Zelenski ABŞ-ın oyununa məcbur edildi: Kimi seçəcək?
ABŞ-da prezident seçkisi yaxınlaşdıqca siyasi səhnədə tərəflər arasında münasibətlər də gərginləşir. Gərginlik təkcə ABŞ-ın daxili siyasətinə yox, həm də bir sıra xarici ölkələrə birbaşa təsir göstərir. Belə ki, dünyanın birinci gücünün daxilində başlayan qarşıdurma xüsusilə Ukrayna ilə bağlı situasiyanı kəskinləşdirir.
Bir müddət öncə “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən ABŞ Prezidenti Donald Trampın Kiyevə verilməli olan hərbi yardımın təxirə salınması haqqında məlumat yaydı. Trampın 400 milyon dollarlıq hərbi yardımın ayrılmasını dayandırmasına əsas bəhanə kimi Ukrayna hakimiyyətində korrupsiya meyilləri göstərildi. Maraqlı məqam odur ki, qalmaqallı qərarlar müəllifi olan Tramp bu addımı Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından bir həftə öncə atdı. Üstəlik, ABŞ liderinin Zelenskidən gələn il baş tutacaq prezident seçkisində hələlik ən böyük rəqibi sayılan keçmiş vitse-prezident Cozef Baydenin oğlu ilə bağlı vaxtilə Ukrayna Baş Prokurorluğunun başlatdığı cinayət işini yenidən gündəmə gətirməsini istəməsi xəbəri gündəmdədir.
Trampın indiki halda Zelenskidən belə bir istəyinin olması müəyyən mənada başadüşüləndir. Lakin əsas məsələ Trampın bu istəyi yox, Zelenskinin bu istəyə nə cavab verəcəyidir. Hər bir halda Zelenskinin atacağı hər addım təkcə onun siyasi taleyini deyil, həm də Ukraynanın gələcək vəziyyətini həll etmiş olacaq. Onsuz da Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna ilə bağlı siyasətdə Obama administrasiyası qədər aktiv deyil. ABŞ lideri Obamadan fərqli olaraq, Rusiyanı sıxışdırmaq yerinə onunla sərfəli formada yaxınlaşmaq xəttini müdafiə edir. Ağ Ev sahibinin fikrincə, Moskvaya indiyə qədər ən sərt sanksiyaları tətbiq edib və Kremli elə bir vəziyyətə salıb ki, indi onu ABŞ-ın istədiyi şərtlərlə kimlərəsə qarşı strateji tərəfdaş kimi istifadə etmək olar. Digər tərəfdən, Tramp hətta ABŞ-ın əl-qolunu müəyyən qədər bağlayan yaxın və orta mənzilli raketlərlə bağlı razılaşmanı ləğv edərək, Rusiyanın ətrafına raketlər yerləşdirib ki, bu da Moskvanı həddən çox narahat edir. “Kimlərəsə qarşı” birləşmək ifadəsinə gəldikdə isə bunun altında ABŞ üçün Çin dayanır. Vaşinqton Pekini təhdid olaraq təkcə özünün yox, həm də Moskvanın da gördüyünü və Kremlin illərdir təsiri altında saxladığı Çinin güclü alternativ olaraq meydana çıxmasını qəbul etmək istəmədiyini bilir. Bütün bunlar Trampa əsas verir ki, Kreml sahibi ilə masaya otura bilsin.
Kiyev bunları nəzərə alaraq, mümkün olduqca ABŞ siyasətində daha ehtiyatlı davranmağa çalışır. Ukrayna bilir ki, Vaşinqton Trampın nə qərar verəcəyindən asılı olmayaraq, ondan tam imtina etməyəcək, amma Kiyevi qorxudan məsələ həm də Donbas böhranının dünyanın gündəmindəki ön pillərdə olan yerini itirəcəyidir. Bunun üçün də Kiyev mövcud problemlərin aktuallığının itirilməməsinə və ümumiyyətlə, Rusiya qarşısında təklənməməyə cəhd edir.
Zelenskini Ukraynada “prezident edənlər” də bunu gözəl bilirlər və mümkün olduqca ABŞ-la aralarında yaranan seçim böhranını səssiz formada müşahidə etməklə kifayətlənirlər.
“Atlas” Araşdırmalar Mərkəzi də Axar.az-a təqdim etdiyi təhlilində yaranan böhrana geniş aspektdən yanaşaraq, Kiyevin demokratlarla respublikaçılar arasında yaranan konfliktdə tərəf olub, əzilmək istəmədiyini vurğulayıb:
“Cozef Bayden gələcək prezident seçkisində Demokratlar Partiyasından Trampa rəqib olmaq istəyir. Tramp da indidən Ukraynadakı korrupsiya qalmaqalından Baydenə qarşı istifadə etmək istəyir. Həm Bayden, həm də Demokratlar Partiyası bunun ABŞ qanunlarına zidd olduğunu bəyan edir və Trampa qarşı impiçment proseduruna başladılmasını zəruri sayırlar. Tramp rəqiblərinin iddialarını əsasız sayır. Buna baxmayaraq, Tramp Ukraynaya yardımı kəsmək qərarı verib. Demokratlar şübhələnirlər ki, bu yolla Tramp Zelenskini şantaj edir. Yəni Baydenlə bağlı Ukraynada cinayət işi başlamasa, Ukraynaya yardım edilməyəcək.
Hər bir halda haqqında danışılan olaylara dəxli olmayan Ukraynanın hazırki Prezidenti Vladimir Zelenski ağır duruma sürüklənib. O, hazırda ABŞ-da BMT Baş Assambelyasındadır və onun Donald Trampla da görüşü nəzərdə tutulub. Ona həm Ağ Evdən, həm də Trampın rəqibləri Demokratlar Partiyasından təzyiq var. Zelenski desə ki, Tramp telefonda ona təzyiq edib, Ağ Ev sahibinin işini çətinləşdirəcək, Demokratlar Partiyasının əlinə güclü arqument verəcək. Əksinə, Zelenski Trampın istədiyi kimi Baydenin oğluna qarşı cinayət işinin detallarını açıqlasa, onda Demokratlar Partiyasının namizədinin mövqelərini zəiflədərək, Ağ Ev sahibinin əlinə oynayacaq. Çətin seçimdir. Zelenski istəmədən ABŞ-ın daxili mübarizənin əsas oyunçusuna çevrilib. Rusiyalı jurnalistlərdən birinin “Tramp telefonda Baydenin işi ilə bağlı sizə təzyiq edib?” sualına Zelenskinin cavabı qısa olub. Zelenski deyib ki, Ukrayna prezidentinə heç kim təzyiq edə bilməz.
Ancaq bu hələ son deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət