Zərif Bakıdan səsləndi: ABŞ-ı buna məcbur edək
İranın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktordur.
Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin XVIII zirvə toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə çıxışı zamanı bildirib.
Zərif ABŞ-ın yürütdüyü iqtisadi müharibə, iqtisadi terrorizmin sadə iranlılara qarşı yönəldiyini deyib:
“Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”.
Cavad Zərif bildirib ki, Birləşmiş Ştatların Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur:
“Nəticədə milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət