Slimfit
  1. AZƏRBAYCAN

Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var

Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var
Sakura

Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var

Zaqatala rayonunun Qanıx (Alazan) çayı vadisində yerləşən kəndləri iri ağcaqanadların və digər həşəratların hücumuna məruz qalıb. Bu il yazın əvvəllərində çayın daşması nəticəsində əmələ gələn bataqlıqlar həşəratların sürətlə çoxalması üçün əlverişli şərait yaratdığından, isti yay aylarında çay hövzəsi kəndlərdə yaşamaq müşkülə çevrilib. Qanıx sahilində yerləşən Kəpənəkçi, Mosul, Aşağı Çardaxlar  və digər kəndlərin sakinləri evlərində rahat yaşaya bilmədiklərindən yay aylarında hətta öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına Qanıx vadisində yaşayan sakinlər müraciət ediblər. Şikayətçilər deyirlər ki, daşqınlardan sonra çayın Gürcüstan ərazisindəki kəndlərdən keçən hissəsi ətrafında  dezinfeksiya işləri aparılıb. Amma Azərbaycan tərəfdə daşqın nəticəsində yaranan bataqlıqlar dərmanlanmır və nəticədə qansoran, eyni zamanda malyariya və digər təhlükəli xəstəliklərin daşıyıcıları olan həşəratlar bulud topaları kimi kəndlər üzərində uçuşur.

Rayonun Faldarlı bələdiyyəsinin sədri Sərdar Yusubov da vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Onun sözlərinə görə, aidiyyati orqanlara problemlə bağlı müraciət olunsa da, lakin heç bir tədbir görməyiblər. 

Doğrudan da bu il ağcaqanad əlindən dayanmaq mümkün deyil. Əvvəllər də olurdu, bu il isə ümumiyyətlə çoxdur. Həm barama, həm də bal arısı saxlandığına görə kəndləri dərmanlaya bilmədilər. Dedilər gözləyin, dezinfeksiya işləri aparılacaq. İndi həm barama, həm bal mövsümü başa çatmaq üzrədir, yəqin ki, bundan sonra dərmanlama işləri aparılacaq”,-bələdiyyə sədri belə ümid edir.

Kəpənəkçi bələdiyyəsinin sədri Xuraman Şabanova isə bildirir ki, ağcaqanad və digər həşəratlar rayonun Qanıx vadisində yerləşən ərazilərində daha çox yayılıb. Orada isə yaşayış yoxdur, yalnız kəndlilərə məxsus təsərrüfatlar yerləşir.

“Barama və arılar yetişdirilən ərazilərdə ağcaqanad yayılıb. Sırf ağcaqanadların çox olduğu ərazidə insanlar yaşamır. Orada fermalar, digər təsərrüfat obyektləri var. Hər il ağcaqanad və digər həşəratlar olurdu, dərman vururdular. Amma bu il baramalar hələ təhvil verilməyib, ona görə dezinfeksiya tədbirləri görə bilmirlər. Mütəxəssislər belə izah edirlər ki, dərman vurulsa, həşəratlar da qırılacaq, barama və arılar da məhv olacaq, insanların təsərrüfatlarına külli miqdarda ziyan dəyəcək. Çünki hamı 5-10 qəpiyin dalınca düşüb, əziyyətlərinin bəhrəsini görmək istəyir”,-Şabanova deyir.

X. Şabanova kəndlərin ağcaqanadların yayılması səbəbindən boşalması ilə bağlı deyilənlərlə razılaşmır: “Burada ağcaqanad var, amma elə narahatlığa səbəb olacaq qədər deyil. Təxminən bir-iki həftə əvvəl çox yayıldı, lakin sonradan düşən güclü istilərdən tələf oldular. Qanıx vadisi, göl ərazisində indi də var, amma orada insanlar yaşamır. Yalnız mal-qara örüşə aparılır. Təhlükəli vəziyyət, malyariya yayılma ehtimalı yoxdur. Kim şikayət edibsə, 5-10 milçəyin xofuna düşüb...”

Problemlə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. 

Zaqatala Gigiyena və epidemiologiya mərkəzindən isə artıq dərmanlama işlərinə başlandığını dedilər. Zaqatala GEM-in direktoru Əlişad Qüdrətoğlu virtualaz.org-a açıqlamasında bildirdi ki, artıq dərmanlama işləri Aşağı Çardaxlar, Uzunqazmalar kəndlərində, meşə massivində, əhalinin həyətyanı sahələrində aparılıb.

“Bizə sakinlərin müraciət etməsinə ehtiyac yoxdur, çünki bizim öz tədbirlər planımız var və ona uyğun dezinfeksiya işlərini ardıcıl həyata keçiririk. Növbəti belə tədbirlər Muğanlı kəndində aparılacaq. Bu kənd də Qanıx vadisində yerləşir. Oradan Kəpənəkçi, Qanqax və Mosul kəndlərinə keçəcəyik”, - o deyib.

Ə. Qüdrətoğlu bildirib ki, bu il ağcaqanad və həşəratların çoxalması Qanıx çayının daşmasından sonra bəzi ərazilərin və meşə massivlərinin suyun altında qalması ilə bağlıdır. Onun sözlərinə görə, Aşağı Çardaxlı kəndinin yarısı suyun altında qalmışdı, son dövrlər müşahidə olunan kəskin istilərdən sonra su çəkilib.

“18 dərəcə temperatur olanda, gölməçələr əmələ gələndə ağcaqanadların çoxalması üçün münbit şərait yaranır. Digər tərəfdən isə, əhali mal-qaranı meşə ərazilərində otarır, örüşdən qayıdan heyvanlar da özləri ilə kəndə ağcaqanadlar gətirilər. Sovet dövründə təyyarə ilə dərmanlama işləri aparılırdı. Artıq bu üsul qadağan olunub. Doğrudur, Qanıx vadisində bəzi evlərdə arı və barama təsərrüfatları var. Biz onlara dərman vura bilmirdik. Amma hazırda bu tədbirlər həyata keçirilir”,-Ə.Qüdrətoğlu belə deyir.

Qeyd edək ki, Qanıx çayı Kürün ən böyük sol qoludur və  Mingəçevir su anbarına tökülür. Sonuncu dəfə bu ilin may ayında çayda daşqın baş verib, həm Gürcüstan, həm də Azərbaycan tərəfdə xeyli ərazi suyun altında qalıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR