq kimi çalışmışam, həm bir çox bölgələrdə baş həkim kimi fəaliyyət göstərmişəm.

- Neçə yaşınıza qədər həkim kimi fəaliyyətinizi davam etdirmisiniz?

- 1997-ci ildə öz xahişimlə işdən ayrılmışam. Vəziyyətimlə əlaqədar işimi dayandırsam da, mənə inanan, etibar edən insanlara yardım etməyə davam edirdim. Amma rəsmi olaraq dediyim tarixdən ərizə yazıb işdən ayrılmışam.

- 101 yaşınız var. Demək olar, hər cür şikayətlə rastlaşmısınız. Həkim kimi yadınızda qalan ən maraqlı hadisəni bizimlə bölüşə bilərsinizmi?

- O qədər xəstələr qəbul etmişəm, sayını itirdiyim cərrahi əməliyyatlar aparmışam. Fəaliyyətim illərimdə ölüm faktı yaşamamışam, bu, məni çox sevindirir. Ən maraqlı hadisəni xatırlaya bilmirəm, gərək üzrlü sayasınız.

Gerçəkləşdirdiyim bütün əməliyyatlar Səhiyyə Nazirliyinin arxivində qalırdı. Sonradan bilmədim, necə oldu. Mən ömür boyu xəstələr üçün çalışmışam. Gecələr səhərə kimi xəstələrin yanında qalırdım ki, təyin olunan müalicə düzgün aparılsın. Bu yaşa çatmışam, sağ olsunlar, həmkarlar gəlib yad edir.

- Neçə övladınız var?

- Üç övladım var - iki oğlum və bir qızım. Qızım Bakıda həkim olaraq çalışır. Böyük oğlum müstəntiqdir, kiçik oğlum isə kənd təsərrüfatı sahəsində çalışır.

- Tanınmış insanlardan yadınızda qalan kimlərin həkimi olmusunuz?

- Aktrisa Gülşən Qurbanovanı, onun atasını müalicə etmişəm. O vaxt Salyanda çalışanda eyvandan yıxılmışdı, onu əməliyyat etmişdim. Adlarını xatırlamıram, amma aktyorları, tanınmış ictimai xadimləri müalicə etmişəm.

- Həyata keçirdiyiniz ən ağır əməliyyat neçə saat davam edib?

- Vaxt olub ki, əməliyyat zamanı işıqlar kəsilib. Rayon yeri, qış günü şam işığında əməliyyatı davam etdirmişəm. İmkan verməmişəm ki, heç kim müdaxilə etsin. Dizimi quru yerə qoyub, səhərə qədər xəstənin baş ucunda gözləmişəm ki, infeksiya düşməsin, vəziyyəti pisləşməsin. İndiki kimi şəraitimiz olmayıb.

- Gənc həkimlərə nə tövsiyə edərdiniz?

- Həkim olmaq üçün ürəkli olmaq lazımdır. Bütün sahələrdə pul qazanmaq olar. Pul qazanmaq üçün həkim olmasınlar, insanlara həyatı qazandırmaq üçün vicdanla çalışa biləcəklərsə, bu ixtisası seçsinlər. 101 yaşım var, bu gün də müalicə etdiyim insanlar, həmkarlar rayona gələndə məni yada salır. Bu, mənim üçün çox qiymətlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR