Zakir Həsənov: 'Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir'
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazasında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən inşa edilən bazada HDQ-nin komanda məntəqəsi, qərargah binası, gəmilərin bazalandırılması üçün bütün infrastruktur və kommunikasiya xətləri çəkilib, həmçinin burada xidmət edən hərbi qulluqçu ailələrinin sosial-məişət şəraitinin təmin olunması üçün lazım olan bütün şərait yaradılıb.
Gənc liderlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, hərbi dənizçilərin istifadəsində olan silah-sursatlar, xüsusi istehkam avadanlıqları və vasitələri, sualtı axtarış və müdaxilə üçün istifadə edilən robotlar, gəmidə qəza və yanğın zamanı növbəli şəkildə görülən tədbirlər haqqında geniş məlumat verilib. Eyni zamanda qonaqlar şəxsi heyətin xidməti, sosial-məişət şəraiti ilə yaxından tanış olublar. Gəncləri maraqlandıran suallar hərbi qulluqçular tərəfindən cavablandırılıb.
Sonra tədbir iştirakçıları müasir standartlara cavab verən "N" saylı hərbi hissədə olublar. Burada gənc liderlərə Ordumuzun nümayəndələrinin NATO ilə əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə verdiyi dəyərli töhfələrdən və sülhməramlı əməliyyatlarda fəal iştirakı barədə məlumat verilib. Qeyd edilib ki, bu gün sülhməramlılarımız Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində mühüm vəzifələr yerinə yetirirlər. Şəxsi heyətimizin nümunəvi xidməti və peşəkarlığı NATO komandanlığı tərəfindən daim yüksək qiymətləndirilir.
Gənc liderlər hərbi hissədə yaradılan xidməti və sosial-məişət şəraiti ilə maraqlanıb və şəxsi heyətlə birgə nahar ediblər.
Sonra “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçılarının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü keçirilib.
Görüşdə Müdafiə naziri Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışaraq bildirib ki, Ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.
Gənc liderlər çıxış edərək Vətənimizin daha da qüdrətlənməsi naminə onların qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini, bu yolda əllərindən gələni əsirgəməyəcəklərini vurğulayaraq, görüşün yüksək səviyyədə təşkilinə görə Müdafiə nazirinə minnətdarlıqlarını bildiriblər. İştirakçıları maraqlandıran suallar general-polkovnik Z.Həsənov tərəfindən cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət