Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Zehni potensialın inkişaf etdirilməsi – Psixoloji güc

Zehni potensialın inkişaf etdirilməsi – Psixoloji güc
Sakura

Zehni potensialın inkişaf etdirilməsi – Psixoloji güc

İnsan beyni orqanizmin ən vacib üzvlərindən biridir. Dünya alimləri uzun illərdir beynin sistematik fəaliyyəti ilə əlaqədar araşdırmalar aparsalar da, beynin necə işlədiyi sirrini aça bilməyiblər. Beyni sağlam saxlamaq bizi daha uğurlu bir insan edər. Gün ərzində etdiyimiz bəzi vərdişlər həyatımıza mənfi, yaxud da müsbət, dolayısıyla da zəkamıza təsir edir. 
Alimlərin apardığı tədqiqatlara görə, çox miqdarda şəkər qəbul etmək beynin neyron yaradan hissəsinə mənfi təsir edir. Bu isə insanın uzun müddətli yaddaş və öyrənmə qabiliyyətini azaltmış olur. Neurology jurnalında dərc olunan bir araşdırmaya görə qanında şəkər səviyyəsi yüksək olan adamlarda yaddaş problemlərinə daha çox rast gəlinir. Beynin ən məhsuldar olduğu dövr 16-25 yaş arasıdır. Bu müddətdə məhsuldarlıq daha da artır və yaş irəlilədikcə aşağı düşür. Buna baxmayaraq, mütəmadi beyin idmanları etmək onun gücünü artırır. Burada qida da önəmli faktordur. Özəlliklə uşaqlarda. Səhər yeməyini müntəzəm şəkildə yeyən uşaqlar məktəbdə daha bacarıqlı və fəal olurlar. Səhər yeməyini yeməmək qanın qlükoza səviyyəsini salır, bu da öz növbəsində beyin funksiyalarına təsir edir. Səhər yeməyi nə qədər xeyirlidirsə, "fast food" qidaları beynin inkişafı üçün bir o qədər zərərlidir. Belə ki, həddindən artıq "fast food" yemək beyin hüceyrələri arasındakı əlaqənin zəifləməsinə səbəb olur. Bundan əlavə dondurma da daxil olmaqla, bəzi soyuq qidalar ani baş ağrısı yaradır.

Artıq çəkidən xilas olmaq üçün davamlı və ciddi pəhrizlər beynə zərər vurur. Buna görə də doğru qidalanmaq beyin üçün çox faydalıdır.

Mütəxəssiz araşdırmalarına görə, qidalarla yanaşı elektron cihazlar da beynin fəaliyyətinə əngəllər törədir. Belə cihazlar arasında mobil telefonlar ilk pillədədir. Həkimlər məsləhət görür ki, telefonla danışmaq üçün qulaqcıqlardan istifadə edin. Həmçinin axşam yatarkən telefonunuzu yastığınıza yaxın yerə qoymayın. Eyni anda kompüter, telefon və başqa alətlərdən istifadə beynin ciddi nisbətdə kiçilməsinə səbəb ola bilir. Alimlər qadjetlərdən istifadənin uşaqların zehni inkişaf prosesinə mənfi təsir göstərdiyini müəyyən edib. Eksperimentdə 9-10 yaşlarında məktəblilər iştirak edib. Alimlər xüsusilə kompüter oyunları və internetin uşaqlarda beynin inkişafını ləngitdiyini ortaya çıxarıb.

Eksperiment aparan ABŞ Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bunun üçün 4 min 400-ə yaxın uşağı müayinədən keçirib.

Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticələri kəllə-beyin qabığının (daxil olan siqnallara reaksiya verən və intellektual inkişafa cavab verən ən həssas beyin hissəsi) nazikləşdiyini təsdiqləyib.

Uşaq kompüter oyunları oynadıqda, onda izafi dərəcədə "dofamin" - həzz hormonu ifraz olunur. Qanda dofaminin miqdarının artması psixi və fiziki pozuntulara yol aça bilər.

Yeni tədqiqat göstərir ki, mühazirə otağında telefonların olması qiymətləndirməni aşağı sala bilər. Alimlər müəyyən edib ki, dərslərdə telefon və noutbuklardan istifadəyə icazə verildikdə, yekun imtahanlarda tələbələr beş faiz daha aşağı nəticə göstərir.

Nə qədər qəribə qarşılansa da yatdığımız zaman başımızı yorğanla örtmək də bədənimizə gedəcək oksigeni azaldır. Bu da beynimizin oksigensiz qalmasına səbəb olur. Yetərsiz yuxu düşünmə qabiliyyəti üzərində ciddi bir dağıdıcı təsir yaradır. Yuxusuz qalan bir beynin qısamüddətli və uzunmüddətli yaddaş üçün daha çox çalışması lazımdır. Sudan az istifadə edilməsi insan orqanizmi üçün böyük təhlükə daşıyır. Su lazımlı maddələrin beyinə çatdırılmasını da təmin edir. Su əskikliyi olmadıqda beyin daha effektiv işləyir. Tədqiqatlara görə sudan çox istifadə edilməsi nə qədər məqsədyönlüdürsə, spirtli içkilər beynin sağlam fəaliyyəti üçün bir o qədər zərərlidir. Spirtli içkilər beyin hüceyrələri arasındakı əlaqəni sürətli bir şəkildə məhv edir. Zərərli vərdişlərə diqqət yetirsək siqaret çəkmək də beynin düşünmə funksiyasını yerinə yetirən əqli qabiliyyətə mənfi təsir göstərir. Lakin sadəcə zərərli vərdişlərdən uzaq olmaqla beyni sağlam saxlamaq mümkün deyil. Beynin inkişafı üçün sistemli şəkildə hərəkətə ehtiyacı var. Fiziki hərəkət beyinə faydalıdır. Belə ki, o uzun müddətli yaddaşı gücləndirir. Fiziki tükənmişlik zehni performansa mənfi təsir edir. Aparılan bir araşdırmaya görə, beynin planlaşdırma və nəzarət mərkəzi olan prefrontal korteks (qabıq), fiziki və zehni fəaliyyət əsnasında ayrılır. Bu da fiziki və zehni vəzifələrin, beynin yorulmasına necə təsir etdiyini göstərir.

Türk psixoloqların fikrinə görə isə, beyin üçün gündəlik idmanlar sizin diqqətinizi və analitik düşünmə qabiliyyətinizi artıracaq. Belə ki, dişlərinizi təmizləyərkən sağ əlinizdən deyil, sol əlinizdən istifadə edin. Rəsm çəkərkən də, passiv olan əlinizdən istifadə edin. Tərcüməsini bilmədiyiniz xarici filmləri, altyazılı izləmək beynin fəaliyyətinə yaxşı təsir edir. Nə qədər qəribə görünsə də psixoloqlar hər  hansı bir yerə gedərkən həmişə eyni yoldan istifadə etməyi məsləhət görmürlər. Mənzil başına çatmaq üçün müxtəlif yollardan istifadə edin. Bu beynin faəliyyətinə daha yaxşı təsir edir.

İntellektual oyunlar beynin sağlam fəaliyyətində açar rolunu oynayır. Çünki bu oyunlar insanın məntiqinin və strateji düşünməsinin inkişafına şərait yaradır. Bura şahmat, domino və s. aid ola bilər. Belə ki, bu oyunları oynayarkən beyin 10% daha sürətli düşünəcək. Psixoloqlar məsləhət görür ki, bu oyunları həftədə 2-3 dəfə oynamaq və oyunların çətinlik səviyyəsini gün keçdikcə daha da artırmaq lazımdır. Bu fəaliyyətə mütaliə etməyi də əlavə edə bilərsiniz. Kitab oxumaq analitik düşüncəni, söz bazasını 15% artırır. Bu siyahıya dünya ədəbiyyatı, işlərinizlə əlaqədar olan kitablar və övladlarınız üçün digər uşaq kitablarını əlavə edə bilərsiniz.

Zehni potensialı yüksəltmək üçün fiziki idman çox əhəmiyyətlidir. Gündəlik idman etmək bədəndə qan dövranını tənzimləyir və beyni oksigenlə daha rahat təmin edir. Bunun üçün hər 2-3 gündə bir 20 dəqiqə idman etmək kifayətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR